2 fevral – Azərbaycan Gəncləri Günüdür » Shirvanqazeti.az - Şirvan Qəzeti

2 fevral – Azərbaycan Gəncləri Günüdür


Ulu Öndər Heydər Əliyev və Gənclər Siyasəti
Azərbaycan Respublikasında gənclər siyasətinin formalaşdırılması və ardıcıl şəkildə həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider gəncləri ölkənin gələcəyini müəyyən edən əsas strateji qüvvə kimi qiymətləndirmiş, onların fiziki, intellektual və mənəvi inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir.
Ulu Öndər gənclərin cəmiyyət və dövlət həyatındakı rolunu belə ifadə edirdi:
“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”
Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu qərar gənclərə göstərilən yüksək etimadın və dövlət səviyyəsində verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, MDB və Şərqi Avropa məkanında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis edilməsi ilə tarixə düşmüşdür. Sonradan, 1999-cu ildə BMT Baş Məclisinin qərarı ilə 12 Avqustun Beynəlxalq Gənclər Günü elan olunması Azərbaycanın bu sahədə öncül mövqeyini bir daha təsdiqləmişdir.
Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, onların potensialının üzə çıxarılması və liderlik keyfiyyətlərinin formalaşdırılması üçün geniş imkanlar yaradıldı. Bu məqsədlə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərlə bağlı dövlət fəaliyyətinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratdı.
Ulu Öndər gənclərin təhsilinə xüsusi önəm verərək, xarici ölkələrdə təhsil ənənəsinin bərpasını və inkişafını təmin etmişdir. Minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ölkələrində təhsil alması, ali məktəblərə yüksək nəticə ilə qəbul olunan abituriyentlər üçün Prezident təqaüdünün təsis edilməsi dövlətin istedadlı gənclərə göstərdiyi qayğının mühüm göstəricisidir. Eyni zamanda, 1996-cı ildə təsis edilən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” bu siyasətin davamlı xarakter daşıdığını nümayiş etdirir.
Azərbaycan gənclərinin forumlarının keçirilməsi də gənclərin dövlət və cəmiyyət həyatında fəal rol oynamasına mühüm töhfə vermişdir. 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” fikri gənclər üçün strateji yol xəritəsi olmuşdur.
Gənclər siyasətinin hüquqi əsasları da məhz Ulu Öndərin təşəbbüsü ilə formalaşdırılmışdır. “Dövlət gənclər siyasəti haqqında” Fərman və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə fəaliyyətin məqsəd, prinsip və istiqamətlərini müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı üçün əlverişli hüquqi mühit yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin əsas ideoloji sütunlarından biri vətənpərvərlik və azərbaycançılıq məfkurəsidir. O, gəncləri Azərbaycan dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə fəal olmağa çağıraraq vurğulayırdı ki, müstəqillik əbədi, dönməz və sarsılmazdır. Bu çağırış bu gün də Azərbaycan gəncliyi üçün əsas mənəvi dəyər və fəaliyyət istiqaməti olaraq qalır.

Müasir Azərbaycan Gənclər Siyasəti: Prezident İlham Əliyevin Rəhbərliyi
Müasir Azərbaycanda gənclər siyasəti dövlətin strateji inkişaf xəttinin əsas tərkib hissələrindən biridir. Bu siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş möhkəm ideoloji və institusional təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısı gəncləri ölkənin intellektual, sosial və iqtisadi potensialının əsas hərəkətverici qüvvəsi kimi dəyərləndirir.
Prezident İlham Əliyevin gənclərə ünvanladığı aşağıdakı fikirlər bu siyasətin mahiyyətini dolğun şəkildə ifadə edir:
“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.”
(2 fevral 2022-ci il)
Ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti gənclərə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsili, sosial təminatı, məşğulluğu, yaradıcılıq və təşəbbüskarlıq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər görülür. Bu siyasətin nəticəsi olaraq Azərbaycan gəncliyində özünə, bilik və bacarıqlarına inam hissi əhəmiyyətli dərəcədə artmışdır.
2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi gənclərin ictimai-siyasi və mədəni həyatda fəallığının artırılmasına mühüm töhfə vermişdir. Həmin il təsdiqlənmiş tədbirlər planına uyğun olaraq paytaxt Bakı və regionlarda “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması gənclərin sosiallaşması, asudə vaxtının səmərəli təşkili və vətənpərvərlik ruhunda formalaşdırılması baxımından əhəmiyyətli rol oynayır. Bu mərkəzlər gənclərə psixoloji, hüquqi və informasiya dəstəyi göstərməklə onların hərtərəfli inkişafına xidmət edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə yaradılan Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasətinin maliyyə və institusional dayaqlarını gücləndirmişdir. Fond vasitəsilə elm, təhsil, mədəniyyət, sosial və beynəlxalq əhəmiyyətli layihələrə qrant dəstəyi göstərilir, gənclərin ideya və təşəbbüslərinin reallaşmasına şərait yaradılır. 2018-ci ildə Fondun yenidən təşkil edilməsi bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsinə imkan vermişdir.
Prezident İlham Əliyevin gənclərə etimadının mühüm göstəricilərindən biri də “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir. Elm, təhsil, mədəniyyət, innovasiya, sahibkarlıq və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərin yüksək səviyyədə mükafatlandırılması gənc nəslin yaradıcı potensialının stimullaşdırılmasına xidmət edir. Eyni zamanda, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi ölkədə perspektivli gənc kadrların müəyyən edilməsi və idarəetmə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Gənclərin inkişafı və məşğulluğunun dəstəklənməsi istiqamətində Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin yaradılması da Prezident İlham Əliyevin gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu mərkəzlər vasitəsilə gənclərin peşə bacarıqlarının artırılması, karyera planlaması və əmək bazarına inteqrasiyası təmin olunur. Hazırda respublika üzrə fəaliyyət göstərən regional nümayəndəliklər gənclər üçün bərabər imkanların yaradılmasına xidmət edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə könüllülər hərəkatının inkişafı da dövlət gənclər siyasətinin mühüm komponentinə çevrilmişdir. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərin sosial məsuliyyət hissinin, vətəndaş fəallığının və cəmiyyətə faydalı olma motivasiyasının gücləndirilməsinə əhəmiyyətli təsir göstərmişdir.
Dövlət başçısı tərəfindən təsdiq edilmiş çoxsaylı dövlət proqramları və inkişaf strategiyaları gənclərin təhsili, yaradıcılıq potensialı, beynəlxalq təcrübə qazanması və rifahının yüksəldilməsinə yönəlmiş kompleks yanaşmanın mövcudluğunu nümayiş etdirir. Xüsusilə, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına dair proqramlar Azərbaycanın gələcək peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.

