25 noyabr – Kəlbəcər şəhəri günü » Shirvanqazeti.az - Şirvan Qəzeti

25 noyabr – Kəlbəcər şəhəri günü


Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və bənzərsiz təbiətə malik bölgələrindən biri olan Kəlbəcər özünəməxsus coğrafi mövqeyi, təbii sərvətləri və tarixi abidələri ilə seçilir. Uca dağları, sıx meşələri, şəfalı mineral suları və qədim yaşayış məskənləri ilə tanınan bu diyar xalqımızın yaddaşında xüsusi yer tutur. Bu gün Kəlbəcər həm də milli iradənin, tarixi ədalətin bərpasının, doğma yurda qayıdışın və genişmiqyaslı quruculuğun rəmzidir.

Kəlbəcər – qədim tarix, zəngin irs və bənzərsiz təbiət
Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin tarixi və mədəni irsi ilə seçilir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” mənası ilə əlaqələndirilir. Ərazidə, xüsusilə Tərtər çayı boyunca yerləşən süni mağaralar, qədim yaşayış izləri, qayaüstü təsvirlər və daş abidələr bölgənin minilliklərə söykənən tarixindən xəbər verir.
Kəlbəcər ərazisində 30 min ildən çox yaşı olan qədim yaşayış məskənlərinin, 6 min il yaşı olan qaya təsvirlərinin və qədim türk əlifbası nümunələrinin aşkar edilməsi bu diyarın tarixi əhəmiyyətini bir daha nümayiş etdirir. Müxtəlif tarixi dövrlərə aid daş abidələr bölgənin zəngin mədəniyyətinin və qədim sivilizasiya izlərinin göstəricisidir.
1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin ən hündür zirvələri Camışdağ dağındakı 3724 metr yüksəklik və 3616 metr hündürlüyə malik Dəlidağdır. Dağlıq relyefi, geniş meşə sahələri, çayları, mineral su mənbələri və zəngin təbiəti ilə seçilən rayon ölkəmizin mühüm təbii sərvət mənbələrindən biridir.
Bu sərvətlər sırasında “İstisu” mineral suları xüsusi yer tutur. Dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından çıxan və təbii temperaturu 60 dərəcədən yüksək olan İstisu Azərbaycanın nadir təbii sərvətlərindəndir. Bölgənin zəngin təbiəti və coğrafi xüsusiyyətləri Kəlbəcərin turizm, istirahət və iqtisadi inkişafı üçün geniş imkanlar yaradır.

 İşğalın acı nəticələri, tarixi ədalətin bərpası və Kəlbəcərin azadlığı
Kəlbəcərin müasir tarixində ən ağır və faciəli səhifələrdən biri 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlıdır. İşğal nəticəsində rayonun dinc əhalisi doğma yurdlarından didərgin düşmüş, yaşayış məntəqələri, tarixi-mədəni abidələr və sosial infrastruktur dağıntılara və talana məruz qalmışdır.
İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Kəlbəcər sakinləri Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşlar. Rayonun 97 məktəbi, 116 kitabxanası, 9 uşaq bağçası, xəstəxanaları, mədəniyyət evləri, muzeyləri və digər sosial obyektləri dağıdılmış və ya talan edilmişdir.
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunsa da, bu tələb uzun illər yerinə yetirilməmişdir.
Nəhayət, 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələyə çevrildi. Müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi rayonun hərbi-strateji əhəmiyyətini bir daha ortaya qoydu.
Vətən müharibəsində qazanılan Qələbədən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Bununla da uzun illər doğma yurd həsrəti ilə yaşayan Kəlbəcər sakinlərinin qayıdış arzularının gerçəkləşməsi üçün yeni mərhələ başlandı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edildi. Bu tarix xalqımızın yaddaşında azadlığın, tarixi ədalətin və doğma torpaqlara qayıdışın rəmzi kimi yaşayır.

