Azərbaycan–Özbəkistan: qardaşlıqdan müttəfiqliyə uzanan yol » Shirvanqazeti.az - Şirvan Qəzeti

Azərbaycan–Özbəkistan: qardaşlıqdan müttəfiqliyə uzanan yol


21 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin keçdiyi yol, bu gün əldə olunan nəticələr və qarşıda duran yeni əməkdaşlıq imkanları geniş şəkildə əksini tapıb.
Azərbaycanla Özbəkistan arasında münasibətlərin tarixində elə bağlar var ki, onları yalnız diplomatik sənədlərlə, rəsmi görüşlərlə və imzalanan müqavilələrlə izah etmək mümkün deyil. Bu iki xalqı bir-birinə yaxınlaşdıran daha dərin və daha möhkəm dəyərlər – ortaq tarix, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi köklər və əsrlər boyu nəsildən-nəslə ötürülən qardaşlıq duyğusudur.
Bu gün həmin tarixi və mənəvi yaxınlıq dövlətlərarası münasibətlərdə də öz real ifadəsini tapır. Azərbaycan və Özbəkistan əlaqələri son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də bu münasibətlərin bugünkü mənzərəsini aydın şəkildə ortaya qoyur.
Münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşmış qarşılıqlı hörmət və etimad mühüm rol oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmləndirilməsi istiqamətində fəaliyyəti Azərbaycanda yüksək qiymətləndirilir.
Son beş ildə ən yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlər və sıx təmaslar münasibətlərin inkişaf tempini göstərir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərin tarixində mühüm mərhələlərdən olub.
Bu səfərlər zamanı imzalanmış sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı siyasi və hüquqi əlaqələrin əsaslarını daha da möhkəmləndirib. Bu sənədlər həm də Azərbaycan və Özbəkistanın gələcəyə dair ortaq baxışını nümayiş etdirir.
Münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından 2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura da xüsusi əhəmiyyət daşıyır. Şura iki ölkə arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üçün mühüm mexanizmə çevrilib.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri artıq həyatın və dövlətlərarası əlaqələrin bütün mühüm sahələrini əhatə edir. İqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən layihələr ikitərəfli əməkdaşlığa yeni məzmun gətirir.

İqtisadi əməkdaşlıq yeni imkanlar açır
Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında iqtisadi əməkdaşlığın xüsusi yeri var. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artması bu sahədə əldə olunan nəticələrin əsas göstəricilərindən biridir.
2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Bu rəqəmlər iqtisadi əlaqələrdəki dinamikanın təsadüfi xarakter daşımadığını və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yarandığını göstərir.
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də bu əməkdaşlığın mühüm alətlərindən biridir. Şirkət hər iki ölkədə iqtisadiyyatın müxtəlif sahələrində perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə töhfə verir.
İqtisadi münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də mühüm rol oynayır. Bu günədək komissiyanın 15 iclasının keçirilməsi iki ölkənin iqtisadi və ticari məsələlər üzrə müntəzəm və məqsədyönlü dialoqa malik olduğunu göstərir.
Energetika sahəsində əməkdaşlıq da artıq konkret layihələrlə müşayiət olunur. Neft-qaz sektorunda Azərbaycan və Özbəkistan şirkətləri arasında yaradılmış birgə müəssisələr uzun illərdir fəaliyyət göstərir. “Neftegaztexnologiya” birgə müəssisəsinin 2016-cı ildən fəaliyyət göstərməsi bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.
Bununla yanaşı, 2024-cü ildə SOCAR və “Uzbekneftegaz” tərəfindən “Turan Energy AFEZCO” birgə müəssisəsinin yaradılması energetika və sənaye sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Birgə müəssisənin fəaliyyəti iki ölkənin sənaye potensialının daha səmərəli şəkildə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir.
Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerjinin ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.
Nəqliyyat və logistika sahəsində də münasibətlər inkişaf edir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar–iyun aylarında isə 12,2 faizlik artım qeydə alınıb və daşımaların həcmi 675 min ton təşkil edib.
Bu rəqəmlərin arxasında daha böyük bir perspektiv dayanır. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada yerləşən mühüm dövlət kimi Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin inkişafında bir-birini tamamlayan imkanlara malikdir. Orta Dəhlizin inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat sistemlərinə inteqrasiyası gələcəkdə yeni ticarət və tranzit imkanları yarada bilər.
İki ölkənin iqtisadi əməkdaşlığını konkret layihələr də tamamlayır. İşğaldan azad edilmiş Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı” Azərbaycan–Özbəkistan dostluğunun iqtisadi və mənəvi baxımdan diqqətçəkən nümunələrindən biridir.
“Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq da artıq real nəticələr verib. 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib.
Bu gün Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının qeydiyyatdan keçməsi də qarşılıqlı iqtisadi münasibətlərin miqyasını göstərir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərirlər.
Azərbaycan şirkətlərinin Özbəkistanda fəaliyyəti də genişlənir. “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında inşa edilən hotel və yaşayış kompleksi, eləcə də Daşkənd vilayətində həyata keçirilən “Sea Breeze Uzbekistan” layihəsi bunun nümunələrindəndir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan–Özbəkistan iqtisadi münasibətləri yalnız ticarət dövriyyəsinin artması ilə məhdudlaşmır. Qarşılıqlı investisiyalar, birgə istehsal müəssisələri, nəqliyyat layihələri və enerji əməkdaşlığı bu münasibətlərin gələcəkdə daha geniş miqyas almasına imkan yaradır.
Lakin iki ölkəni bir-birinə bağlayan əsas amillərdən biri iqtisadi maraqlardan daha qədim və daha güclüdür. Bu, xalqların mədəni və mənəvi yaxınlığıdır.
Azərbaycanla Özbəkistanın mədəni əlaqələri ortaq tarixə və mənəvi dəyərlərə söykənir. Son illərdə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və digər tədbirlər bu yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir.
2023-cü və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki xalqın bir-birinin mədəni irsi ilə daha yaxından tanış olmasına imkan verib. Xivə şəhərində keçirilən “Şuşa Günləri” də bu baxımdan mühüm hadisələrdən biri olub.
Mədəni yaxınlığın başqa bir diqqətçəkən nümunəsi Özbəkistanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan ali təhsil müəssisəsinin fəaliyyət göstərməsidir. Bu fakt Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qardaş Özbəkistanda yüksək qiymətləndirildiyini göstərir.
Bakının mərkəzində yaradılacaq “Özbəkistan” parkı da iki xalqın dostluğunun və qardaşlığının rəmzlərindən birinə çevriləcək. Beş hektarlıq ərazini əhatə edən parkın təməli Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə qoyulub.
Bu münasibətlərin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi təşəbbüs və layihələrin də xüsusi rolu var. Mədəni və humanitar əməkdaşlıq sahəsində həyata keçirilən layihələr xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Təhsil sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Bu rəqəmlərin arxasında sadəcə tələbə mübadiləsi deyil, iki ölkənin gəncləri arasında yaranan yeni əlaqələr və gələcək əməkdaşlıq imkanları dayanır.
Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb isə təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesinə Özbəkistanın verdiyi bu dəstək Azərbaycan xalqında xüsusi rəğbətlə qarşılanır.
Media və vətəndaş cəmiyyəti sahəsində də əməkdaşlıq genişlənməkdədir. 23–25 sentyabr 2024-cü ildə Daşkənddə keçirilən I Özbəkistan–Azərbaycan Media Forumu, eləcə də 29 sentyabr 2025-ci ildə Bakıda keçirilən II Azərbaycan–Özbəkistan Media Forumu jurnalistlər arasında əlaqələrin möhkəmlənməsinə, təcrübə və fikir mübadiləsinə imkan yaradıb.
QHT-lər arasında əməkdaşlıq da yeni mərhələyə qədəm qoyub. 2023-cü ildə Füzulidə, 2024-cü ildə Daşkənddə keçirilən QHT Əməkdaşlıq Forumlarının davamı olaraq 2026-cı ildə iki ölkənin ilk dəfə birlikdə QHT-lər üçün qrant müsabiqəsi elan etməsi diqqətəlayiq hadisədir. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycanın qalib layihələri Özbəkistanda, Özbəkistanın qalib layihələri isə Azərbaycanda həyata keçiriləcək.
İki ölkə arasında humanitar əlaqələrin genişlənməsini turizm göstəricilərində də görmək mümkündür. Özbəkistandan Azərbaycana gələn turistlərin sayı artır. 2024-cü ildə ölkəmizi 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar–avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.
Azərbaycan–Özbəkistan münasibətlərinin daha bir mühüm xüsusiyyəti əməkdaşlığın paytaxtlarla məhdudlaşmamasıdır. Regionlar və şəhərlər arasında qurulan əlaqələr bu münasibətləri xalqların gündəlik həyatına daha da yaxınlaşdırır.
Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokand, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və Beyləqan–Şəhrisəbz arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin qurulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Naxçıvan və Ürgənc arasında da yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır.
