“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını, xalqımızın iradəsini, milli və ümumbəşəri dəyərlərə bağlılığını özündə əks etdirən fundamental hüquqi sənəddir. Dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən Əsas Qanunumuz ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında müstəsna rol oynayır.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü bu baxımdan yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də dövlətçilik ənənələrimizə, hüququn aliliyinə və milli müstəqilliyimizə ehtiramın ifadəsidir.
Konstitusiya tariximiz və müstəqil dövlətçiliyimizin hüquqi əsasları
Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb və mühüm mərhələlərdən keçmişdir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməsə də, müstəqil dövlətçilik ideyalarının inkişafında əvəzsiz rol oynamışdır.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmiş, sonrakı illərdə ölkənin siyasi və hüquqi sistemində baş verən dəyişikliklərlə əlaqədar yeni konstitusiyalar təsdiq olunmuşdur. Bu tarixdə xüsusi əhəmiyyətə malik sənədlərdən biri də 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasıdır.
Həmin Konstitusiyanın hazırlanması prosesində Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi milli dövlətçilik tariximiz baxımından mühüm hadisə olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi xalqımızın milli kimliyinin və dilinin qorunması istiqamətində tarixi addım idi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxmışdır. Lakin 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı və qanunçuluğun zəifləməsi bu prosesin həyata keçirilməsinə ciddi maneələr yaratmışdır.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və müasir dövlət quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Məhz bu tarixi şəraitdə müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasına başlanılmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya komissiyası tərəfindən hazırlanmış layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmişdir. Referendumda seçicilərin 86 faizi iştirak etmiş, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinə səs vermişdir. Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir.
Konstitusiyamız – hüquqi dövlətin, insan hüquq və azadlıqlarının təminatçısı
Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını yaratmışdır. Əsas Qanun dövlət hakimiyyətinin təşkilini, hakimiyyət bölgüsünün prinsiplərini, qanunların aliliyini və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edir.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer verilməsidir. İnsan hüquqlarının qorunması, hər kəsin qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, sosial təminat və digər fundamental hüquqlar Əsas Qanunda təsbit olunmuşdur.
Konstitusiyanın müddəaları dövlət orqanlarının, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun və məsuliyyətin əsas meyarıdır. Bələdiyyələrin fəaliyyətinin hüquqi çərçivəsi, vətəndaşların yerli məsələlərin həllində iştirak imkanları və yerli özünüidarəetmənin prinsipləri də dövlətin hüquqi sisteminin mühüm tərkib hissəsidir.
Konstitusiyanın qəbulundan sonra ölkənin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin həyata keçirilməsi və Əsas Qanunun aliliyinin təmin olunması baxımından əhəmiyyətli hadisə olmuşdur.
Ölkənin inkişaf edən ictimai-siyasi və sosial-iqtisadi reallıqları nəzərə alınaraq Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təminatlarının gücləndirilməsi və müasir idarəetmə mexanizmlərinin formalaşdırılması məqsədi daşımışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə hüquqi dövlət quruculuğu, iqtisadi inkişaf və institusional islahatlar ardıcıl şəkildə davam etdirilir. Konstitusiyanın müəyyən etdiyi prinsiplər dövlətin fəaliyyətində, milli maraqların qorunmasında və cəmiyyətin inkişafında mühüm istiqamətverici rol oynayır.
Konstitusiya və Suverenlik İli: dövlətçilik tariximizin yeni mərhələsi
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və müstəqil dövlətçiliyinin hüquqi təminatıdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.
Bu tarixi nailiyyətlər dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirməklə yanaşı, Konstitusiyanın hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu tarixi hadisələrin əhəmiyyətini bir daha ön plana çıxarmışdır. Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində Qələbənin beşinci ildönümü dövlətçilik tariximizin mühüm mərhələlərini əhatə edir.
2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də Əsas Qanunun hazırlanmasına, təkmilləşdirilməsinə, hüquq sisteminin inkişafına və konstitusion prinsiplərin qorunmasına töhfə verən şəxslərin əməyinə verilən yüksək qiymətin ifadəsidir.
Bu gün Azərbaycan Respublikası yeni inkişaf mərhələsində öz milli maraqlarına əsaslanan müstəqil siyasət həyata keçirir. Dövlətimizin qarşısında duran strateji hədəflərin reallaşdırılması, azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin aparılması, vətəndaşların rifahının yüksəldilməsi Konstitusiyanın müəyyən etdiyi hüquqi və siyasi prinsiplərlə sıx bağlıdır.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik iradəsinin, müstəqilliyimizin və gələcəyə inamımızın təcəssümüdür. Əsas Qanunumuza hörmət, onun müddəalarına əməl olunması və hüquqi düşüncənin cəmiyyətdə möhkəmləndirilməsi hər bir vətəndaşın mühüm vəzifəsidir.
12 Noyabr – Konstitusiyası Günü münasibətilə bu tarixi sənədin mahiyyətini və əhəmiyyətini bir daha dərk etmək, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna töhfə vermək hər birimizin qarşısında duran məsuliyyətli və şərəfli vəzifədir.
