Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclik Yolunda” layihəsinin açılış mərasimi Şamaxı şəhərində keçirilib.
Gənclər arasında sağlam həyat tərzinin təşviqi, velosiped mədəniyyətinin inkişafı və idmanın kütləviləşdirilməsi məqsədi daşıyan tədbir çərçivəsində əvvəlcə Şamaxı şəhərində kütləvi veloyürüş təşkil olunub. İştirakçılar şəhərin küçələri boyunca hərəkət edərək velosiped idmanının və sağlam həyat tərzinin təbliğinə dəstək veriblər.
Daha sonra layihənin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Qədir Xəlilov, İctimai Birliyin rəhbəri Vüqar Salahov və digər qonaqlar iştirak ediblər.
Çıxışlar zamanı velosiped idmanının gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsində, onların mənəvi inkişafında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynadığı qeyd olunub. Bu istiqamətdə həyata keçirilən layihələrin gənclərin idmana marağının artırılması, sosial fəallığının yüksəldilməsi və sağlam həyat tərzinin təşviqi baxımından əhəmiyyəti vurğulanıb.
Tədbirdə, həmçinin ölkəmizdə gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edilib, bu sahədə həyata keçirilən məqsədyönlü siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Sonda kütləvi veloyürüşdə iştirak edənlərə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, “Gənclik Yolunda” layihəsinin növbəti mərhələlərinin İsmayıllı və Qəbələ rayonlarında keçirilməsi nəzərdə tutulur.
























