Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun rayonun Qızmeydan kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələri və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Görüş zamanı Tahir Məmmədov ölkədə, o cümlədən Şamaxı rayonunda son illər həyata keçirilən quruculuq və abadlıq işlərindən danışıb. Kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Səyyar qəbul zamanı Qızmeydan kənd sakinləri kənddaxili küçələrin, eləcə də Pirbəyli kəndinə gedən yolun təmir olunması, məişət tullantılarının toplanması üçün konteynerlərin quraşdırılması ilə bağlı müraciətlərini bildiriblər. Həmçinin kənd sakinlərinin istehsal etdikləri məhsulların satışında qarşılaşdıqları çətinliklər diqqətə çatdırılıb.
Sakinləri narahat edən digər məsələlər də müzakirə olunub, qaldırılan problemlərin operativ həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.








