Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə sadəcə siyasi dialoqun hüdudlarını aşaraq real layihələr, qarşılıqlı investisiyalar və regional əməkdaşlıqla zənginləşən geniş tərəfdaşlığa çevrilib. Avqustun 23-də Daşkənddə keçirilən görüş bu münasibətlərin əldə etdiyi nəticələri bir daha ortaya qoymaqla yanaşı, qarşıdakı dövr üçün yeni istiqamətləri də müəyyənləşdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin növbəti dəfə təsdiqi olub. Prezidentlərin mətbuata bəyanatlarında həm ölkələr arasında dostluq və qardaşlıq bağlarının möhkəmliyi, həm də bu münasibətlərin konkret iqtisadi və regional layihələrlə zənginləşdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Özbəkistanı birləşdirən əsas amillərdən biri xalqlarımızın tarixi, mədəni və mənəvi yaxınlığıdır. Bu yaxınlıq dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Son illərdə qarşılıqlı etimadın artması iki ölkəyə müxtəlif sahələrdə daha böyük layihələr həyata keçirmək imkanı verib.
İqtisadi əməkdaşlıq yeni imkanlar açır
Prezident İlham Əliyev Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi qeyd edib. Ölkədə həyata keçirilən islahatlar, sənaye və kənd təsərrüfatının inkişafı, nəqliyyat və enerji infrastrukturunun yenilənməsi, investisiyalar üçün yaradılan imkanlar Özbəkistanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Bu inkişaf, öz növbəsində, Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığı üçün də yeni imkanlar yaradıb.
Bu gün iki ölkənin əməkdaşlığı enerji və nəqliyyatdan turizmə, avtomobil sənayesindən kənd təsərrüfatına, bankçılıqdan investisiya layihələrinə qədər geniş bir sahəni əhatə edir. Azərbaycan şirkətlərinin Özbəkistan bazarına daxil olması, Özbəkistanın isə Azərbaycanda müxtəlif layihələrə investisiya yatırması qarşılıqlı iqtisadi marağın getdikcə artdığını göstərir.
İki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması qarşıya mühüm hədəf kimi qoyulub. Bu rəqəm yalnız iqtisadi göstərici deyil, eyni zamanda iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi üçün qarşıya qoyulan konkret vəzifədir. Yeni investisiya layihələri, sənaye əməkdaşlığı və qarşılıqlı biznes əlaqələri bu hədəfə çatmaq üçün əsas istiqamətlərdəndir.
Enerji sahəsində də əməkdaşlıq yeni mərhələyə daxil olur. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin inkişaf etdirilməsi, gələcəkdə istismar quyularının qazılmasının nəzərdə tutulması iki ölkənin enerji sahəsində uzunmüddətli əməkdaşlıq üçün ciddi potensiala malik olduğunu göstərir.
Azərbaycan–Özbəkistan tərəfdaşlığı regional əhəmiyyət qazanır
Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyəti yalnız iki ölkənin sərhədləri ilə məhdudlaşmır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi fonunda Özbəkistanla əməkdaşlıq regional proseslərin mühüm istiqamətlərindən birinə çevrilib. Nəqliyyat dəhlizləri, ticarət, investisiya və enerji sahələrində ortaq maraqlar Azərbaycanı və Mərkəzi Asiyanı bir-birinə daha sıx bağlayır.
Ölkə başçısı bu prosesin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur.”
Bu yanaşma Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini də aydın göstərir. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumu əlaqələrin yalnız dövlət səviyyəsində deyil, şəhərlər və regionlar arasında da inkişaf etdiyini ortaya qoyub. Bu istiqamət yerli sahibkarlar arasında əlaqələrin genişlənməsi, yeni investisiyaların cəlb edilməsi və turizm, sənaye, kənd təsərrüfatı kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.
Şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması da əlaqələrin yeni mərhələsinin mühüm göstəricilərindəndir. Xankəndi ilə Ürgənc, Naxçıvan ilə Ürgənc, Laçın ilə Buxara arasında əlaqələrin yaradılması iki ölkənin regionları arasında birbaşa təmasların genişlənməsi üçün yeni imkanlar açır.
Qarabağın bərpası qardaşlığın real nümunəsidir
İki ölkə arasında münasibətlərin xüsusi məqamlarından biri Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması bu dəstəyin ən konkret nümunələrindəndir.
Dövlətimizin başçısının da vurğuladığı kimi, Özbəkistanın Qarabağda həyata keçirilən ilk böyük layihələrdə iştirakı iki ölkə arasında qardaşlıq münasibətlərinin real ifadəsidir. Bu layihələr yalnız iqtisadi və sosial əhəmiyyət daşımır, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük quruculuq prosesinə dost və qardaş ölkənin verdiyi dəstəyi nümayiş etdirir.
Füzulidə məktəbin inşası bölgədə təhsil infrastrukturunun inkişafına, Xankəndidə tikiş fabrikinə investisiya isə istehsalın və məşğulluğun artırılmasına xidmət edir. Belə layihələr Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi bəyanatlarla deyil, konkret nəticələrlə müşayiət olunduğunu göstərir.
