Şamaxı RİH başçısı Dəmirçi və Səfalı kəndlərində səyyar qəbul keçirib, sakinlərin müraciətləri dinlənilib
Dəmirçi kəndi
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun kəndlərində vətəndaşlarla növbəti səyyar qəbullarını keçirib. Bu dəfə görüşlər Dəmirçi və Səfalı kəndlərində təşkil olunub. Qəbullarda icra hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrini təmsil edən qurum rəhbərləri də iştirak ediblər.
Səyyar qəbulların əsas məqsədi kənd sakinlərinin problemlərinin yerində dinlənilməsi, onların müraciətlərinə operativ baxılması və mövcud sosial-infrastruktur məsələlərinin daha səmərəli həllinə nail olunmasıdır.
Dəmirçi kəndində keçirilən qəbul zamanı rayon rəhbəri ölkədə və Şamaxı rayonunda son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, kəndlərin sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verib. Sakinlər əsasən kənd tibb məntəqəsinin vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar ya tibb məntəqəsinin əsaslı təmiri, ya da kəndə ixtisaslı tibb işçisinin təyin olunması məsələsini qaldırıblar. Eyni zamanda digər sosial məsələlər də müzakirə olunub. Qaldırılan problemlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.











Səfalı kəndi
Səfalı kəndində keçirilən səyyar qəbulda isə əsas diqqət kənd yolunun çay üzərindən keçən hissəsində mövcud infrastruktur problemi olub. Sakinlər həmin ərazidə piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün körpünün inşasının vacibliyini bildiriblər. Bu məsələ də müzakirə olunaraq müvafiq qurumlara konkret tapşırıqlar verilib.
Qəbullar zamanı digər vətəndaş müraciətləri də dinlənilib, onların həlli istiqamətində operativ addımların atılacağı qeyd olunub. İcra hakimiyyətinin rəhbərliyi səyyar görüşlərin davamlı xarakter daşıdığını və məqsədin yerlərdə vətəndaş məmnunluğunun artırılması olduğunu vurğulayıb.




