Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Müsahibədə dövlət başçısı Azərbaycan ilə Vyetnam arasında formalaşmış çoxillik dostluq münasibətlərinin tarixinə, siyasi dialoqun hazırkı vəziyyətinə, iqtisadi-ticari və humanitar əməkdaşlığın əsas istiqamətlərinə, eləcə də qarşıdakı rəsmi səfərdən gözləntilərə toxunub.
Prezident İlham Əliyevin fikirləri iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl üzərində inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və gələcək əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bir daha nümayiş etdirir.
Tarixi dostluq və siyasi tərəfdaşlığın möhkəm təməli
Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin tarixi ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında münasibətlərin inkişafında mühüm tarixi hadisə olub. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də xüsusi xidmətləri var. 1983-cü ildə onun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri və əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşməsinə mühüm töhfə verib.
Prezident İlham Əliyev müsahibəsində bu tarixi hadisələri xüsusi minnətdarlıq hissi ilə xatırladaraq, Azərbaycan-Vyetnam münasibətlərinin zamanın sınaqlarından çıxmış möhkəm dostluq üzərində qurulduğunu vurğulayıb.
Müstəqillik dövründə də bu ənənələr qorunub saxlanılıb və yeni məzmunla zənginləşdirilib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olub.
2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərin tarixində yeni səhifə açıb. Səfər çərçivəsində aparılan müzakirələr energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik də daxil olmaqla geniş sahələri əhatə edib. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyib.
Bu gün Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlı əlaqələr siyasi dialoqun mühüm istiqamətlərindəndir.
Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Vyetnamın göstərdiyi dəstək, eləcə də 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi mövqe ölkələr arasında qarşılıqlı etimadın bariz nümunəsidir.
İqtisadi, humanitar və mədəni əməkdaşlığın genişlənən imkanları
Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla yanaşı, mövcud göstəricilər tərəflərin malik olduğu iqtisadi potensialı tam əks etdirmir. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Energetika sektoru Azərbaycan-Vyetnam tərəfdaşlığının ənənəvi və prioritet istiqamətlərindən biridir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur.
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağı da ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır. ROX Group şirkətinin tikinti, infrastrukturun inkişafı, Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi investisiya əməkdaşlığının genişləndiyini nümayiş etdirir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması bu istiqamətdə atılan konkret addımlardandır.
Nəqliyyat-logistika sahəsində də əməkdaşlıq üçün əlverişli perspektivlər yaranır. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılması baxımından mühüm imkanlar yaradır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi bu əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyətə malikdir. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi sahədəki müsbət dinamikanı göstərir.
İqtisadi əlaqələrlə yanaşı, humanitar, təhsil və mədəni əməkdaşlıq da Azərbaycan-Vyetnam münasibətlərinin mühüm tərkib hissəsidir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə və müxtəlif təhsil proqramlarına göstərilən dəstək xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu münasibətlərin inkişafında əhəmiyyətli hadisə olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.
Təhsil əlaqələrinin zəngin tarixi ənənələri var. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu sahədə əməkdaşlığın miqyasını göstərir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə iki xalq arasında tarixi dostluğun rəmzinə çevrilib.
Mədəniyyət sahəsində də qarşılıqlı əlaqələr davamlı şəkildə inkişaf edir. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə festivalın ilk dəfə Bakı ilə yanaşı Qəbələdə də təşkil olunması, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşri mədəni əməkdaşlığın yeni nümunələridir.
Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin Vyetnamla bağlı fəaliyyəti də bu dostluğun tarixində xüsusi yer tutur. Bəstəkar Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası” və rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda kino sənətinin inkişafına verdiyi töhfələr iki xalqın mədəni yaxınlığının mühüm göstəriciləridir.
Dostluq münasibətləri çətin günlərdə göstərilən qarşılıqlı dəstəklə də möhkəmlənir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının və 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi humanizm və həmrəylik prinsiplərinə sadiqliyin ifadəsidir.
Gələcəyə yönələn strateji tərəfdaşlıq
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də Vyetnama qarşıdakı rəsmi səfərdən gözləntilər və gələcək əməkdaşlığın istiqamətləridir. Dövlət başçısı dost Vyetnama səfərini səbirsizliklə gözlədiyini bildirərək, bu səfərin iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkələrdən biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm logistika və energetika mərkəzidir. Hər iki ölkənin coğrafi mövqeyi, iqtisadi resursları və beynəlxalq əməkdaşlıq imkanları yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi, biznes və investisiya əlaqələrinin genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində mövcud potensialın reallaşdırılması Azərbaycan-Vyetnam əməkdaşlığının gələcək inkişafında mühüm rol oynaya bilər. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətin konkret iqtisadi nəticələr verəcəyi şübhəsizdir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə bir daha göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri möhkəm tarixi təməl üzərində inkişaf edərək yeni strateji məzmun qazanır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dostluq ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara söykənən tərəfdaşlıq isə iki ölkənin və xalqların gələcək inkişafına xidmət edən mühüm amildir.