Regionlararası əlaqələrin inkişafı da bu tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Xankəndi, Naxçıvan və Laçın şəhərlərinin Özbəkistanın şəhərləri ilə əlaqələrinin genişləndirilməsi gələcəkdə mədəniyyət, turizm, təcrübə mübadiləsi və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşir
Daşkənd görüşünün diqqət çəkən məqamlarından biri Azərbaycan–Özbəkistan münasibətlərinin artıq əldə olunan nəticələrlə yanaşı, qarşıdakı dövr üçün daha böyük hədəflər üzərində qurulmasıdır. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, sənaye və kənd təsərrüfatında yeni imkanların yaradılması əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması bu hədəflərin reallaşdırılması üçün geniş imkanlar yaradır. Azərbaycanın nəqliyyat və enerji imkanları ilə Özbəkistanın istehsal və sənaye potensialının bir araya gəlməsi yalnız ikitərəfli iqtisadi əlaqələrə deyil, daha geniş regional əməkdaşlığa da mühüm töhfə verə bilər.
Eyni zamanda, regionlararası əlaqələrin genişləndirilməsi əməkdaşlığın daha geniş ictimai və iqtisadi müstəviyə çıxmasına şərait yaradır. Şəhərlər, sahibkarlar, turizm və mədəniyyət qurumları arasında birbaşa əlaqələrin artması xalqlarımız arasındakı mövcud yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir.
Əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi bir neçə istiqamətin bir-birini tamamlamasından yaranır. Siyasi etimad iqtisadi əməkdaşlığı gücləndirir, iqtisadi əlaqələr regional layihələrə yeni imkanlar açır, xalqlar arasındakı tarixi-mədəni yaxınlıq isə bütün bu proseslər üçün möhkəm mənəvi baza yaradır.
Prezident İlham Əliyevin Özbəkistan Prezidentini Azərbaycana dövlət səfərinə dəvət etməsi də iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdiriləcəyini göstərir. Qarşılıqlı səfərlər və müntəzəm təmaslar əlaqələrin yeni istiqamətlər üzrə inkişafına əlavə imkanlar yaradır.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri bu gün möhkəm siyasi iradə, qarşılıqlı etimad və konkret əməkdaşlıq üzərində inkişaf edir. Tarixi və mənəvi yaxınlıqla yanaşı, artan iqtisadi əlaqələr, Qarabağın bərpasında əməkdaşlıq və regional maraqlar iki qardaş ölkənin tərəfdaşlığını daha da gücləndirir.
Daşkənd görüşü bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yeni inkişaf mərhələsindədir və bu tərəfdaşlığın qarşıdakı illərdə daha böyük layihələr, yeni təşəbbüslər və konkret nəticələrlə zənginləşməsi üçün möhkəm əsaslar mövcuddur.
Daşkənddə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib.
Görüşdə iki ölkə arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Tərəflər ticarət və investisiya əlaqələrinin inkişafı, birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
İclas Azərbaycan və Özbəkistan arasında son illərdə yüksələn siyasi münasibətlərin növbəti göstəricisi kimi diqqət çəkir. Dövlət başçılarının mütəmadi təmasları və Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkə arasındakı əlaqələrin sistemli şəkildə inkişaf etdirildiyini göstərir.
Görüş zamanı Azərbaycan və Özbəkistan arasında dostluq, ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində görülən işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr də müzakirə olunub.
İclasın mühüm nəticələrindən biri əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı razılaşmaların əldə olunmasıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra bildirib ki, tərəflər yeni Yol Xəritəsini qəbul edib və qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması barədə razılığa gəliblər.
Azərbaycan və Özbəkistan prezidentlərinin Daşkənddə keçirdiyi görüşlər çərçivəsində bir sıra sənədlərin imzalanması və mübadiləsi də həyata keçirilib.
Vurğulayaq ki, Ali Dövlətlərarası Şuranın iclası Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin əsas tədbirlərindən biri olub.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltif edilməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi oldu.
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında qarşılıqlı təltif mərasimi keçirilib.
Mərasimdə Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini təqdim edib. İlham Əliyev isə Özbəkistanın dövlət başçısını Azərbaycanın ali dövlət təltiflərindən biri olan “Heydər Əliyev” ordeni ilə təltif edib.
Təltiflər iki dövlət başçısının Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına verdiyi töhfənin ifadəsi olmaqla yanaşı, iki ölkə arasında formalaşmış qarşılıqlı etimad və siyasi yaxınlığın da rəmzi kimi diqqət çəkir.
Mərasimdə çıxış edən Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistanla əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndirib. O, iki ölkə arasında yeni Yol Xəritəsinin qəbul edildiyini və qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltifi iki ölkənin münasibətlərində yalnız diplomatik protokol hadisəsi deyil, həm də strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin siyasi rəmzi kimi qiymətləndirilə bilər.
Daşkənddə keçirilən görüşlər fonunda verilən mesajlar göstərir ki, Bakı və Daşkənd münasibətləri qarşıdakı dövrdə siyasi əməkdaşlıqla yanaşı, iqtisadi, humanitar, mədəni və digər sahələrdə də daha geniş məzmun qazanacaq.
Daşkənddə Azərbaycan–Özbəkistan əməkdaşlığına dair mühüm sənədlər imzalanıb








