“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
— Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycan xalqı bu gün tarixinin ən şanlı səhifələrindən birini — 8 Noyabr Zəfər Gününü böyük qürur və iftixar hissi ilə qeyd edir. Bu gün xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qüdrətinin rəmzidir.
İşğal dövrünün ağır yolları
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” sərsəm ideyasını həyata keçirmək cəhdlərinin nəticəsi idi. Bu işğalçılıq siyasəti nəticəsində kəndlər və şəhərlər dağıdıldı, on minlərlə günahsız insan qətlə yetirildi, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşdü.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi həm insanlara, həm də ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurdu. Bir milyondan çox soydaşımız 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal altında qalan ərazilər tamamilə viran edilərək, şəhər və kəndlərdəki infrastruktur dağıdıldı, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vuruldu.
Ordu quruculuğu və dövlət strategiyası
İşğal illərində ölkəmizin əsas məqsədi torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Prezidentin sözləri ilə: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
Uzun illər ərzində Azərbaycan həm danışıqlar masasında prinsipiallıq nümayiş etdirdi, həm də güclü və müasir ordu yaratdı. Büdcədə hərbi xərclərin artırılması ordunun döyüş qabiliyyətini daha da gücləndirdi. Silahlı Qüvvələrimiz müasir silah-sursat və texnika ilə təchiz edildi, Azərbaycan artıq bir ölkədən asılı olmayan, müstəqil hərbi siyasət yürüdən qüdrətli dövlətə çevrildi.
Azərbaycanda formalaşan hərbi sənaye kompleksi ölkənin müdafiə qüdrətini daha da artırdı. Hazırda ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal olunur — atıcı silahlardan tutmuş pilotsuz uçuş aparatlarına qədər. Azərbaycan bu məhsulları beynəlxalq sərgilərdə nümayiş etdirərək öz hərbi sənayesinin gücünü dünyaya göstərir.
Ermənistandan fərqli olaraq, Azərbaycan regional və qlobal iqtisadi layihələrdə əsas rol oynayaraq regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etdi. Bakı–Tbilisi–Ceyhan, TAP, TANAP, Bakı–Tbilisi–Qars kimi layihələr təkcə xalqımızın deyil, region dövlətlərinin də rifahına xidmət edir. Bu layihələr Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.
Azərbaycan münaqişə dövründə beynəlxalq hüquqa sadiqliyini qorudu və bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi. BMT, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi qurumlar ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etdilər.
1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu isə 29 il ərzində münaqişənin həllinə deyil, onun “dondurulmasına” çalışdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmadı. Lakin Azərbaycan dövləti səbr, prinsipiallıq və ardıcıl siyasət nümayiş etdirdi.
Qələbəyə aparan yol
2020-ci ilin payızında başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biri oldu. Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm tarixi ədaləti bərpa etdi, həm də ölkənin ərazi bütövlüyünü təmin etdi. Bu müddət ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad edildi, strateji yüksəkliklər və şəhərlər geri qaytarıldı, Azərbaycan xalqının uzun illər gözlədiyi azadlıq və qürur hissi gerçəkləşdi.
27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən həyata keçirilən genişmiqyaslı təxribatlarla yeni döyüş mərhələsi başladı. Müxtəlif istiqamətlərdən atəşkəs pozuntuları baş verdi, düşmən qüvvələri Azərbaycanın strateji mövqelərinə hücum etdi, ön xəttdəki hərbi postlar və yaşayış məntəqələri hədəf alındı. Bu vəziyyət qarşısında Azərbaycan Ordusu Ali Baş Komandanlığın verdiyi “İrəli” əmri ilə sistemli və planlı əks-hücum əməliyyatına başladı.
Əks-hücum əməliyyatları yüksək taktiki hazırlıq və dəqiq koordinasiya ilə həyata keçirildi. Ordumuz düşmənin mövqelərini ardıcıl olaraq sıradan çıxardı, strateji yüksəklikləri, kənd və şəhərləri azad etdi, hər bir uğurlu əməliyyat Azərbaycanın qələbəyə daha da yaxınlaşmasını təmin etdi. Müharibə dövründə ordunun yüksək döyüş qabiliyyəti, müasir silah və texnika ilə təchiz olunması, eləcə də hərbi personalın peşəkarlığı və igidliyi mühüm rol oynadı.
