Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu rayonun Talışnuru kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də Talışnuru kənd sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkədə və rayonda son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrası istiqamətində görülən tədbirlərdən ətraflı danışıb.
Qəbul zamanı Talışnuru kənd sakinləri tərəfindən əsasən kəndə gedən yolun çay ərazisindən keçən hissəsinin bərpası, eləcə də kənd ərazisində əkin sahələrinə gedən yolların təmiri ilə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin qaldırdıqları digər məsələlər ətrafında müzakirələr aparılıb, müraciətlərin operativ həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, səyyar qəbullar vətəndaşların müraciətlərinin yerində öyrənilməsi, mövcud problemlərin həlli istiqamətində çevik tədbirlərin görülməsi və sakinlərlə birbaşa əlaqələrin gücləndirilməsi məqsədilə keçirilir.





