Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, eləcə də xidmət təşkilatlarının rəhbər işçiləri və Məlikçobanlı kəndi sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən ətraflı bəhs edib. O, kənd və qəsəbələrdə sosial infrastrukturun yaxşılaşdırılması, yol, elektrik, içməli su və digər kommunikasiya xətlərinin yenilənməsi istiqamətində icra olunan layihələr, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulmuş tədbirlər barədə sakinlərə məlumat verib.
Qəbul zamanı Məlikçobanlı kənd sakinləri tərəfindən əsasən kəndin elektrik enerjisi infrastrukturunun yenilənməsi, mövcud xətlərin və transformatorların təmiri ilə bağlı müraciətlər səsləndirilib. Bununla yanaşı, kənddaxili yolların vəziyyəti, su təchizatı, sosial xidmətlərin keyfiyyəti kimi digər məsələlər də sakinlər tərəfindən qaldırılıb.
Sakinləri narahat edən suallar ətrafında geniş müzakirələr aparılıb, hər bir müraciət diqqətlə dinlənilib və qeydə alınıb. Qaldırılan problemlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib, bəzi məsələlərin yerində araşdırılması üçün məsul şəxslərə müvafiq göstərişlər çatdırılıb.
Səyyar qəbulun keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərini yerində dinləmək, mövcud problemləri birbaşa öyrənmək və onların həlli istiqamətində operativ tədbirlərin görülməsini təmin etmək olub







