Yeni Azərbaycan Partiyası: dünəndən bu günə, bu gündən gələcəyə » Shirvanqazeti.az - Şirvan Qəzeti

Yeni Azərbaycan Partiyası: dünəndən bu günə, bu gündən gələcəyə


1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində mühüm hadisə baş verdi. Ölkənin mürəkkəb ictimai-siyasi sınaqlardan keçdiyi, dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının təsis edilməsi milli dövlətçilik tariximizin əlamətdar səhifələrindən birinə çevrildi. Bu, yalnız yeni siyasi təşkilatın yaradılması deyil, Azərbaycanın gələcəyinə, müstəqilliyinə və inkişafına məsuliyyətlə yanaşan insanların ümumi ideya ətrafında birləşməsi idi.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və xalq arasında qazandığı böyük nüfuz Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi. Bu gün partiyanın keçdiyi yola nəzər saldıqda onun yaranma ideyasının, siyasi prinsiplərinin və qarşıya qoyduğu məqsədlərin Azərbaycan dövlətçiliyinin inkişafı ilə sıx bağlı olduğunu görürük.

Tarixi zərurətdən yaranan siyasi iradə: Yeni Azərbaycan Partiyasının təsis edilməsi
1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb və ziddiyyətli dövr yaşayırdı. Siyasi qeyri-sabitlik, idarəçilik böhranı, iqtisadi çətinliklər və ölkənin üzləşdiyi ciddi təhlükələr cəmiyyətdə güclü siyasi liderə və yeni siyasi təşkilata ehtiyac yaratmışdı. Belə bir şəraitdə Azərbaycanın tanınmış ziyalıları, nüfuzlu ictimai-siyasi xadimləri və ölkənin gələcəyini düşünən insanlar Heydər Əliyevin rəhbərliyi altında birləşmək təşəbbüsü ilə çıxış etdilər.
Bu prosesin mühüm mərhələsi 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət oldu. Azərbaycan tarixində “91-lər”in müraciəti kimi tanınan bu sənəd, əslində, cəmiyyətdə formalaşmış böyük bir ictimai-siyasi ehtiyacın ifadəsi idi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu.
Ulu Öndər müraciətə cavabında yeni partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirərək yazırdı:
“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərin iştirak etdiyi konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi, Siyasi Şura və İdarə Heyəti formalaşdırıldı.
Bu hadisə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlət müstəqilliyinin qorunmasını, milli maraqların müdafiəsini və ölkənin inkişafını əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri isə partiyanın siyasi fəlsəfəsini və zamanla dəyişən çağırışlara uyğun inkişaf məramını ifadə edən əsas ideyalardan birinə çevrildi.

Heydər Əliyev ideyalarından İlham Əliyevin liderliyinə: siyasi varislik və inkişaf
Yeni Azərbaycan Partiyasının formalaşması və qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsi, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin siyasi liderliyi ilə bağlıdır. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti və təşkilatçılıq bacarığı partiyanın cəmiyyət arasında nüfuzunun artmasına, təşkilati strukturunun möhkəmlənməsinə və siyasi fəaliyyətinin genişlənməsinə imkan yaratdı.
Yarandığı dövrdə müxalifət partiyası kimi siyasi fəaliyyətə başlayan YAP ölkənin siyasi həyatında konstruktiv mövqeyi, dövlətçilik maraqlarına əsaslanan yanaşması və sabitliyə verdiyi töhfə ilə seçildi. Sonrakı illərdə ümumxalq partiyasına çevrilən təşkilat Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutdu.
2005-ci il martın 26-da keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev partiyanın sədri seçildi. Bununla partiyanın fəaliyyətində yeni inkişaf mərhələsi başlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və yeni məzmunla zənginləşdirildi.
Bu siyasi varislik xətti yalnız partiya fəaliyyətində deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində özünü göstərdi. Ölkənin iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, ordu quruculuğunun inkişafı və milli maraqların ardıcıl müdafiəsi Azərbaycanın yeni inkişaf mərhələsinin əsas göstəricilərinə çevrildi.
2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayı partiyanın təşkilati və institusional inkişafında mühüm hadisə oldu. Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası formalaşdırıldı. Həmin gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Bu təyinat partiyanın rəhbər strukturunda yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, qadınların ictimai-siyasi həyatda fəal iştirakına verilən önəmin də ifadəsi kimi qiymətləndirilə bilər.
Bu gün Yeni Azərbaycan Partiyası üzvlərinin sayı və ölkənin ictimai-siyasi həyatındakı mövqeyi ilə regionun aparıcı siyasi təşkilatlarından biri kimi fəaliyyət göstərir. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında vurğuladığı kimi: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.

