Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi sərvəti olan ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dili – milli kimliyimizin və dövlətçiliyimizin əsas dayağı
Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, tarixini, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini milli varlığımızın əsası hesab edərək deyirdi: "Dil hər bir millətin milliliyinin əsasıdır. Biz dilimizlə fəxr etməliyik." O, həmçinin vurğulayırdı: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir."
Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu, sovet dövrünün mürəkkəb siyasi şəraitində milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində tarixi nailiyyət idi. Müstəqillik illərində isə bu siyasət uğurla davam etdirildi. 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu, 2001-ci ildə Dövlət Dil Komissiyası yaradıldı və avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. 2002-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun dövlət dilinin hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Azərbaycan dilinin inkişafı və qorunması dövlət siyasətinin prioritet istiqamətidir
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin qorunmasına, zənginləşdirilməsinə və müasir dövrün tələblərinə uyğun inkişafına mühüm töhfələr vermişdir.
Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin ana dilimizdə nəşri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi, Azərbaycan dilinin elektron məkanda tətbiqinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair qəbul edilən qərarlar bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə, dil normalarına əməl olunmasına nəzarət və dilin inkişafının təmin edilməsi səlahiyyətinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilməsi dövlətin bu sahəyə xüsusi həssaslıqla yanaşmasının növbəti ifadəsidir.
Prezident İlham Əliyev qeyd edir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur." Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın borcudur.
Ana dilimizi qorumaq gələcəyimizə xidmət etməkdir
Qloballaşma və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan dilinin saflığını qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin mənəvi məsuliyyətidir. Ana dilimizə sevgi yalnız onu danışmaqla deyil, həm də düzgün yazmaq, nitq mədəniyyətinə riayət etmək və gündəlik həyatımızın bütün sahələrində onu layiqincə yaşatmaqla ifadə olunur.
Azərbaycan dili milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi irsimizin əsas dayağıdır. Bu dilə hörmət göstərmək, onu qorumaq və inkişaf etdirmək Vətənə, tariximizə və gələcəyimizə hörmətin ən ali təzahürüdür.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, ana dilimizin daim uca tutulmasını, saflığının qorunmasını və zənginliyinin gələcək nəsillərə əmanət kimi ötürülməsini arzulayırıq.
