20 Sentyabr – Dövlət Suverenliyi Günü » Shirvanqazeti.az - Şirvan Qəzeti

20 Sentyabr – Dövlət Suverenliyi Günü


“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir...”
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında yer alan bu sözlər müasir dövlətçiliyimizin mahiyyətini və tarixi qürur mənbəyini ifadə edir.
Suverenlik dövlətin ali hakimiyyətini, daxili və xarici siyasətdə müstəqilliyini ifadə edən fundamental anlayışdır. Suveren dövlət nə başqa dövlətin təsirindən, nə də hər hansı xarici hakimiyyətdən asılı olur. Beynəlxalq hüquqda suverenliyin əsas meyarları – daimi əhali, müəyyən ərazi, ali hakimiyyət və digər dövlətlərlə münasibət qurmaq bacarığıdır. Bu prinsiplər əsasında Azərbaycan Respublikasının da suverenliyi 1991-ci ildə bərpa edilmiş, lakin onun tam təmin olunması yolunda xalqımız onilliklər boyu mübarizə aparmışdır.
30 İLDƏN ARTIQ DAVAM EDƏN İŞĞAL VƏ MÜBARİZƏ
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz nəticəsində ərazilərimizin 20 faizi işğal olundu, yüz minlərlə soydaşımız yurd-yuvasından didərgin düşdü. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətini dayandırmadı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 30 ildən çox müddətdə işğal altında saxlanıldı, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimiz məhv edildi.
ZƏFƏRƏ APARAN YOL: 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ
Azərbaycan dövləti uzun illər sülh yolu ilə münaqişənin həllinə səy göstərsə də, Ermənistan rəhbərliyi danışıqları uzatmaqla, təxribatları davam etdirməklə status-kvonu qorumağa çalışdı. 2020-ci ilin sentyabrında düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində tarixi Zəfərə imza atdı. İşğal altındakı torpaqların böyük qismi azad olundu, Kəlbəcər, Ağdam və Laçın rayonları isə hərbi əməliyyatsız geri qaytarıldı. Beləliklə, Azərbaycan BMT qətnamələrini özü icra etdi və regionda yeni reallıq yaratdı.
II Qarabağ müharibəsindən sonra da Azərbaycanın suverenlik mübarizəsi davam etdi. 2023-cü il aprelin 23-də Laçın sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətin aliliyi və sərhədlərin tam nəzarətə götürülməsinin rəmzi oldu. Nəhayət, 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatı nəticəsində qondarma rejim ləğv edildi, Azərbaycanın konstitusiya quruluşu və dövlət hakimiyyəti bütün ərazilərimizdə tam bərpa olundu. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bir gündən az davam edən əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.”
2024-cü il 19 sentyabr tarixli Prezident Sərəncamı ilə hər il 20 sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi ilə başlanan proseslərin məntiqi sonluğunu – tam suverenliyin təmin olunmasını təsdiqləyir. Bu gün təkcə ərazi bütövlüyünün deyil, həm də milli qürurun, siyasi iradənin, xalqın dövlətçilik əzminin rəmzidir.
KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ – YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Suverenlik dövlətin varlığını təmin edən, onun beynəlxalq aləmdə mövqeyini gücləndirən əsas amildir. Konstitusiya isə həmin suverenliyin hüquqi-siyasi bazasını yaradır. Bu baxımdan 2025-ci ilin məhz bu ideyalar ətrafında qeyd olunması Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcını simvolizə edir.
Bu gün Azərbaycan tam suveren dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyir. Ərazilərimizin bütövlüyü təmin olunub, sərhədlərimiz toxunulmazdır, daxili sabitlik və iqtisadi inkişaf yüksələn xətlə davam edir. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının əsrlərlə davam edən mübarizəsinin, şəhidlərimizin qanı, qəhrəman Ordumuzun rəşadəti və müdrik liderliyin bəhrəsi kimi tariximizdə əbədi yaşayacaq.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az