Azərbaycan Gənclərinin Dövlətçilik və Vətənpərvərlik Rolu
Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan gənclərimiz öz qəhrəmanlıqları ilə xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıldılar. Onların göstərdikləri şücaət nəticəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Müstəqillik dövründə formalaşan, vətənpərvərlik ruhunda yetişən Azərbaycan gəncliyi bu tarixi qələbəni xalqımıza bəxş etməklə dövlətçilik ənənələrinə sadiqliyini əyani şəkildə nümayiş etdirdi.
Vətən müharibəsində iştirak etmiş hər bir igid gənc Azərbaycan xalqının dərin minnətdarlığını qazanmışdır. Müharibə dövründə gənclərin rolu həlledici olmuş, ön cəbhədə vuruşanların böyük əksəriyyəti məhz gənc nəsil nümayəndələri olmuşdur. Bu fakt Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin real nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan gəncliyi yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də böyük fəallıq nümayiş etdirmiş, sosial şəbəkələrdə milli mövqeni qətiyyətlə müdafiə etmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin könüllü şəkildə bu prosesə qoşulması nəticəsində Azərbaycan informasiya məkanında da üstünlük əldə etmişdir.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında aparıcı rol oynayırlar. Gənclərin təşəbbüskarlığı və əməli fəaliyyəti dövlətin inkişafının bütün sahələrində aydın şəkildə hiss olunur. Onlar azad, sabit və özünə güvənən ölkədə yaşayaraq həm şəxsi gələcəklərini düzgün qurmaq, həm də dövlətə maksimum fayda vermək istiqamətində fəallıq göstərirlər.
Azərbaycanın idman ölkəsi kimi formalaşması da gənclərin uğurları ilə birbaşa bağlıdır. Gənc idmançılarımızın beynəlxalq arenalarda qazandığı qələbələr ölkəmizin idman nüfuzunu ildən-ilə artırır. Dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti kimi gənclərin idmana cəlb olunmasına verdiyi xüsusi önəm nəticəsində bölgələrdə onlarla Olimpiya İdman Kompleksi inşa edilmiş, Bakı şəhəri isə nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi edən mərkəzə çevrilmişdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi dünya idman tarixində mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın təşkilatçılıq potensialını da nümayiş etdirmişdir.
Dövlətin gənclərə göstərdiyi diqqət beynəlxalq yarışlardakı nəticələrdə də öz əksini tapır. Təkcə 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2 mindən artıq medal qazanmış, bunların 600-dən çoxu qızıl medal olmuşdur ki, bu da tarixi rekord göstəricidir.
İstedadlı və vətənpərvər gənclərin aşkara çıxarılması və dəstəklənməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindəndir. Vətənə bağlılıq, dövlət maraqlarını hər şeydən üstün tutmaq və milli dəyərlərə sədaqət gənc nəslin tərbiyəsində prioritet prinsiplər kimi müəyyən edilmişdir. Bununla yanaşı, gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və intellektual potensiallarının gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir.
Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi müasir texnologiyalara, innovasiya və rəqəmsal bacarıqlara daha çevik uyğunlaşan əsas qüvvə kimi çıxış edir. Texnologiya, robototexnika, süni intellekt və yaradıcılıq sahələrində gənclərin fəallığı bu siyasətin gələcəyə yönəlmiş xarakterini nümayiş etdirir.

