Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası – dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Tədbiri açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkəmizin siyasi həyatında rolundan danışıb. Sonra partiyanın təsis olunmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlarda YAP dövlətçilik maraqlarının təmin olunmasında və milli inkişaf strategiyasının həyata keçirilməsində aparıcı qüvvədir.
Daha sonra partiya veteranı Bəxtiyar Abbasov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova partiyanın dövlətçiliyin möhkəmlənməsində və milli həmrəyliyin güclənməsində rolunu vurğulayıblar.
Tədbirin sonunda fəal partiya üzvləri Fəxri Fərman və hədiyyələrlə təltif olunub, yeni üzvlərə isə vəsiqələr təqdim edilib.

















