Azərbaycan – Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üçün nadir bir nümunəyə çevrilib


Azərbaycan və Türkiyə liderlərinin Prezident seçkilərindən sonra ilk rəsmi səfərlərini qardaş ölkəyə etməsi artıq ənənəyə çevrilib, bu həmdə rəmzi məna daşıyır. Bu səfərlər ikitərəfli münasibətləri yeni müstəviyə yüksəltməklə yanaşı regionda yaranan yeni reallıqlar fonunda xüsusən əhəmiyyətlidir.
Bu gün dünyada gərgin geosiyasi proseslərin, müharibələrin getdiyi bir dövrdə Azərbaycanla Türkiyə qarşıda duran ağır sınaqlardan üzüağ, başı uca çıxmağı bacarır. İki ölkə münasibətlərinin ən əsas rəmzi məqamlarından biri də ölkə rəhbərlərinin Prezident seçkilərindən sonra etdikləri xarici səfərləridir.
Siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır. Əməkdaşlığın daha da gücləndirilməsi üçün mühüm addımlar atılır. 2021- ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə əlaqələrinin strategi müttəfiqliyə yüksəltdi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan : “Prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla çıxış edərək,Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”.
Cənab Prezident qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir: “Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik.”
Dövlət başçısı vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək:“Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.”
Azərbaycanla Türkiyə arasında enerj idaşıyıcıları sahəsində əməkdaşlığın genişlənəcəyindən danışan Prezident İlham Əliyev deyib ki, ötən il Azərbaycandan Türkiyəyə doqquz milyard kubmetr təbii qaz ixrac edilib: “Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir”.
Azərbaycan lideri nəqliyyat sahəsində də oxşar mənzərənin yarandığını vurğulayıb: Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.
Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı. Birgə istehsalla əlaqədar konkret planlarımız var. Yəqin ki, bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır.
Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir

Cari ilin 19 fevral tarixində Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış Azərbaycan-Türkiyə sənədləri - “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” iki qardaş ölkə üçün mühüm əhəmiyyət daşıyır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında Azərbaycan ilə bağlı öz əksini tapmış mühüm açıqlamalar da böyük rol oynayır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik”, “Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik”, “Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük”, “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik”, “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı” fikirləri bir daha onu sübut edir ki,  Azərbaycan-Türkiyə qardaşlığı daimidir, əbədidir, dönməzdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az