Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun Yusif Məmmədəliyev qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Tahir Məmmədov ölkə üzrə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Qəsəbə sakinləri onları narahat edən bir sıra məsələləri diqqətə çatdırıblar. Müraciətlər arasında həkim məntəqəsinə həkim təyin olunması, su və kanalizasiya sisteminin yaxşılaşdırılması, yolların və nəqliyyat infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması, elektrik təchizatı və küçə işıqlandırılması, həmçinin abadlıq və yaşıllaşdırma işlərinin aparılması ilə bağlı məsələlər üstünlük təşkil edib.
Sakinlərin digər müraciətləri də dinlənilib və onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.








