Şamaxı rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunda mədəniyyət sahəsində çalışan seçicilərlə görüş keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon yerli təşviqat qrupunun üzvü İsaxan Vəliyev, Şamaxı rayonu üzrə seçki qərargahı üzvü Eybalı Ağayev, Şasəddin Mikayılov və mədəniyyət sahəsinin əməkdaşı Ağamurad İsrafilov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadiyyatımız xeyli yüksəlib, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun mətanəti və xalqımızın birliyi sayəsində çox mühüm qələbə əldə olunub. Erməni separatçılarının ayağı birdəfəlik Azərbaycan torpaqlarından çəkilib. Bu gün dövlətimizin sürətli inkişafı və çiçəklənməsi göz önündədir.
Daha sonra şəhid ailə üzvü Məhərrəm Səmədov söz alaraq Azərbaycan xalqının yeganə namizədinin Cənab İlham Əliyev olduğunu bildirdi.
Natiqlər seçiciləri 7 fevral Prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.