Müasir Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının rolu və strateji hədəfləri
Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin əsasını dövlətçilik, müstəqillik, azərbaycançılıq, milli həmrəylik və qanunun aliliyi kimi dəyərlər təşkil edir. Partiyanın Proqramında müəyyənləşdirilmiş prinsiplər onun yalnız bugünkü fəaliyyət istiqamətlərini deyil, həm də gələcək inkişaf strategiyasını əhatə edir.
2021-ci il dekabrın 29-da YAP İdarə Heyətinin iclasında təsdiq edilmiş Proqram beş fəsildən ibarətdir. Sənəddə partiyanın inkişaf yolu, siyasi dəyərləri, partiyadaxili münasibətlərin əsasları, strateji hədəfləri və Azərbaycanın gələcəyinə dair baxışları öz əksini tapıb.
Proqramda müəyyənləşdirilən 10 əsas siyasi dəyər və prinsip – Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı – partiyanın ideoloji istiqamətini müəyyən edir.
Bununla yanaşı, partiyanın qarşısında 11 strateji hədəf müəyyənləşdirilib. Ulu Öndər Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat və davamlı inkişaf, insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyi, milli maraqların müdafiəsi, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış bu hədəflərin əsas istiqamətləridir.
Partiyanın fəaliyyətində siyasi dialoq və konstruktiv əməkdaşlıq da mühüm yer tutur. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri dövlət və cəmiyyət maraqlarının prioritetliyini, milli məsələlər ətrafında həmrəyliyin vacibliyini ifadə edir.
YAP-ın ictimai-siyasi həyatda mövqeyi seçkilərdə əldə olunan nəticələrdə də öz əksini tapır. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində partiyanın namizədi İlham Əliyev 92,12 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin il sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə YAP 68 mandat qazandı. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə partiyanın 5855 namizədi bələdiyyə üzvü seçildi.
Bu göstəricilər partiyanın təşkilati fəaliyyətinin miqyasını və seçki prosesində iştirakını əks etdirir. Təqdim olunan məlumatlara əsasən, YAP-ın üzvlərinin sayı 769 811 nəfərdir. Partiya üzvlərini birləşdirən əsas dəyərlər isə vətənə sədaqət, milli maraqlara bağlılıq və dövlətçilik mövqeyidir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkəmizin qarşısında yeni inkişaf vəzifələri dayanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi, iqtisadi potensialın artırılması və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi bu yeni mərhələnin əsas istiqamətləridir. YAP-ın siyasi fəaliyyətində də həmin prioritetlərin dəstəklənməsi mühüm yer tutur.

Yeni hədəflər, yeni vəzifələr: YAP-ın gələcəyə baxışı
Yeni Azərbaycan Partiyasının keçdiyi 34 illik yol onun yaranma zərurətindən müasir siyasi təşkilat kimi formalaşmasına qədər mürəkkəb və əlamətdar mərhələləri əhatə edir. Bu yolun hər bir mərhələsi Azərbaycanın dövlətçilik tarixində baş verən mühüm dəyişikliklərlə sıx bağlıdır.
2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII qurultayı partiyanın siyasi və təşkilati həyatında növbəti mühüm hadisə oldu. Qurultayda Prezident İlham Əliyev proqram xarakterli çıxış edərək ölkənin yeni geosiyasi reallıqları şəraitində partiyanın qarşısında duran əsas vəzifələri və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Eyni zamanda, partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyən edildi və üzvləri seçildi.
Prezident İlham Əliyev qurultaydakı çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultayın xüsusi tarixi əhəmiyyətini vurğulayaraq bildirdi:
“Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”.
Bu fikir Azərbaycanın qarşısında açılan yeni tarixi mərhələnin siyasi mahiyyətini ifadə edir. Artıq ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi regional və beynəlxalq proseslərdə daha güclü mövqedən çıxış edir. Belə bir şəraitdə siyasi təşkilatların üzərinə düşən vəzifələr də yeni məzmun qazanır.
Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas məsələlərdən biri əldə olunmuş nailiyyətlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənc nəslin milli ideyalara bağlı ruhda yetişdirilməsi və cəmiyyətin bütün təbəqələri ilə sağlam əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Müasir dövrün çağırışlarına uyğunlaşmaq, innovativ yanaşmaları dəstəkləmək və ictimai-siyasi proseslərdə fəal iştirak etmək partiyanın gələcək fəaliyyətinin mühüm istiqamətləri kimi diqqət çəkir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini davam etdirir. Onun 34 illik tarixi Azərbaycanın müstəqillik salnaməsinin mühüm bir hissəsidir. Partiyanın keçdiyi yol bir daha göstərir ki, siyasi iradə, milli həmrəylik və dövlətçilik maraqlarına sədaqət ölkənin inkişafında mühüm amillərdir.
Ulu Öndər Heydər Əliyevin “dünənin, bu günün və gələcəyin partiyası” kimi xarakterizə etdiyi Yeni Azərbaycan Partiyasının əsas missiyası da zamanın çağırışlarına uyğun olaraq Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və gələcək inkişafına xidmət etməkdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az