Şamaxı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.


13 iyun 2026-cı il tarixində Şamaxı rayonunun bütün ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirləri məzunların həyatında yaddaqalan bir günə çevrilib. Uzun illər davam edən məktəb həyatının başa çatmasını simvolizə edən bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirlərdə müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şamaxı Avropa Liseyində keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Tural Ayvazlı və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəbin məzunları tərəfindən hazırlanmış musiqi və bədii kompozisiyalar təqdim olunub, müəllim və şagirdlərin çıxışları dinlənilib. Məktəb illərinin unudulmaz xatirələrini əks etdirən səhnəciklər və təqdimatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Çıxış edən qonaqlar ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından, son illər təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs edərək, gənclərin hərtərəfli bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, müasir və rəqabətqabiliyyətli cəmiyyətin formalaşmasında savadlı, vətənpərvər və təşəbbüskar gənclərin rolu əvəzsizdir.

Natiqlər məzunları həyatlarının yeni mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edərək, onlara ali təhsil pilləsində və gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, məktəb illərində əldə olunan bilik və dəyərlər onların gələcək həyat yolunda etibarlı bələdçi olacaq.

Sonda məzunlar simvolik olaraq “Son zəng”i səsləndirib, müəllimləri və valideynləri ilə xatirə şəkilləri çəkdiriblər. Bayram əhvali-ruhiyyəsində keçən tədbir gənclərin yaddaşında xoş xatirə kimi qalacaq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az