Xocalı soyqırımı – XX əsrin qanlı faciəsi
26 fevral Azərbaycan xalqının yaddaşında dərin ağrı və kədər rəmzi kimi yaşayır. 1992-ci ilin 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən soyqırımı hadisəsi XX əsrin ən faciəli insanlıq cinayətlərindən biri kimi tarixə düşmüşdür. Bu faciə təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət aktı kimi qiymətləndirilir.
Xocalı soyqırımı şəhərdə dinc əhaliyə qarşı törədilmiş ən ağır insanlıq cinayətlərindən biridir. Bu faciə nəticəsində yüzlərlə günahsız insan – uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla dinc sakinlər amansız terrorun qurbanı olmuşdur. Faciə Azərbaycan xalqının tarixində dərin iz buraxmış kədərli səhifə kimi yadda qalmışdır.
Faciə zamanı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə dinc əhaliyə hücum etmişdir. Nəticədə yüzlərlə insan qətlə yetirilmiş, bir çoxu əsir götürülmüş və ya itkin düşmüşdür. Bu hadisə Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımı siyasətinin qanlı səhifələrindən biri kimi tarixə yazılmışdır.
Rəsmi məlumatlara görə, hadisə zamanı 613 nəfər həlak olmuş, onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşda olan insan olmuşdur. Eyni zamanda 8 ailə tamamilə məhv edilmiş, 230-dan çox ailə öz başçısını itirmişdir. 487 nəfər yaralanaraq əlil olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. Onlardan bir hissəsi sonradan azad edilsə də, 150 nəfərin taleyi bu günə qədər naməlum olaraq qalır.
Xocalı şəhərinin dağıdılması və tarixi yaddaş
Faciə gecəsi şəhəri tərk etməyə çalışan əhali pusqulara salınmış, Naxçıvanlı və Pircamal kəndləri istiqamətində hərəkət edən dinc insanlar atəşə tutulmuşdur. Təxminən 2500 nəfərə yaxın sakin şəhərdən çıxmağa çalışmış, lakin onların bir qismi güllələnmiş, bir qismi əsir götürülmüş, qalan hissəsi isə soyuq hava şəraiti səbəbindən həyatını itirmişdir. Bu hadisə insan hüquqlarının kobud şəkildə pozulmasının və müharibə cinayətlərinin acı nümunəsi kimi tarixdə qalmışdır.
Xocalı şəhəri işğal nəticəsində tamamilə dağıdılmışdır. Şəhərdə yüzlərlə sosial-məişət obyekti, minlərlə fərdi yaşayış evi, məktəblər, kitabxanalar, mədəniyyət ocaqları və tarixi abidələr məhv edilmişdir. Qədim dövrlərə aid türbələr, qəbiristanlıqlar və digər mədəni irs nümunələri vandalizmə məruz qalmışdır.
Tarixi ədalət, beynəlxalq qiymətləndirmə və anım
Ümummilli lider Heydər Əliyev Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirmiş və 1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral tarixinin “Xocalı soyqırımı günü” elan olunmasına nail olmuşdur. Bu qərar soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm addım olmuşdur.
25 fevral 1997-ci ildə verilmiş sərəncama əsasən, hər il 26 fevral saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Xocalı faciəsi dünya tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu faciənin araşdırılması və beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyətlər davam etdirilir. Birləşmiş Millətlər Təşkilatı konvensiyalarına əsasən soyqırımı milli, etnik, irqi və ya dini qrupların qəsdən məhv edilməsi məqsədi daşıyan cinayət kimi müəyyən edilmişdir.
Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır və belə faciələrin bir daha təkrarlanmaması üçün sülhün, insan hüquqlarının və beynəlxalq ədalətin qorunmasının vacibliyi vurğulanır.
Mülki əhaliyə qarşı törədilmiş cinayətlər və beynəlxalq qiymətləndirmə
Mülki əhaliyə qarşı törədilmiş Xocalı cinayətləri beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Aparılmış rəsmi istintaq nəticələrinə əsasən, hadisələr zamanı dinc əhaliyə qarşı öldürmə, fiziki və mənəvi xəsarət yetirmə kimi əməllərin törədildiyi, həmçinin etnik və milli zəmində xüsusi məhv etmə niyyətinin mövcudluğu müəyyən edilmişdir.
Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addımlar atılmışdır. Bir sıra ölkələrin parlamentləri tərəfindən qəbul edilən qətnamələr faciənin soyqırımı aktı kimi qiymətləndirilməsinə töhfə vermişdir. Bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən sənədlər də Xocalı hadisələrinə siyasi-hüquqi qiymətin verilməsinə xidmət etmişdir.
2008-ci ildən etibarən Leyla Əliyeva tərəfindən təşəbbüs edilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası geniş miqyasda fəaliyyət göstərir. Kampaniya sosial media, elmi konfranslar, sərgilər və ictimai tədbirlər vasitəsilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını hədəfləyir.
Justice for Khojaly informasiya portalı Xocalı soyqırımı ilə bağlı tarixi faktların və cinayətkar əməllərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm təbliğat platforması kimi fəaliyyət göstərir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas strateji məqsədi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına nail olmaq, hadisəyə hüquqi və siyasi qiymət verilməsini təmin etmək, cinayətlərin təşkilatçı və icraçılarının məsuliyyətə cəlb olunmasına çalışmaqdır.
Kampaniya həmçinin Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, vurulmuş maddi və mənəvi zərərin tam kompensasiya olunması və belə cinayətlərin bir daha təkrarlanmamasına dair beynəlxalq təminatların verilməsi kimi məqsədləri də əhatə edir. Eyni zamanda Xocalı faciəsi haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, qurbanların xatirəsinin yad edilməsi və sağ qalan ailələrə dəstəyin göstərilməsi kampaniyanın prioritet istiqamətlərindəndir.
Xocalı vəhşilikləri haqqında xarici media yazıları
Xocalı faciəsi barədə bir sıra xarici media orqanları da məlumatlar dərc etmişdir. Parisdə nəşr olunan Krua l'Eveneman jurnalında 25 fevral 1992-ci il tarixində Xocalıya edilən hücum nəticəsində dağıdılmış cəsədlərin dünyanı şoka saldığı qeyd edilmişdir. Londonda nəşr olunan The Sunday Times və Financial Times qəzetlərində erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlər geniş işıqlandırılmışdır.
Rusiyanın İzvestiya qəzetində yayımlanan materiallarda uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıqlar, o cümlədən bədən üzvlərinin kəsilməsi kimi ağır cinayətlər təsvir edilmişdir. Fransanın Le Monde qəzetində də Xocalıda öldürülmüş dinc sakinlərin arasında skalpları çıxarılmış və dırnaqları sökülmüş şəxslərin olduğu bildirilmişdir.
Bəzi xarici jurnalistlər Xocalıdakı vəhşilikləri beynəlxalq ictimaiyyətin gözündə heç bir şəkildə əsaslandırılmasının mümkün olmadığını vurğulamışlar.
Hərbi qələbə və ərazi bütövlüyünün bərpası
2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək yeni tarixi reallıq yaratmışdır. 44 günlük müharibə zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Xocalı şəhidlərinin qanının yerdə qalmadığı vurğulanmışdır.
2023-cü ilin 19–20 sentyabr tarixlərində aparılmış lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri separatçı qüvvələrdən təmizlənmişdir. İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltmışdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimləri ilə yad edilir. 30-cu ildönüm münasibətilə Bakıda dövlət rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumxalq yürüşü təşkil edilmişdir.
2025-ci ildə Heydər Əliyev Fondu tərəfindən Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınmışdır. Kompleks Xocalı faciəsinin tarixi, coğrafi əhəmiyyəti və dinc əhaliyə qarşı törədilmiş cinayətlər haqqında məlumatların ziyarətçilərə çatdırılmasına xidmət edəcək. Memorialda sənədli filmlər, arxiv materialları və şahid hekayələri nümayiş etdiriləcək.
