“Laçın” sərhəd-buraxılış məntəqəsinin mühüm siyasi əhəmiyyəti var


Ümummilli lider Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini belə qeyd etmişdir: “Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir... Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur.”

44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqımızın 30 illik yurd həsrətinə son qoydu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz mənfur düşməni məhv edib, bizi əzəli torpaqlarımıza yenidən qovuşdurdu. 
2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. 
Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin  qurulması Qarabağ zəfərindən sonra ən böyük tarixi hadisə oldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.
Əlbəttə, qazanılmış bu tarixi nəaliyyətlər dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji fəaliyyətin əməli nəticəsidir.
“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirir, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Halbuki rəsmi İrəvan imzaladıqları və təslimçilik- kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozdular və “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək “Laçın” dəhlizi vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər. Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması düşmənin mənfur fəaliyyətinin qarşısını aldı. Dövlətimizin atdığı bu mühüm addım ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və ölkəmizin müstəsna daxili işidir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.
Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. 
"Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması strateji əhəmiyyət daşıyır və yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük əhəmiyyətə malikdir. 
Prezident İlham Əliyevin ölkəmizin milli maraqların qorunması naminə nümayiş etdirdiyi güclü siyasi iradə məkrli erməni planını alt-üst edir, onun havadarlarının niyyətlərini puça çıxarır. Ölkəmizin başçısının 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı demişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır.”
Qarabağın düşmən işğalından azad edilməsi, həm də haqqın və ədalətin bərpası demək oldu. Vaxtilə torpaqlarımızı istila edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onlara minbir məhrumiyyətlər yaşadan, qətllər törədən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. Bu, qürurverici mənzərədir. 
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının, habelə ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayırlar. Onların məntəqədən qanuni keçidi təmin olunur. 
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
“Laçın” sərhəd-buraxılış məntəqəsində 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxs saxlanıldı. Xaçatryan Vaqif Çerkezoviç  erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır.
Bundan başqa, Xaçatryan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə,Vaqif Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur.
Onu da xüsusi qeyd edək ki, “Laçın” Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui- istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb.             
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Bütün bunlara baxmayaraq, rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti bitmək bilmir. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Halbuki, Qarabağ iqtisadi rayonunda yaşamaqda olan ermənilərə və onların qayğısına qalan BQXK-ya dəfələrlə təklif olunub ki, Xankəndiyə və digər ətraf ərazilərə gediş-gəliş üçün, humanitar təyinatlı yüklərin çatdırılması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər. Eyni təklif orada müvəqqəti yerləşmiş sülhməramlılara da verilib. Bu təklif həm də ölkəmizin ayrılmaz ərazisi olan Qarabağdakı kommunikasıyaların, xüsusən də yol-nəqliyyat ifrastrukturunun ölkənin ümumi və vahid sisteminə qoşulmasına yönəlib və bunu təmin etməlidir.
Hər kəsə aydındır ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə bağlı  erməni manipulyasiyalarının strateji hədəfi “Humanitar” və digər bəhanələrlə sülh prosesinə süni əngəllər törətməkdir. Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın marağındadır. Onların informasiya təxribatlarının genişlənməsinin təməlində də bu mənfur niyyət dayanır. Xankəndi və ətrafında yaşayan ermənilərin sosial mediaya çıxışı əngəllənir. Həmin ərazidə olan həqiqi vəziyyət haqqında internetdə məlumatların yayılmasının qarşısı alınır. Bununla da qərəzli manipulyasiyalara əlverişli şərait yaranmış olur. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az