Heydər Əliyev Fondunun və Dövlət Proqramlarının Gənclərin İnkişafındakı Rolu
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fond tərəfindən elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələr üzrə həyata keçirilən minlərlə layihə gənclərin fərdi və peşəkar inkişafına mühüm töhfə vermişdir. Eyni zamanda, gənclərin xaricdə təhsili sahəsində həyata keçirilən dövlət proqramları “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının uğurla reallaşmasını təmin etmişdir. Minlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması Azərbaycanın gələcək kadr potensialının möhkəmləndirilməsinə xidmət edir.
2025-ci il ərzində gənclər sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik, hüquqi biliklər, liderlik və sosial məsuliyyət sahələrində inkişafına yönəlmişdir. Düşərgələr, elmi konfranslar, intellektual oyunlar, debat forumları, beynəlxalq layihələr və könüllülük proqramları minlərlə gənci əhatə etmişdir. “Konstitusiya və Suverenlik İli”, “Zəfərin 5 ili”, “Gənclər Paytaxtı” proqramları çərçivəsində keçirilən tədbirlər gənclərin dövlətçilik şüurunun və vətəndaş məsuliyyətinin gücləndirilməsində mühüm rol oynamışdır.
Gənclər evlərinin fəaliyyəti, beynəlxalq tədbirlərdə təmsilçilik, televiziya və radio layihələri, innovativ təşəbbüslər və sosial proqramlar dövlət gənclər siyasətinin hərtərəfli və sistemli xarakter daşıdığını göstərir. Bütün bu fəaliyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin məqsədyönlü, ardıcıl və uzunmüddətli strategiyaya əsaslandığını bir daha təsdiqləyir.

Gənclər Siyasətinin Azərbaycan Dövlətinin Strateji İnkişafına Təsiri
Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı baxışları Azərbaycan dövlətçiliyinin strateji dayaqlarından birini təşkil etmişdir. O, gəncləri Azərbaycanın gələcəyi, genofondu və əsas inkişaf qüvvəsi kimi dəyərləndirərək onların həm fiziki, həm mənəvi, həm də intellektual baxımdan hərtərəfli yetişdirilməsini vacib hesab edirdi. Ulu Öndərin fikrincə, müstəqil Azərbaycanın davamlı inkişafı məhz savadlı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc nəslin formalaşmasından asılıdır.
Heydər Əliyev gənclərin dövlətə və xalqa xidmətini ən ali vəzifə kimi qiymətləndirmiş, xüsusilə hərbi xidmətin gənclərin həyatında mühüm mənəvi mərhələ olduğunu vurğulamışdır. O bildirirdi ki, Azərbaycan ordusunda xidmət etmək hər bir gəncin müqəddəs borcu olmaqla yanaşı, cəmiyyətdə hörmət və nüfuz qazanmağın əsas şərtlərindən biridir. Bu yanaşma gənclərdə məsuliyyət hissinin, dövlətçilik düşüncəsinin və vətənə bağlılığın möhkəmləndirilməsinə xidmət etmişdir.
Ulu Öndər gənclərin təhsilinə xüsusi önəm verərək, müasir biliklərə yiyələnmiş, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş kadrların yetişdirilməsini Azərbaycanın iqtisadi və sosial inkişafının əsas amili kimi dəyərləndirirdi. Onun fikrincə, gənclər yalnız tarixi və milli dəyərləri dərindən bilməklə deyil, eyni zamanda müasir elmi-texniki biliklərə yiyələnməklə ölkənin gələcəyini uğurla qura bilərlər.
Heydər Əliyevin çıxışlarında gənclərin milli ideologiya, azərbaycançılıq məfkurəsi və müstəqillik prinsiplərinə sadiqlik ruhunda tərbiyə olunması xüsusi yer tutur. O, gəncləri Azərbaycanın dövlət müstəqilliyini qorumağa, onu möhkəmləndirməyə və əbədi etməyə çağıraraq bildirirdi ki, XXI əsrdə Azərbaycanı inkişaf etdirəcək əsas qüvvə məhz gənclər olacaqdır.
2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə təqvim bayramı deyil, ölkəmizdə gənclərə göstərilən yüksək etimadın, strateji dövlət baxışının və ardıcıl siyasətin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti modeli gənclərin fiziki, intellektual və mənəvi inkişafını dövlət quruculuğunun əsas şərti kimi formalaşdırmış, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilmişdir. Hüquqi, institusional və ideoloji əsaslara söykənən bu xətt gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə geniş imkanlar yaratmışdır.
Bu gün Azərbaycan gəncliyi dövlətinə bağlılığı, vətənpərvərliyi, təşəbbüskarlığı və rəqabətqabiliyyətli potensialı ilə Ulu Öndərin və Prezident İlham Əliyevin gənclərə dair strateji baxışlarının real nəticəsini nümayiş etdirir. Təhsildə, elmdə, idmanda, innovasiyada, dövlət idarəçiliyində və Vətən müharibəsində qazanılan uğurlar sübut edir ki, Azərbaycan gəncliyi müstəqil dövlətin bu günü və gələcəyidir. Ardıcıllıq, davamlılıq və milli maraqlara əsaslanan gənclər siyasəti Azərbaycanın uzunmüddətli inkişafını təmin edən əsas strateji amillərdən biri olaraq qalmaqdadır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az