Bu döyüşlər həm də xalq-ordu birliyinin əyani nümunəsi oldu. Hər bir vətəndaşın həm maddi, həm də mənəvi dəstəyi ordumuzun ruhunu yüksəldirdi. Qazilərin və əsgərlərin fədakarlığı, şəhidlərin qəhrəmanlığı Azərbaycan Ordusunun hər bir əməliyyatının uğurla nəticələnməsində həlledici rol oynadı.
Beləliklə, 44 gün davam edən əməliyyatlar Azərbaycanın strateji planlaması, peşəkar ordu və xalq birliyi nəticəsində qələbəyə aparan yolu açdı və Azərbaycanın ərazi bütövlüyünün bərpasına imkan yaratdı.
Prezident qeyd edib: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq.”
“Dəmir yumruq” əməliyyatı ilk saatlarından sevindirici xəbərlər gətirdi. 44 gün ərzində ordumuz ardıcıl olaraq yeni yüksəklikləri, kənd və şəhərləri azad etdi. Qəhrəman əsgərlərimizin şücaəti və şəhidlərimizin fədakarlığı nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bəyanata əsasən, Ermənistan mərhələli qaydada bəzi rayonları Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi; bu, ərazi bütövlüyümüzün bərpasında yeni səhifə açdı.
Müharibə dövründə xalq-ordu birliyi, vətənpərvərlik ruhu və könüllü hərbi xidmətə təlabat Azərbaycan cəmiyyətinin möhkəmliyini göstərdi. Yaralı əsgərlərin döyüşə qayıtmaq arzusu və “öldü var, döndü yoxdur” şüarı döyüşlərə atılan hərbçilərimizin yüksək mənəvi keyfiyyətlərini ortaya qoydu.
Prezident vurğulayıb: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır.”
Azərbaycan Ordusunun döyüş taktikaları və əməliyyat təcrübəsi beynəlxalq diqqətə səbəb oldu. Dünyanın aparıcı hərbi təhlil mərkəzlərində və akademik dairələrdə 2020 əməliyyatları öyrənildi.
Diplomatiya və beynəlxalq dəstək
Prezident İlham Əliyev 44 günlük müharibə zamanı 30-dan çox müsahibə verərək Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdı. Bu çıxışlar Azərbaycanın informasiya savaşında çevik və faktlara əsaslanan siyasət yürütməsinə şərait yaratdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı iki qardaş xalqın birliyinin rəmzinə çevrildi. Tarixi Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi.
2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Ardınca sentyabr ayında keçirilən antiterror əməliyyatı ilə Qarabağdakı separatçı qurumun hərbi birləşmələri tərksilah edildi, Azərbaycanın konstitusiya quruluşu bərpa olundu.
Prezident bildirib: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
“15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaldaraq tarixi Qələbəni təsdiqlədik.”
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi
Bakı şəhərində yaradılan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi 44 günlük müharibənin hərbi əməliyyatlarını və işğaldan azad edilmiş ərazilərin bərpasını interaktiv təqdimatlar ilə nümayiş etdirir.
2024-cü il Zəfər Parkı 10 hektarlıq ərazidə Zəfər Tağı, tematik bağçalar, kaskad tipli şəlalələr və Azadlıq Bayrağı Meydanı ilə istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2020-ci ildə Vətən Müharibəsində əldə olunan tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm hüquqi və təşkilati tədbirlər həyata keçirilmişdir. 2020-ci il 26 noyabr tarixində qəbul olunmuş “Vətən Müharibəsində Qələbə münasibətilə orden və medalların təsis edilməsi haqqında” Qanunla Azərbaycan Respublikasında bir sıra orden və medallar təsis edilmişdir. Bu orden və medallar həm döyüş meydanında, həm də arxa cəbhədə fərqlənən hərbi qulluqçuların və vətəndaşların fədakarlığını rəmzi olaraq əbədiləşdirmək məqsədini daşıyır. Qanuna əsasən təsis edilmiş orden və medallar “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, torpaqların azad olunmasına görə medallar – “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, həmçinin “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medallarıdır. Bu tədbirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasında və Vətən uğrunda qəhrəmanlıq göstərənlərin xatirəsinin yaşadılmasında mühüm rol oynayır.
