Şamaxı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın Taleyini Dəyişən Tarixi Qurtuluş” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, 1993-cü ilin iyun hadisələri ölkəmizin taleyində dönüş nöqtəsi olub, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib. Qeyd olunub ki, məhz həmin dövrdən etibarən ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlət quruculuğu prosesi sürətlənib və Azərbaycanın inkişaf strategiyasının əsası qoyulub.
Daha sonra tədbir iştirakçılarına Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət, ölkənin qarşılaşdığı təhlükələr və Heydər Əliyevin xilaskarlıq missiyası əks olunub.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində mühüm rol oynayıb. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi bərpa edib, qanunçuluğun təmin olunmasına nail olub və Azərbaycanın gələcək inkişafının etibarlı təməllərini formalaşdırıb.
ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxışında Milli Qurtuluş Gününün təkcə siyasi hadisə deyil, həm də xalqın milli birlik və həmrəylik rəmzi olduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.
Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov çıxışında qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub. O, gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik ideyalarına sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov və Dağlıq-Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf edir, beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
Tədbirdə vurğulanıb ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində mühüm mərhələ olmaqla yanaşı, dövlət müstəqilliyimizin qorunmasının, milli birliyin və sabitliyin təntənəsinin simvoludur. Bu əlamətdar tarix xalqımızın yaddaşında dövlətçiliyin xilası və inkişaf yolunun başlanğıcı kimi daim yaşayacaq.













