20 Noyabr – Ağdam Şəhəri Günü » Shirvanqazeti.az - Şirvan Qəzeti

20 Noyabr – Ağdam Şəhəri Günü


“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri Ağdamın işğaldan azad edilməsindən sonra qarşıya qoyulan əsas vəzifəni – şəhərin və kəndlərin yenidən qurulmasını, tarixi-mədəni irsin bərpasını, iqtisadi potensialın dirçəldilməsini və sakinlərin doğma yurdlarına qayıdışını aydın ifadə edir.
2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində mühüm hadisələrdən biri oldu. Uzun illər işğalın ağır nəticələrini yaşamış bu qədim şəhər bu gün genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyi, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan və Böyük Qayıdış proqramı çərçivəsində dirçələn bölgələrimizdən biridir.

Ağdamın qədim tarixi və zəngin mədəni irsi
Qarabağın mərkəzində yerləşən Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrimizdəndir. 1930-cu ildə rayon statusu almış Ağdamın sahəsi 1094 kvadratkilometrdir. Rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Ağdam adının mənşəyi ilə bağlı müxtəlif izahlar mövcuddur. Bir izaha görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını verir. Digər izaha əsasən, XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xanın bu ərazidə ağ daşdan imarət tikdirməsi şəhərin adının formalaşmasında mühüm rol oynayıb. Həmin imarət ətraf kəndlərin sakinləri üçün bir növ istiqamət nişanına çevrilib.
Ağdamın qədim yaşayış məskəni olduğunu ərazidə aparılan arxeoloji tədqiqatların nəticələri də təsdiqləyir. XX əsrin 50-ci illərindən başlayaraq həyata keçirilən araşdırmalar zamanı burada qədim insanların yaşayış izləri, əkinçilik və maldarlıq mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri aşkar edilib. Tədqiqatlar bölgədə insanların Eneolit dövründən etibarən məskunlaşdığını göstərir. Xüsusilə Üzərriktəpədə tapılmış arxeoloji materiallar Ağdamın qədim tarixinin və şəhərsalma ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdam həm də Qarabağın mədəni həyatında özünəməxsus yeri olan şəhərdir. İmarət kompleksi, Şahbulaq qalası, Ağdam Cümə məscidi, Qiyaslı məscidi və digər tarixi abidələr onun zəngin memarlıq irsini nümayiş etdirir. Muğam sənəti, Qarabağ atçılıq ənənələri və xalq yaradıcılığı isə bu torpağın milli-mənəvi dəyərlərinin mühüm tərkib hissəsidir.
Bütün bunlar Ağdamın yalnız coğrafi ərazi deyil, Azərbaycanın tarixi və mədəni yaddaşında xüsusi yeri olan qədim şəhər olduğunu göstərir.

İşğalın ağır nəticələri və tarixi Zəfər
1993-cü il iyulun 23-də Ağdam uğrunda 42 gün davam edən döyüşlər rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələndi. Rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, yəni 73 faizi, rayon mərkəzi və 90 kəndi işğal olundu. Nəticədə 128 min insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
İşğal nəticəsində Ağdamın sosial-iqtisadi və mədəni infrastrukturu ciddi dağıntılara məruz qaldı. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarəsi və 99 klubu işğal altında qaldı. Dünyada yeganə olan Çörək muzeyi də daxil olmaqla, çoxsaylı tarixi və mədəniyyət abidələri dağıdıldı, talan edildi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı.
Ağdamın işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olundu. BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonundan və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Lakin Ermənistan tərəfi beynəlxalq qərarların icrasından yayındı.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Zəfər nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı.
Beləliklə, uzun illər davam edən işğala son qoyuldu, Ağdamın azad edilməsi ilə doğma torpaqlarından didərgin düşmüş insanların geri qayıdışı üçün tarixi imkan yarandı. Bu hadisənin əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi təsis edildi.
Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olundu. Bu, Ağdamın azadlığı uğrunda döyüşən hərbçilərimizin xidmətlərinə verilən dövlət qiymətinin ifadəsidir.

