27 Sentyabr – Anım Günü: Şəhidlərimizi ehtiramla yad edirik » Shirvanqazeti.az - Şirvan Qəzeti

27 Sentyabr – Anım Günü: Şəhidlərimizi ehtiramla yad edirik


27 Sentyabr – Anım Günündə xalqımız Vətən uğrunda canlarını qurban vermiş bütün şəhidlərini dərin hörmət və minnətdarlıqla yad edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib:
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti və fədakarlığı artıq dastana çevrilib.”
Prezident əlavə edib ki, şəhidlərin xatirəsi xalqın qəlbində əbədi yaşayacaq və onların qəhrəmanlığı sayəsində Azərbaycan öz torpaqlarına qayıdıb:
“Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər… Biz bu Qələbəyə görə onlara borcluyuq.”
MÜHARİBƏNİN QAÇINILMAZLIĞI VƏ SƏBƏBLƏRİ
Azərbaycan torpaqlarına qarşı uzun illər aparılan işğalçı siyasət və tarixi saxtakarlıqlar müharibəni qaçılmaz etmişdir. Erməni millətçiliyi və Daşnaksutyun təşkilatının fəaliyyəti yüz minlərlə soydaşımızın qətli və yaşayış məntəqələrinin dağıdılmasına səbəb olmuşdur. 1948–1956-cı illərdə azərbaycanlılar Ermənistandan deportasiya edilmiş, 1987-ci ildən başlayaraq isə daha 300 minə yaxın azərbaycanlı doğma torpaqlarından qovulmuşdur.
1992-ci il fevralın 26-da Xocalıda 7 min nəfər əhalisi olan şəhərdə soyqırımı törədilmiş, 613 nəfər – qadınlar, uşaqlar və qocalar – qətlə yetirilmişdir. Münaqişənin həllində beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti nəticəsiz qalmışdır. Bununla belə, Azərbaycan həmişə beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək problemin danışıqlar yolu ilə həllinə çalışmışdır.
SÜLHSEVƏR XALQIMIZIN SƏBRİNİ SINAYAN DÜŞMƏNİN HƏRBİ TƏXRİBATI
2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq bir sıra rayonlarımızı artilleriya atəşinə tutdu. Nəticədə 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal əks-hücuma keçmək əmri verdi və düşmənin təxribatı dəf olundu.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun   3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Bu qələbə nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarıldı.
Vətən uğrunda canından keçən hərbçilərimizin qəhrəmanlığı, arxa cəbhədə çalışan mülki insanların əzmi və birlik nümayişi Azərbaycan xalqının milli ruhunun təcəssümüdür. Onların şücaəti və fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad edilmiş, Şuşa və digər strateji bölgələr geri qaytarılmışdır.
DÖVLƏT QAYĞISI VƏ ANIM GÜNÜ
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunur. Dövlət şəhidlərimizin xatirəsini əbədiləşdirir, qazilərin müalicəsi və sosial müdafiəsinə xüsusi diqqət göstərir.
Vətən müharibəsində göstərilən qəhrəmanlığı qiymətləndirmək üçün “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü” və digər medallar təsis olunmuşdur. Bu medallar hərbi qulluqçuların və arxa cəbhədə xidmət göstərənlərin qəhrəmanlığının rəmzidir.
ZƏFƏR PARKI VƏ MEMORİAL KOMPLEKS
Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsinin yaddaşını əbədiləşdirmək üçün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılmışdır. Parkın ərazisində 44 metr hündürlüyündə, 44 sütunlu Zəfər tağı ucaldılıb ki, bu da 44 günlük Vətən müharibəsinin rəmzidir.
Zəfər muzeyi və digər simvolik elementlər şəhidlərin adlarını əbədiləşdirir, igid əsgər və zabitlərimizin qəhrəmanlığını nümayiş etdirir. Parkda həmçinin tematik bağça, kaskad şəlalə və Azadlıq Bayrağı Meydanı inşa edilmişdir.
QAZİLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ DƏSTƏK
YAŞAT Fondu vasitəsilə müharibə zamanı yaralanmış qazilərə ən müasir protezlər təmin olunmuş, şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün əlavə sosial dəstək göstərilmişdir. İndiyədək 18 mindən çox hərbiçiyə dəstək verilmiş, 93 milyona yaxın vəsait xərclənmişdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az