Xocalı şəhəri və kəndlərinin bərpası və məskunlaşma prosesi
Xocalı şəhəri və ətraf kəndlərdə məskunlaşma prosesi davam etdirilir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və rayonun kəndlərinə ümumilikdə 881 ailə olmaqla 3602 nəfər köçürülərək yenidən doğma torpaqlarına qayıdış təmin edilmişdir.
Məskunlaşma planına əsasən Xocalı şəhərinə 114 ailə (502 nəfər), Ballıca kəndinə 239 ailə (1058 nəfər), Xanyurdu kəndinə 123 ailə (431 nəfər), Təzəbinə kəndinə 139 ailə (609 nəfər), Şuşakənd kəndinə 114 ailə (428 nəfər), Badara kəndinə 58 ailə (220 nəfər), Seyidbəyli kəndinə 59 ailə (216 nəfər), Daşbulaq kəndinə isə 35 ailə (138 nəfər) köçürülmüşdür.
Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bu proses Xocalı bölgəsinin sosial-iqtisadi dirçəlişinə, əhalinin təhlükəsiz və rahat yaşayış şəraitinin təmin olunmasına yönəlmişdir. Məcburi köçkünlərin doğma torpaqlara qayıdışı regionda dayanıqlı inkişafın və tarixi ədalətin bərpasının mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Xocalıya səfərləri və bölgənin inkişafı
Prezident İlham Əliyev tərəfindən Xocalı bölgəsinə həyata keçirilən səfərlər işğaldan azad edilmiş ərazilərin bərpası, sosial-iqtisadi inkişaf və tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərlər zamanı Xocalı rayonunun müxtəlif kəndlərində aparılan quruculuq işləri, infrastruktur layihələri və məskunlaşma prosesi ilə tanışlıq həyata keçirilmişdir.
2023-cü il 20 iyul tarixində Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndlərində aparılan bərpa işlərinə baxış keçirilmiş, bölgənin inkişaf perspektivləri qiymətləndirilmişdir. Həmin ilin 15 oktyabr tarixində Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Dövlət Bayrağı ucaldılmış, Əsgəran qalasına baxış keçirilmişdir.
2023-cü ilin dekabr ayının 20–22 tarixlərində Xocalı rayonunun Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində həyata keçirilən yenidənqurma və sosial layihələr araşdırılmışdır.
2024-cü il 26 fevral tarixində Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi keçirilmiş və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.2024-cü ilin may ayında Xocalı şəhərində çoxmənzilli binaların təmir və yenidənqurma işləri ilə tanışlıq olmuş, bölgəyə köçmüş sakinlərlə görüş keçirilmişdir. 2024-cü ilin iyul ayında Xocalı hava limanının tikinti və inkişaf işləri nəzərdən keçirilmişdir.
2025-ci ilin fevral ayında Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq olmuş, eyni zamanda Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər qiymətləndirilmiş və kəndə köçən sakinlərlə görüş keçirilmişdir.
Həmin ilin may ayında “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı həyata keçirilmiş, həmçinin Qoç Ət KFT MMC tərəfindən Xanabad kəndində yaradılmış heyvandarlıq kompleksinin fəaliyyəti ilə tanışlıq aparılmışdır.
2025-ci ilin iyul ayında Təzəbinə və Xanyurdu kəndlərində aparılan bərpa-quruculuq işləri, Xocalı kərpic zavodu nun açılışı və sakinlərlə görüşlər diqqət mərkəzində olmuşdur.
Eyni ilin sentyabr ayında Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində bərpa layihələrinə baxış keçirilmiş, tut bağında abadlıq işləri qiymətləndirilmiş və sakinlərlə görüşlər təşkil edilmişdir.
2025-ci ilin dekabr ayında isə Ballıca kəndində Accurate Az MMC tərəfindən ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi istifadəyə verilmişdir.
Bu layihələr Azərbaycan dövlətinin Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin doğma torpaqlara qayıdışı və bölgənin dirçəlişi istiqamətində apardığı siyasətin davamı kimi qiymətləndirilir.
