Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu rayonun Birinci Çağan və İkinci Çağan kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də Birinci və İkinci Çağan kəndlərinin sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkədə və rayonda son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrası istiqamətində görülən tədbirlərdən danışıb.
Qəbul zamanı sakinlər tərəfindən əsasən kəndlərdə müasir rabitə infrastrukturunun yaradılması, əhalinin pay torpaqlarına gedən yolların təmiri və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılıb, müraciətlərin operativ həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, səyyar qəbullar vətəndaşların müraciətlərinin yerində öyrənilməsi, problemlərin həlli istiqamətində operativ tədbirlərin görülməsi və sakinlərlə birbaşa əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.