Bundan əlavə, Vətən Müharibəsində qazanılan qələbənin rəsmi şəkildə qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Gününü təsis etmişdir. Zəfər Günü hər il noyabrın 8-i Azərbaycan Respublikasında rəsmi dövlət bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu gün Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, müharibədə iştirak etmiş qazilərimizin qəhrəmanlığının tanınması və xalqın birliyinin simvolu kimi geniş miqyasda qeyd olunur. Hər il bu münasibətlə keçirilən tədbirlərdə dövlət rəsmiləri, hərbi qulluqçular, qazilər və vətəndaşlar iştirak edir, mərasimlərdə tarixi vətənpərvərlik dəyərləri vurğulanır, həmçinin xatirə lövhələri və abidələr ziyarət olunur. Beləliklə, həm orden və medalların təsis olunması, həm də Zəfər Gününün təsis edilməsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin qorunması, Vətən uğrunda göstərilən fədakarlığın əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün önəmli addımlar hesab olunur.
Sosial dəstək və “Böyük Qayıdış”
Postmüharibə dövründə Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə həm sosial dəstəyin təmin olunması, həm də bölgələrin sürətli bərpası istiqamətində sistemli tədbirlər həyata keçirmişdir. Təxminən 250 min vətəndaş 500 mindən çox müxtəlif xidmətlə təmin edilmişdir ki, bunlar arasında mənzil, avtomobil, sosial ödəniş və məşğulluq proqramları xüsusi yer tutur. Şəhid ailələrinə 6.900 mənzil və 567 avtomobil verilib, 106 min şəxsə isə 120 min aylıq sosial ödəniş təyin olunmuşdur. Bununla yanaşı, müharibə əlillərinə yüksək texnologiyalı protezlər və reabilitasiya vasitələri təqdim olunmuş, onların gündəlik həyatda müstəqilliyi və sosial inteqrasiyası təmin edilmişdir. “YAŞAT” Fondu vasitəsilə 18 mindən çox şəhid ailəsi və müharibə əlili sosial dəstəklə əhatə olunmuş, dövlətin şəhid və qazilərə olan diqqətinin davamlı olduğu bir daha təsdiqlənmişdir.
Azərbaycan Respublikasının Prezidenti qeyd etmişdir: “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.”
Dövlət proqramı yalnız məskunlaşmanı təmin etməklə kifayətlənmir; ərazilərdə yol infrastrukturu, içməli su, elektrik, qaz və rabitə xətləri yenidən qurulur, məktəblər, tibb müəssisələri və digər ictimai infrastruktur obyektləri sürətlə bərpa olunur.
Prezident vurğulayıb: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Beləliklə, “Böyük Qayıdış” proqramı həm sosial təminatı, həm də regionların iqtisadi və infrastruktur baxımından bərpasını əhatə edir. Bu təşəbbüs şəhid ailələrinin və qazilərin rifahını gücləndirməklə yanaşı, azad edilmiş torpaqlarda dayanıqlı həyatın və inkişafın bərqərar olmasına xidmət edir. Proqram çərçivəsində həyata keçirilən hər bir addım Azərbaycan dövlətinin vətəndaşlarına qayğısının və ölkənin inkişaf strategiyasının bariz nümunəsidir.
8 Noyabr Zəfər Günü Azərbaycan xalqının birlik, qəhrəmanlıq və dövlət gücünün simvoludur. 44 günlük Vətən müharibəsi zamanı ordumuzun şücaəti, xalqın həmrəyliyi və prinsipial diplomatiya nəticəsində ərazi bütövlüyümüz təmin edildi, azad edilmiş torpaqlarda həyat yenidən bərpa olunmağa başladı. Postmüharibə dövründə sosial dəstək və “Böyük Qayıdış” proqramları vasitəsilə şəhid ailələri, müharibə əlilləri və digər vətəndaşlar dövlət qayğısı ilə əhatə olunub. Bu Qələbə yalnız hərbi və siyasi uğur deyil, həm də gələcək nəsillər üçün qürur və ilham mənbəyidir.