İşğaldan azad edilmiş Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri
Ağdamın azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonun yenidən qurulması istiqamətində genişmiqyaslı layihələrin icrasına başlanıldı. Qarşıya qoyulan əsas məqsəd şəhərin və kəndlərin müasir tələblər əsasında bərpası, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasıdır.
2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi bu prosesin mühüm mərhələsi oldu. Baş planda şəhərin yaşayış, sosial, ictimai və iqtisadi infrastrukturu, nəqliyyat şəbəkəsi və yaşıllıq zonalarının yaradılması nəzərdə tutulub. Layihəyə əsasən, gələcəkdə Ağdamda 100 min nəfər əhalinin yaşaması planlaşdırılır. Ağdam şəhərinin Baş planı işğaldan azad edilmiş ərazilər arasında ilk təsdiq edilən baş plan olub.
Prezident İlham Əliyevin Ağdama tarixi səfərləri şəhərin bərpası və yenidən qurulması prosesinin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir. Dövlət başçısının işğaldan azad edilmiş Ağdama ilk səfəri 2020-ci il noyabrın 23-də baş tutub. Həmin səfər zamanı şəhərdə Azərbaycan Bayrağı ucaldılıb, Prezident dağıdılmış Ağdam Cümə məscidini ziyarət edib. Bu səfər Ağdamın yeni tarixinin başlanğıcını ifadə edən mühüm hadisə kimi yadda qalıb.
2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdama növbəti səfəri zamanı şəhərin bərpasının təməl daşı qoyulub. Həmin gün Bərdə–Ağdam avtomobil yolunun, ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, eləcə də Ağdam şəhər 1 nömrəli məktəbin yeni binasının təməlqoyma mərasimləri keçirilib. Dövlət başçısı, eyni zamanda, İmarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanış olub.
2022-ci il fevralın 13-də keçirilən səfər zamanı Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Hotel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Prezident İlham Əliyev Ağdam Cümə məscidində aparılan bərpa işləri, İmarət kompleksi və Prezidentin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə də tanış olub.
2022-ci il oktyabrın 4-də dövlət başçısının iştirakı ilə Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, dəmir yolu və avtovağzal kompleksinin, eləcə də Sarıcalı kəndinin təməlqoyma mərasimləri keçirilib. Həmin səfər zamanı “City Hotel Agdam” mehmanxanasının və yeni yaşayış məhəlləsinin də təməli qoyulub.
2023-cü il dekabrın 24-də Prezident İlham Əliyev Ağdamda bir sıra mühüm infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. “Ağdam” qovşaq yarımstansiyasının açılışı olub, şəhərdə dördüncü və beşinci yaşayış komplekslərinin, Mərkəzi parkın, Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməli qoyulub. Həmin səfər çərçivəsində Xaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilib, Bərdə–Ağdam avtomobil yolunun açılışı olub.
2024-cü il aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdama səfəri də əlamətdar hadisələrlə yadda qalıb. Səfər zamanı Ağdam Cümə məscidi bərpadan sonra açılıb, Pənahəli xanın sarayı və İmarət kompleksi, Ağdam Konfrans Mərkəzi və Şahbulaq qalası ilə tanışlıq olub. Həmin il mayın 28-də Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib.
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Eyvazxanbəyli kəndinin təməli qoyulub, Kəngərli və Xıdırlı kəndlərində aparılan bərpa işləri ilə tanışlıq olub. Ağdam Sənaye Parkında yeni zavodların açılışları, İmarət Kompleksinin bərpadan sonra açılışı və “Aghdam City Hotel”in istifadəyə verilməsi şəhərin iqtisadi və turizm potensialının inkişafı baxımından mühüm addımlar olub. Həmçinin “İmarət” stadionunun təməli qoyulub.
2025-ci il fevralın 18-də dövlət başçısı Ağdamda bir sıra sosial və iqtisadi obyektlərdə aparılan işlərlə tanış olub. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı olub, “Ağdam Residence” yaşayış kompleksində, məktəbdə, körpələr evi-uşaq bağçasında və digər obyektlərdə görülən işlərə baxış keçirilib.
2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Kəngərli kəndinin birinci mərhələsi və Ağdam Muğam Mərkəzi istifadəyə verilib. Kəngərli kəndində məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi və inzibati bina sakinlərin istifadəsinə təqdim olunub. Prezident İlham Əliyev kəndə köçən sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim edib. Bu səfər Ağdamda quruculuq işlərinin artıq insanların gündəlik həyatında real nəticələr verdiyini göstərən mühüm hadisə olub.
2025-ci il iyulun 3-də Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Həmin gün İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün iştirakçıları İmarət Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyib, Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar. İyulun 18-də isə Ağdam şəhər 1 nömrəli tam orta məktəbin və körpələr evi-uşaq bağçasının, eləcə də Qiyaslı kəndindəki tarixi məscidin bərpadan sonra açılışı keçirilib.
2025-ci il dekabrın 23–24-də Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsi və “Hilton Garden Inn Agdam” hotelinin açılışı olub, “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməli qoyulub. Həmçinin şəhərin ikinci yaşayış kompleksi istifadəyə verilib və buraya köçən sakinlərlə görüş keçirilib.
2026-cı il iyulun 14-də Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti ilə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub. Həmin il noyabrın 7-də dövlət başçısının Ağdama səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının tikintisinə baxış keçirilib, ortopedik döşək istehsalı müəssisəsinin və Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışları olub. Prezident, həmçinin Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin Ağdama səfərlərinin xronologiyası göstərir ki, şəhərin bərpası ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır. Bu proses tarixi irsin qorunmasını, müasir infrastrukturun yaradılmasını, iqtisadi potensialın bərpasını və insanların doğma yurdlarına qayıdışını özündə birləşdirən kompleks inkişaf strategiyasının tərkib hissəsidir.
Rayonda iqtisadi dirçəlişin təmin edilməsində Ağdam Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də imzaladığı Fərmanla yaradılan və 190 hektar ərazini əhatə edən sənaye parkı Qarabağın istehsal potensialının reallaşdırılmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına xidmət edir.
Təqdim olunan məlumatlara əsasən, sənaye parkında ümumi investisiya həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 964 nəfər daimi işlə təmin edilib.
Ağdamın nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzindədir. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm hadisə oldu. Təxminən 8 hektar ərazidə inşa edilən kompleksdə gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, restoran və istirahət guşələri yaradılıb. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərməklə şəhərin digər bölgələrlə əlaqəsini gücləndirir.
Şəhərin mədəni həyatının bərpası istiqamətində görülən işlər də xüsusi qeyd olunmalıdır. 2025-ci il mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışı milli musiqi irsimizin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. 474 yerlik konsert zalı, dərs otaqları, sərgi və iclas zalları, eləcə də 615 tamaşaçı tutumuna malik açıq amfiteatr mərkəzin mədəni fəaliyyət imkanlarını genişləndirir.
Tarixi İmarət Kompleksinin, Ağdam Cümə məscidinin və Qiyaslı məscidinin bərpası şəhərin tarixi-mədəni simasının yenidən formalaşdırılmasına xidmət edir. Bununla yanaşı, yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, turizm obyektləri, yollar və mühəndis-kommunikasiya sistemləri yaradılır. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi isə bölgənin turizm potensialının inkişafı üçün yeni imkanlar açır.

