İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın dövlət başçıları iştirak ediblər.
Konqres Mərkəzində keçirilən tədbirdə əvvəlcə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb. Daha sonra liderlər birgə xatirə fotosu çəkdiriblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dəvətə və yüksək qonaqpərvərliyə görə Qırğızıstan Prezidenti Sadır Japarova təşəkkürünü bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstan son illərdə sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edib, İssık-Kul gölünün ətrafı isə beynəlxalq səviyyəli turizm məkanına çevrilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bildirib ki, dövlət səfəri çərçivəsində imzalanan sənədlər arasında "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" xüsusi əhəmiyyət daşıyır və bu sənəd iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə yüksəldir.
Dövlətimizin başçısı iqtisadi əməkdaşlığın da uğurla inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun vəsaitinin 100 milyon dollardan 200 milyon dollara çatdırılacağını qeyd edib. O bildirib ki, Fondun maliyyələşdirdiyi layihələr artıq öz nəticələrini verir və gələcəkdə daha geniş əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Prezident İlham Əliyev Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi investisiya layihələrinə də toxunaraq, İssık-Kul gölünün sahilində ölkəmizin vəsaiti hesabına inşa edilən "Bakı" adlı ilk beşulduzlu hotelin fəaliyyətə başlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə iki ölkə arasında dostluq və iqtisadi əməkdaşlığın bariz nümunəsidir.
Çıxışında Mərkəzi Asiya ölkələri ilə münasibətlərin Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, 2023-cü ilin əvvəlindən indiyədək Mərkəzi Asiya ölkələrinə 16 səfər edib, həmin ölkələrin liderləri isə Azərbaycana 26 dəfə səfər ediblər. Bu dinamika qarşılıqlı etimadın və strateji tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilib.
Dövlətimizin başçısı, həmçinin Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət formatında ilk dəfə tamhüquqlu üzv kimi iştirak etdiyini xatırladaraq, ötən il Özbəkistanda qəbul edilən tarixi qərara görə Mərkəzi Asiya ölkələrinin liderlərinə minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycanın bu əməkdaşlıq platformasının fəal üzvü olaraq ölkələr arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə, xalqların yaxınlaşmasına bundan sonra da öz töhfəsini verəcəyini bildirib.




