Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə bölgənin gələcək inkişafı ilə bağlı mühüm mesajları və yeni mərhələnin əsas istiqamətlərini aydın şəkildə göstərdi.
Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır. Son illərdə təhlükəsizliyin möhkəmləndirilməsi, enerji təminatının gücləndirilməsi, infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər artıq daha geniş iqtisadi və sosial hədəflərlə tamamlanır. Qarşıda duran məqsəd Naxçıvanın mövcud imkanlarını daha səmərəli şəkildə səfərbər etmək, onun enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm potensialını inkişaf etdirməkdir.
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Naxçıvanın gələcəyi ayrı-ayrı layihələr çərçivəsində deyil, daha geniş və vahid inkişaf yanaşması əsasında nəzərdən keçirilir. Bu yanaşmanın əsas istiqamətlərindən biri isə Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etdirilməsidir.
Təhlükəsizliyin təmin olunmasından inkişaf mərhələsinə
Naxçıvanın strateji mövqeyi onun təhlükəsizliyinin daim xüsusi diqqətdə saxlanılmasını zəruri edib. Son illərdə bu istiqamətdə mühüm işlər görülüb. Əlahiddə Ordunun yaradılması, hərbi potensialın gücləndirilməsi, müasir texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının artırılmasına xidmət edib.
Prezidentin müsahibəsində də vurğulandığı kimi, təhlükəsizlik məsələsi Naxçıvan üçün əsas prioritetlərdən biri olub və bu istiqamətdə mühüm nəticələr əldə edilib. İndi isə təhlükəsizliklə yanaşı, bölgənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi əsas məsələlərdən birinə çevrilir.
Bu dəyişiklik Naxçıvanın inkişafına yanaşmada yeni mərhələnin başladığını göstərir. Artıq söhbət yalnız mövcud imkanların qorunmasından deyil, həmin imkanların iqtisadi fəallığa, investisiyaya və yeni məşğulluq imkanlarına çevrilməsindən gedir.
Enerji təhlükəsizliyindən enerji ixracına
Bu yeni mərhələnin ən mühüm istiqamətlərindən biri enerjidir. Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması üçün illər ərzində müxtəlif layihələr həyata keçirilib. Qazlaşmanın tam təmin edilməsi, elektrik stansiyalarının yaradılması, Günəş və su enerjisindən istifadə bu siyasətin əsas istiqamətlərindəndir.
İndi isə hədəf daha genişdir. Naxçıvanda 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması, 50 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi, gələcəkdə isə daha böyük bərpaolunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Prezidentin müsahibəsində Naxçıvanın Günəş enerjisi potensialının ən azı 500 meqavat, hətta 1000 meqavat ola biləcəyi qeyd edilir.
Bu, Naxçıvanın enerji siyasətində keyfiyyətcə yeni mərhələ deməkdir. Əvvəl əsas məsələ enerji təhlükəsizliyinin təmin olunması idisə, indi Naxçıvanın gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsi perspektivi ortaya çıxır.
Bunun üçün mövcud ötürücü xətlərin imkanlarının genişləndirilməsi, Türkiyə və İran istiqamətləri ilə yanaşı, gələcəkdə Avropa bazarına çıxış imkanlarının yaradılması nəzərdən keçirilir. Beləliklə, Naxçıvanın enerji potensialı regional əhəmiyyət daşıyan iqtisadi üstünlüyə çevrilə bilər.
Zəngəzur dəhlizi Naxçıvanın regional rolunu dəyişə bilər
Naxçıvanın gələcək inkişafında nəqliyyat məsələsi xüsusi yer tutur. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müsahibədə Naxçıvan dəmir yolunun bərpası ilə bağlı görülən işlər və yeni texniki-iqtisadi əsaslandırma əsasında dəmir yolunun inkişaf etdirilməsi barədə məlumat verilir. Qarşıya qoyulan məqsədlərdən biri bu xəttin yükdaşıma qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasıdır.
