İyunun 13-də Şamaxının Meysəri kəndi yenidən beynəlxalq kulinariya bayramına ev sahibliyi edib. II Beynəlxalq Barbekü Festivalının açılışı yerli sakinlərin və qonaqların böyük marağı ilə qarşılanıb.
Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi ilə keçirilən festival dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazları bir araya gətirib. İki gün davam edən tədbir qastronomiya, mədəniyyət və turizmin vəhdətini nümayiş etdirən mühüm platformaya çevrilib.
Festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, belə tədbirlər həm rayonun turizm potensialının tanıdılmasına, həm də xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gələn aşpazların təqdim etdiyi milli təamlar festivalı daha rəngarəng və maraqlı edir.
Bu il festivalda Azərbaycanla yanaşı Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna və Yaponiyanı təmsil edən şef-aşpazlar iştirak edirlər.
Tədbirin maraqlı məqamlarından biri də ilk dəfə olaraq yapon barbeküsünün təqdim olunması olub. Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe bildirib ki, festival çərçivəsində iştirakçılar Yaponiyanın məşhur milli yeməklərindən olan yakitorinin dadına baxmaq imkanı əldə edirlər. Onun sözlərinə görə, bu cür tədbirlər ölkələrin mədəniyyət və mətbəxlərinin daha yaxından tanınmasına töhfə verir.
Festival iştirakçıları arasında olan Ukraynalı aşpaz Lidya Şestak və Türkmənistanlı aşpaz Vüqar Mazanov da tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, bu cür layihələrin mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Festival ərazisində təşkil olunan kulinariya zonalarında müxtəlif yarışlar, ustad dərsləri və təqdimatlar keçirilib. Restoran pavilyonlarında dünya mətbəxinin fərqli nümunələri nümayiş etdirilib, qonaqlara müxtəlif təamların dadına baxmaq imkanı yaradılıb.
Birinci günün ən yaddaqalan tədbirlərindən biri "Barbekü və Manqal" dueli olub. Yerli kabab ustaları ilə beynəlxalq barbekü şeflərinin qarşılaşdığı bu maraqlı kulinariya şousu tamaşaçıların xüsusi marağına səbəb olub.
Axşam saatlarında musiqili proqram təqdim edilib, festival iştirakçıları həm ləzzətli təamların, həm də canlı musiqinin müşayiəti ilə xoş vaxt keçiriblər.
Festivalın ikinci günündə "Steyk şou", müxtəlif kulinariya təqdimatları və əyləncə proqramları təşkil olunacaq. Beləliklə, iki gün ərzində Meysəri kəndi dadların, dostluğun və mədəniyyətlərin qovuşduğu məkana çevrilib.









