Şamaxı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ənənəvi mətbuatda və müasir informasiya vasitələrində siyasi işin təşkili” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ardınca Milli Mətbuat Gününə həsr olunmuş “Epoxa” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və YAP Suraxanı rayon təşkilatının sosial media fəalı Hüseyn Quliyev Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan, onun dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, cəmiyyətin maarifləndirilməsində və ictimai rəyin formalaşmasında mühüm rolundan bəhs ediblər.
Bildirilib ki, müasir dövrdə ənənəvi media ilə yanaşı, rəqəmsal informasiya vasitələri və sosial media da ictimai-siyasi proseslərdə mühüm əhəmiyyət kəsb edir. Peşəkar, operativ və obyektiv informasiya siyasətinin həyata keçirilməsi, cəmiyyətin düzgün məlumatlandırılması və milli maraqların qorunması bu sahədə əsas prioritetlərdəndir.
Sonda Şamaxı və Suraxanı rayonlarının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalı Təşəkkürnamə ilə təltif olunub.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
