Böyük Qayıdış – Ağdamda yeni həyatın başlanğıcı
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq siyasətinin əsas məqsədlərindən biri doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıdışını təmin etməkdir. Bu baxımdan Ağdamda Böyük Qayıdış proqramının icrası xüsusi əhəmiyyət daşıyır.
Ağdam şəhərinin Baş planına uyğun olaraq yaşayış məhəllələrinin salınması, kəndlərin yenidən qurulması və sosial infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Şəhərdə beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulub. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılması, sakinlərin doğma torpaqlarına köçürülməsi bu istiqamətdə görülən işlərin konkret nəticələridir. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı və Eyvazxanbəyli kəndlərində də bərpa və tikinti işləri həyata keçirilir.
2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Ümumilikdə, 2146 ailə, 8300 nəfər doğma torpaqlarına qayıdaraq burada yeni həyat qurmağa başlayıb.
Bu rəqəmlər Ağdamda həyata keçirilən quruculuq işlərinin real nəticələrini əks etdirməklə yanaşı, Böyük Qayıdış proqramının ardıcıl şəkildə icra olunduğunu göstərir. Hər yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi, hər ailənin doğma evinə qayıtması bölgənin sosial həyatının bərpasında mühüm mərhələdir.
Bu gün Ağdamda həyata keçirilən layihələr yalnız dağıdılmış şəhərin yenidən qurulmasına deyil, həm də bölgənin uzunmüddətli inkişafının təmin edilməsinə yönəlib. Müasir yaşayış məntəqələrinin salınması, iqtisadi fəaliyyətin genişləndirilməsi, sosial xidmətlərin təşkili və tarixi-mədəni irsin qorunması Ağdamın gələcək inkişafının əsas istiqamətlərini təşkil edir.
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, dövlətimizin gücünün və milli iradəsinin təcəssümüdür. Bu gün Ağdamda aparılan quruculuq işləri, sakinlərin doğma yurda qayıdışı və yeni iqtisadi imkanların yaradılması Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin real nəticələridir.
Ağdam bu gün tarixi keçmişinə sahib çıxaraq müasir inkişaf yolunda inamla irəliləyir. Şəhərin yenidən qurulması, iqtisadi potensialının bərpası və sakinlərinin doğma torpaqlarında məskunlaşması Qarabağın dirçəlişinin mühüm tərkib hissəsidir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az