Kəlbəcərin dirçəliş salnaməsi: Prezident İlham Əliyevin tarixi səfərləri
Kəlbəcərin azadlığa qovuşması ilə rayonun tarixində yeni bir mərhələ başlandı. Qarşıda işğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, iqtisadi potensialın hərəkətə gətirilməsi və sakinlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi kimi mühüm vəzifələr dayanırdı. Bu məqsədlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin Kəlbəcərə mütəmadi səfərləri rayonun dirçəliş prosesinin ardıcıl mərhələlərini əks etdirir. Hər səfər yeni layihələrin başlanması, mühüm obyektlərin istifadəyə verilməsi və gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsi ilə yadda qalıb.
16 avqust 2021-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə ilk səfəri azad edilmiş rayonda quruculuq işlərinin başlanğıc mərhələsinin mühüm hadisəsi oldu. Ömər aşırımından Kəlbəcərin mənzərəsi seyr edildi, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin təməli qoyuldu, “Kəlbəcər” yarımstansiyasının açılışı keçirildi. Dövlət başçısı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə və dağıdılmış “İstisu” sanatoriyasının vəziyyəti ilə tanış oldu. Kəlbəcər şəhərində Azərbaycan bayrağının ucaldılması isə bu səfərin ən yaddaqalan məqamlarından biri kimi tarixə düşdü. Həmin dövrdə əsas diqqət rayonun digər ərazilərlə əlaqəsinin bərpasına, enerji təminatına və təhlükəsizlik infrastrukturunun yaradılmasına yönəlmişdi.
26 iyun 2022-ci il tarixindəki səfər quruculuq prosesinin yeni mərhələyə keçdiyini göstərdi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası və hərbi hissə istifadəyə verildi. Prezident Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməlqoyma mərasimlərində iştirak etdi. Beləliklə, rayonun yalnız ilkin infrastrukturunun deyil, gələcək şəhər mühitinin, iqtisadi və turizm imkanlarının da formalaşdırılmasına başlanıldı.
27 may 2023-cü il tarixində Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı quruculuq işləri şəhərdən kəndlərə doğru genişləndi. Yanşaq və Zallar kəndlərinin təməli qoyuldu, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları istifadəyə verildi. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda aparılan işlərlə tanışlıq keçirildi, hərbi hospital açıldı. Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlinin qoyulması isə gələcək sakinlərin rahat yaşayışı və təhsili üçün zəruri şəraitin yaradılması istiqamətində mühüm addım idi.
26 avqust 2023-cü il tarixli səfər rayonun enerji və turizm potensialının inkişafı baxımından əlamətdar oldu. “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları istifadəyə verildi. Dövlət başçısı “İstisu” mineral sudoldurma zavodunun tikintisi və Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldu, Zar kəndinin təməlqoyma mərasimində iştirak etdi. Həmin ilin 7 noyabr tarixində isə Kəlbəcər rayonunun Vəngli kəndində aparılan işlərlə tanışlıq keçirildi. Bu hadisələr rayonun kənd yaşayış məntəqələrinin bərpası ilə yanaşı, təbii sərvətlərindən və mövcud iqtisadi imkanlarından səmərəli istifadə edilməsinin də prioritet olduğunu göstərirdi.
2 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri zamanı bir sıra mühüm layihələr reallaşdı. “Yuxarı Vəng” Su Elektrik Stansiyası və “İstisu” mineral su zavodu istifadəyə verildi. Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın təməli qoyuldu, 524 ailəlik yaşayış kompleksində görülən işlərlə tanışlıq keçirildi. Şəhər Təhsil Kompleksinin, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı tunellərin və İstisu Müalicə-İstirahət Kompleksinin tikintisi diqqət mərkəzində oldu. İstisu qəsəbəsinin təməlinin qoyulması da bu mərhələnin mühüm hadisələrindən idi. Artıq Kəlbəcərdə quruculuq işləri yalnız yolların və enerji obyektlərinin inşası ilə məhdudlaşmır, müasir şəhər və yaşayış mühitinin yaradılmasını əhatə edirdi.
21 avqust 2025-ci il tarixində Prezident İlham Əliyevin Kəlbəcərə növbəti səfəri Böyük Qayıdış prosesinin real nəticələrinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıdı. Şəhərdə üçüncü və dördüncü yaşayış komplekslərinin, eləcə də şəhər parkının təməli qoyuldu. “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı oldu. Dövlət başçısı doğma yurda qayıdan sakinlərlə görüşərək onlara mənzillərin açarlarını təqdim etdi. Səfər zamanı “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları da istifadəyə verildi. Bu hadisələr Kəlbəcərdə həyatın tədricən əvvəlki axarına qayıtdığını, quruculuq işlərinin insanların doğma yurdda məskunlaşması ilə tamamlandığını göstərirdi.
Prezident İlham Əliyevin Kəlbəcərə səfərlərinin xronologiyası rayonun inkişafında ardıcıl və məqsədyönlü mərhələlərin həyata keçirildiyini təsdiqləyir. İlk illərdə yol, enerji və təhlükəsizlik infrastrukturu quruldu, sonrakı mərhələdə kəndlərin və şəhər yaşayış məntəqələrinin bərpasına, sosial obyektlərin yaradılmasına, iqtisadi və turizm imkanlarının genişləndirilməsinə başlanıldı. Nəhayət, bu işlərin əsas məqsədi olan Böyük Qayıdış mərhələsi reallaşmağa başladı.
Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri təkcə dağıdılmış ərazilərin bərpası deyil. Bu, doğma yurdda yeni həyatın qurulması, tarixi torpaqlarımızın iqtisadi və sosial potensialının yenidən canlandırılması, gələcək nəsillər üçün müasir və dayanıqlı yaşayış mühitinin yaradılması deməkdir.