Şəhərlərin qardaşlaşması ilk baxışda sadə bir diplomatik addım kimi görünə bilər. Əslində isə bunun arxasında daha geniş imkanlar dayanır. Mədəniyyət, təhsil, turizm, idman və digər sahələrdə birbaşa əlaqələr xalqların bir-birini daha yaxşı tanımasına və qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradır.

Türk dünyasının birliyinə doğru
Azərbaycan və Özbəkistanın əməkdaşlığının mühüm istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətdir. Hər iki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tarixi, mədəniyyəti və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir.
Azərbaycan və Özbəkistanın təşkilat çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığa verdiyi töhfə Türk dünyasında inteqrasiya proseslərinin güclənməsinə xidmət edir.
Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi də bu baxımdan əhəmiyyətli hadisədir. Zəngin tarixi və mədəni irsə malik Özbəkistanın Fondun fəaliyyətinə qoşulması ortaq türk irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün yeni imkanlar yaradır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində də son illərdə ciddi canlanma müşahidə olunur. Tarixi və mədəni yaxınlıqla yanaşı, iqtisadi və geosiyasi maraqlar da bu əlaqələrin inkişafını şərtləndirir.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşdirilməsinə, enerji və humanitar əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri mühüm platformadır.
2025-ci ilin noyabrında Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakı ilə bağlı qərarın qəbul edilməsi yeni mərhələnin başlanğıcı oldu. Bununla əvvəllər “C5” kimi tanınan əməkdaşlıq formatı Azərbaycanın iştirakı ilə genişləndi.
Bu, yalnız format dəyişikliyi deyil. Eyni zamanda Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin daha geniş regional əməkdaşlıq çərçivəsinə daxil olduğunu göstərir. Azərbaycanın Cənubi Qafqazda, Mərkəzi Asiya dövlətlərinin isə öz regionlarında malik olduğu imkanlar birləşdirildikdə nəqliyyat, enerji, ticarət və digər sahələrdə böyük layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaranır.
Bütün bunların fonunda Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək perspektivləri kifayət qədər aydın görünür. İki ölkə artıq bir-birini yalnız siyasi tərəfdaş kimi deyil, müxtəlif sahələrdə birgə layihələr həyata keçirən, beynəlxalq və regional platformalarda bir-birini ardıcıl şəkildə dəstəkləyən və ortaq gələcəyə baxan müttəfiq kimi görür.
Əslində, Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən böyük gücü imzalanmış sənədlərdən daha əvvəl mövcud olub. Bu güc xalqların yaddaşında, mədəniyyətində və bir-birinə olan münasibətində yaşayır. Dövlətlərarası əlaqələr isə həmin mənəvi yaxınlığı müasir əməkdaşlıq mexanizmləri ilə tamamlayır.
Bu gün iqtisadi layihələr ölkələri bir-birinə daha sıx bağlayır, nəqliyyat dəhlizləri yeni imkanlar yaradır, təhsil və mədəniyyət proqramları gənc nəsillər arasında yeni əlaqələr formalaşdırır. Qardaşlaşmış şəhərlər isə bu münasibətləri paytaxtlardan regionlara qədər genişləndirir.
21 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini və gələcək istiqamətlərini bir daha ortaya qoydu. Müsahibənin ümumi məzmunundan aydın görünür ki, iki ölkə arasındakı münasibətlər artıq yalnız diplomatik əlaqələr çərçivəsində nəzərdən keçirilə bilməz. Bu münasibətlər iqtisadiyyat, nəqliyyat, enerji, təhsil, mədəniyyət, media, vətəndaş cəmiyyəti və digər sahələri əhatə edən geniş əməkdaşlıq sisteminə çevrilib.
Müsahibənin sonunda Prezident İlham Əliyev Özbəkistan xalqını ölkənin dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib, qardaş xalqa sülh, rifah, tərəqqi və yeni nailiyyətlər arzulayıb. Bu xoş arzular iki ölkə arasındakı münasibətlərin siyasi çərçivədən daha geniş – xalqdan xalqa uzanan mənəvi mahiyyətini də ifadə edir.
Azərbaycan–Özbəkistan münasibətləri bu gün artıq sadəcə diplomatik əlaqələr deyil. Bu, ortaq tarixdən gələn, bu günün real layihələri ilə möhkəmlənən və gələcəyə hesablanan qardaşlıq və müttəfiqlik yoludur. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan bu münasibətlərin qarşısında yeni əməkdaşlıq imkanları, yeni layihələr və xalqlarımızı daha da yaxınlaşdıracaq çoxsaylı perspektivlər dayanır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az