10 may 2026-cı il tarixində “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına rəsmi start verilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı bu nüfuzlu yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır.
Yarışın ikinci mərhələsi 11 mayda 193,2 kilometr məsafəni əhatə edib və Şamaxı rayonundan keçməklə İsmayıllı şəhərində yekunlaşıb. Marşrut boyunca idmançılar həm dağlıq relyef, həm də çətin yol şəraiti ilə üzləşərək yüksək hazırlıq nümayiş etdiriblər.
Beş mərhələdən ibarət yarışın mayın 14-də Xankəndi şəhərində başa çatması nəzərdə tutulur. Müsabiqə dünya üzrə bir çox ölkələrdə yayımlanır və milyonlarla tamaşaçı tərəfindən izlənilir.
Qeyd edək ki, belə beynəlxalq idman tədbirləri regionların tanıdılmasına, turizmin inkişafına və ölkənin idman nüfuzunun artmasına mühüm töhfə verir.