Bu layihənin əhəmiyyəti yalnız Naxçıvanın Azərbaycanla əlaqəsinin bərpası ilə məhdudlaşmır. Naxçıvanın Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu və Şimal-Cənub marşrutunun əlavə istiqaməti kimi çıxış etməsi üçün imkan yaranır.
Bu isə Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsi perspektivini gücləndirir. Yükdaşımaların artması logistika, ticarət, xidmət və istehsal sahələrinin inkişafına, investisiyaların cəlb olunmasına və yeni iş yerlərinin yaranmasına şərait yarada bilər.
Sənaye, kənd təsərrüfatı və turizm yeni iqtisadi dayaqlardır
Naxçıvanın iqtisadi inkişafının digər mühüm istiqaməti sənayeləşmədir. Naxçıvan Sənaye Parkının yaradılması bölgədə müasir istehsal sahələrinin formalaşdırılması, iqtisadi fəallığın artırılması və məşğulluğun genişləndirilməsi baxımından mühüm addımdır.
Kənd təsərrüfatında da yeni mərhələnin əsasları yaradılır. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və suvarılmayan torpaqların su ilə təmin edilməsi kənd təsərrüfatı istehsalının genişləndirilməsinə imkan verə bilər.
Naxçıvanın turizm imkanları da bu inkişaf modelində ayrıca yer tutur. Zəngin tarixi, memarlıq abidələri, təbiəti və təmiz havası bölgənin turizm potensialını artırır. Möminə xatun məqbərəsi və digər tarixi-mədəni obyektlərin qorunması və bərpası ilə yanaşı, turizm infrastrukturunun inkişaf etdirilməsi də qarşıda duran vəzifələr sırasındadır.
Yeni beşulduzlu mehmanxananın tikintisinə başlanılması da Naxçıvanın turizm imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlardan biridir.
Müasir şəhər və sosial infrastruktur
İnkişafın nəticəsi insanların gündəlik həyatında da hiss olunmalıdır. Bu baxımdan Naxçıvan şəhərinin Baş planının hazırlanması, şəhər nəqliyyatının yenilənməsi və rayonlararası nəqliyyat imkanlarının yaxşılaşdırılması diqqət çəkir.
Yeni elektrik avtobuslarının xəttə buraxılması, 217 müasir rayonlararası avtobusun alınmasının nəzərdə tutulması və müxtəlif yaşayış məntəqələrini əhatə edən yolların tikintisi və əsaslı təmiri ilə bağlı planlar bölgədə nəqliyyat infrastrukturunun yenilənməsinə xidmət edir.
Sosial sahədə də yeni layihələr nəzərdə tutulur. DOST Mərkəzinin açılması, “ASAN xidmət” mərkəzinin fəaliyyəti, uşaq bağçalarının tikintisi və təmiri ilə bağlı planlar əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədi daşıyır.
Bu yanaşmanın əsasını insan amili təşkil edir. İqtisadi inkişafın, yeni yolların, enerji layihələrinin və sənaye müəssisələrinin əsas nəticəsi insanların daha rahat və firavan yaşaması, yeni iş imkanlarının yaranması olmalıdır.
Tarixi irsin qorunması və müasir inkişafın vəhdəti
Naxçıvanın gələcək inkişafından danışarkən onun tarixi-mədəni irsini də unutmaq olmaz. Bu qədim diyar Azərbaycan tarixində və mədəniyyətində xüsusi yer tutur.
Prezidentin müsahibəsində Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası ilə bağlı görülən işlər də diqqətə çatdırılır.
Bu, mühüm bir yanaşmanı ortaya qoyur: Naxçıvanın müasir inkişafı onun tarixi kimliyinin qorunması ilə paralel aparılmalıdır.
