Prezident İlham Əliyev: “Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır”
Enerji sənayesinin liderləri 37 ölkədən 300-dək şirkəti özündə 3 mötəbər tədbiri birləşdirən Bakı Enerji Həftəsindədir. Mahiyyəti olduqca böyükdür. Çünki məhz Xəzər Neft və Qaz Sərgisi düz 30 il əvvəl Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaları cəlb etdi. Bakıdan Ceyhana, Ceyhandan isə dünya bazarlarına təkcə 16 ildə 516 mln tondan çox neft ixrac olundu.
Bu gün isə Azərbaycan və ümumilikdə dünya üçün energetika sahəsində yeni eranın başlanğıcıdır.
Prezident İlham Əliyev cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış edib.
“OTUZ İL BUNDAN ƏVVƏL AZƏRBAYCAN BAŞQA BİR ÖLKƏ İDİ”
Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını, söyləyən Prezident İlham Əliyev qeyd edib ki, o vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
“Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi”-söyləyən dövlət başçısı Azərbaycanın müstəqillik illərində yaşanmış böhrandan, Ermənistanın təcavüz nəticəsində torpaqlarımızın 20 faizə yaxın işğalından söz açıb. “Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir”.
Həmin dövrlərdə ölkəmizin elektrik enerjisi və təbii qaz qıtlığını xatırladan Prezident İlham Əliyev 1993-cü ili Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğuladı. “Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.
Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.
Dediyim kimi, bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. Qeyd etdiyim kimi, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi”.
“BƏƏ-DƏN OLAN “MASDAR” ŞİRKƏTİ TƏRƏFİNDƏN İNŞA EDİLƏCƏK ÜÇ GÜNƏŞ VƏ KÜLƏK ENERJİSİ ELEKTRİK STANSİYALARININ TƏMƏLQOYMA MƏRASİMİ ƏLAMƏTDAR HADİSƏDİR”
4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacağını vurğulayan ölkə rəhbəri bəyan edib ki, bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq.
“Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.
Beləliklə, “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir”.
“BİZİM SÖZÜMÜZ İMZAMIZ QƏDƏR DƏYƏRLİDİR”
Dövlət başçısı çıxışında vurğulayıb ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. “Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.
“...2027-Cİ İLƏDƏK 2 QİQAVAT HƏCMİNDƏ BƏRPAOLUNAN ENERJİNİN ƏLDƏ EDİLMƏSİ TAMAMİLƏ REAL HƏDƏFDİR. BİR DAHA TƏKRAR EDİRƏM Kİ, BU, SADƏCƏ, BAŞLANĞICDIR”
2023-cü ilin ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verildiyini xatırladan dövlət başçısı bildirib ki, indi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir. “Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır”.
Alternativ mənbələr isə sadəcə külək və günəş deyil. Həyat simvolu olan su həmçinin “yaşıl energi” sahəsində mühüm rola sahibdir. Bu aspekdən ən böyük potensial isə Qarabağda və Şərqi Zəngəzurdadır. Təkcə İkinci Qarabağ müharibəsindən günümüzə bu ərazilərə 270 meqavat gücündə hidroelektrik stansiya inşa edilib. Növbəti 3-5 ildə bu rəqəm 500 meqavata çatdırılacaq.
Neft ölkəsi olan Azərbaycanın “yaşıl enerji”yə keçiddə bu qədər aktiv iştirakı bütün dünyaya nümunədir. Lakin neftdən imtina demək deyil. Rəsmi Bakı qara qızılın dünya üçün bir nemət olduğu fikrinin yaradıcısıdır.
“BƏƏ-DƏN BİR İL SONRA AZƏRBAYCANIN COP29-A EV SAHİBLİYİ ETMƏSİ HEÇ DƏ TƏSADÜF DEYİL”
“Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil”- söyləyən ölkə rəhbəri biidirib ki, BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. “Birincisi, mən dostum nazir Sultan əl-Cabiri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm.
Bu, asan iş deyil, lakin biz buna hazırıq. Dəfələrlə dediyim kimi, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq”.
“COP-A EV SAHİBLİYİ ETMƏK KİMİ MƏSULİYYƏTLİ VƏZİFƏNİ ÜZƏRİMİZƏ GÖTÜRƏRKƏN BİZ BUNUN HƏM ÜSTÜNLÜKLƏRİNİ, HƏM DƏ MÜƏYYƏN ÇƏTİNLİKLƏRİNİ TAM ŞƏKİLDƏ DƏRK EDİRİK”
Azərbaycanda iqlim dəyişikliyindən söz açan Prezident İlham Əliyev deyib ki, Xəzər dənizinin İldən-ilə geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil”.
İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışır: “ Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.
Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.
Bəli, Bakı Enerji Həftəsinə gələn bütün mühüm nümayəndələr qarşılarında hər sahədə güclü,inamlı və ədalətli bir ölkə ilə qarşılaşdılar. İndi siz təsəvvür edin ki, BU SADƏCƏ BAŞLANĞICDIR.