Şamaxıda “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda konfrans keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda konfrans keçirilib


Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimai xadimlər, alimlər, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycan qadınının cəmiyyət həyatındakı rolu, qadın siyasətinin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri geniş şəkildə əks olunub.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aytəkin Quliyeva, AMEA-nın professoru Rəna Mirzəyeva, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Səkinə Babayeva, rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdulrazaqova və Şamaxı Avropa Liseyinin direktor vəzifəsini icra edən Sahil Şirinov Azərbaycan qadınının tarix boyu xalqımızın inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət qadın siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal iştirakı, dövlət idarəçiliyində, elm, təhsil, mədəniyyət və sahibkarlıq sahələrində qazandıqları nailiyyətlər bunun bariz nümunəsi kimi dəyərləndirilib.

Natiqlər müasir Azərbaycan qadınının dünyada layiqincə təmsil olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd ediblər. Bildirilib ki, Mehriban Əliyevanın humanist fəaliyyəti, milli-mənəvi dəyərlərimizin qorunması və sosial layihələrin həyata keçirilməsi istiqamətində gördüyü işlər Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə əks etdirir.

Tədbirdə həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin regionların inkişafına mühüm töhfələr verdiyi vurğulanıb. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa edilən və konfransın keçirildiyi Şamaxı Avropa Liseyinin rayonun təhsil həyatında mühüm rol oynadığı bildirilib və buna görə rayon sakinləri adından minnətdarlıq ifadə olunub.

Konfransın bədii hissəsində Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin təqdimatında konsert proqramı nümayiş etdirilib. Musiqi nömrələri və vətənpərvərlik ruhunda çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az