Çünki bölgənin gələcək turizm və mədəniyyət potensialının əsas dayaqlarından biri də məhz onun zəngin tarixidir.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur – vahid inkişaf konsepsiyası
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi ən mühüm fikirlərdən biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etdirilməsi ilə bağlıdır.
“Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir”, – deyə Prezident bildirib.
Bu fikir əslində müsahibədə səsləndirilən digər bütün istiqamətləri bir-biri ilə əlaqələndirir.
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Naxçıvanda isə təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və sosial infrastruktur üzrə yeni layihələr həyata keçirilir. Zəngəzur dəhlizinin perspektivi isə bu ərazilər arasında gələcək iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Prezidentin qeyd etdiyi kimi, Zəngilanla Ordubad arasında məsafənin cəmi 42 kilometr olması da bu coğrafiyanın bir-biri ilə əlaqələndirilməsi baxımından diqqətəlayiq məqamdır. Tarixən Zəngəzur, Naxçıvan və Qarabağ vahid məkan olub. Bu gün həmin coğrafiyaya yeni reallıqlar və yeni inkişaf imkanları kontekstində baxılır.
Bu baxımdan vahid konsepsiya yalnız ərazilərin paralel inkişafı demək deyil. Burada nəqliyyatın, enerjinin, iqtisadiyyatın, sosial infrastrukturun və idarəetmənin bir-birini tamamlaması nəzərdə tutulur.
Yeni mərhələnin əsas dayağı – səmərəli idarəetmə
Bütün bu böyük planların reallaşmasında idarəetmənin xüsusi əhəmiyyəti var.
Prezident müsahibədə Qarabağ və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərinin görüldüyünü bildirərək eyni idarəetmə modelinin – Prezidentin xüsusi nümayəndəliyinin – Naxçıvanda da tətbiq olunduğunu qeyd edir.
Burada əsas məsələ Naxçıvan Muxtar Respublikasının muxtar statusunun saxlanılması şərti ilə idarəetmə qaydalarının təkmilləşdirilməsidir.
Bu yanaşma onu göstərir ki, qarşıdakı mərhələdə yalnız yeni layihələrin həyata keçirilməsi deyil, həmin layihələrin daha çevik və əlaqələndirilmiş şəkildə idarə olunması da prioritet olacaq.
Naxçıvanın böyük enerji potensialı, strateji coğrafi mövqeyi, Zəngəzur dəhlizi ilə bağlı perspektivləri, sənaye və kənd təsərrüfatı imkanları, turizm resursları və zəngin tarixi-mədəni irsi vahid inkişaf strategiyasında birləşdirilə bilər.
Beləliklə, Prezidentin Naxçıvan səfəri çərçivəsində verdiyi müsahibə yalnız görülmüş işlərin hesabatı kimi deyil, həm də bölgənin gələcəyinə dair geniş baxışın ifadəsi kimi diqqəti çəkir.
Naxçıvan üçün qarşıdakı mərhələnin əsas məzmunu aydındır: təhlükəsizliyi qorumaq, enerji potensialını artırmaq və ixrac imkanlarına çevirmək, nəqliyyat əlaqələrini genişləndirmək, sənayeni və kənd təsərrüfatını inkişaf etdirmək, turizm imkanlarından istifadə etmək, sosial infrastrukturu yeniləmək və bütün bu prosesləri müasir idarəetmə mexanizmləri ilə əlaqələndirmək.
Naxçıvanın qarşısında yeni yol açılır. Bu yol yalnız yeni yolların, enerji obyektlərinin və sənaye müəssisələrinin qurulmasından ibarət deyil. Bu, Naxçıvanın Azərbaycanın bütöv inkişaf məkanında öz yeni yerini müəyyənləşdirməsi yoludur. Qarabağ və Şərqi Zəngəzurda başlayan böyük quruculuq prosesinin Naxçıvanla vahid konsepsiyada tamamlanması isə qarşıdakı dövrün ən mühüm strateji istiqamətlərindən biri kimi görünür.