Böyük Qayıdış – Kəlbəcərdə yeni həyat və gələcək inkişaf perspektivləri
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də gələcək nəsillər üçün müasir, dayanıqlı və inkişaf etmiş yaşayış mühitinin yaradılması məqsədi daşıyır. Bölgənin zəngin təbii sərvətləri, turizm imkanları, enerji potensialı və iqtisadi perspektivləri onun ölkənin sosial-iqtisadi həyatında mühüm mövqeyə sahib olacağına əsas yaradır.
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, şəhərin ərazisinin təxminən 130 hektardan 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə yaşayış binaları, fərdi evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, idman və istirahət obyektləri inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsinin salınması Böyük Qayıdış prosesinin mühüm mərhələsidir. Yaşayış kompleksində çoxmənzilli binalarla yanaşı, fərdi evlər, parklar, istirahət guşələri, sosial-məişət obyektləri, uşaq oyun və idman meydançaları yaradılır.
Rayonun kəndlərinin yenidən qurulması da diqqət mərkəzindədir. Yanşaq kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması nəzərdə tutulub. Bu yaşayış məntəqələrində fərdi evlərlə yanaşı, məktəb və uşaq bağçalarının tikintisi, zəruri sosial infrastrukturun yaradılması planlaşdırılır.
Bölgənin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan yolun üzərində ümumi uzunluğu 25,9 kilometr təşkil edən beş tunelin inşası nəzərdə tutulub. Murovdağ tunelinin texniki açılışı da bu mühüm layihənin əhəmiyyətini artırır. Yeni yol infrastrukturu Kəlbəcərin digər rayonlarla əlaqəsini asanlaşdırmaqla yanaşı, turizm və iqtisadi fəaliyyət üçün də əlavə imkanlar yaradacaq.
Kəlbəcərin enerji potensialından səmərəli istifadə məqsədilə rayonda bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar tikilib. Bu layihələr bölgənin enerji təminatına, iqtisadi inkişafına və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinə xidmət edir.
Bölgənin turizm potensialının reallaşdırılması istiqamətində “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması mühüm layihələrdən biridir. Kompleksdə hotel, kotteclər, inzibati binalar və müalicə-sağlamlıq mərkəzinin yaradılması nəzərdə tutulur. “İstisu” mineral su zavodunun fəaliyyəti isə yerli təbii sərvətlərin sənaye üsulu ilə istehsala cəlb olunması, yeni iş yerlərinin açılması və bölgənin iqtisadi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
2026-cı il noyabrın 6-na olan məlumata görə, Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Bu göstərici doğma yurda qayıdış prosesinin davam etdiyini və Kəlbəcərdə yeni həyatın formalaşdığını nümayiş etdirir.
Kəlbəcərin gələcək inkişafı onun tarixi irsinin qorunması, təbii sərvətlərindən səmərəli istifadə, müasir infrastrukturun yaradılması və əhalinin dayanıqlı məskunlaşması ilə sıx bağlıdır. Bölgədə həyata keçirilən layihələr Kəlbəcərin həm yaşayış, həm turizm, həm də iqtisadi baxımdan inkişaf etmiş ərazilərdən birinə çevrilməsi üçün zəmin yaradır.
25 noyabr – Kəlbəcər şəhəri günü xalqımız üçün sadəcə təqvim tarixi deyil. Bu gün azadlığın, tarixi yaddaşın, milli birliyin və doğma torpaqlara qayıdışın rəmzidir. Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşən Kəlbəcər bu gün yenidən qurulur, canlanır və gələcəyə doğru inamla addımlayır.
Kəlbəcər artıq yalnız keçmişin xatirələri ilə deyil, qurulan yeni həyatı, doğma yurda qayıdan sakinləri və böyük inkişaf perspektivləri ilə yaşayır. Bu qədim Azərbaycan torpağında başlanan dirçəliş tarixi Zəfərin davamı, gələcək nəsillərə ötürülən mühüm milli irsdir.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az