Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib


Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də dünyasını dəyişmiş ağsaqqalların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda ağsaqqalların cəmiyyət həyatındakı mühüm rolundan, milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və dövlətçilik ənənələrinin yaşadılmasında xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, ağsaqqalların həyat təcrübəsi, müdrik məsləhətləri və mənəvi dəstəyi gənclərin düzgün istiqamətləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov hesabat məruzəsi ilə çıxış edərək, son dövrdə görülən işlər, keçirilən görüşlər, gənclərlə aparılan maarifləndirici tədbirlər, şəhid ailələrinə və qazilərə göstərilən mənəvi dəstək barədə məlumat verib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Eldar İbrahimov çıxışında Şuranın ölkə üzrə fəaliyyətindən, ağsaqqalların cəmiyyətdəki nüfuzundan və ictimai həyatdakı fəallığından danışıb. O, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə xidmətlərini vurğulayaraq, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Natiq Şamaxı ağsaqqallarının rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakını, gənclərin dövlətə və dövlətçiliyə bağlı ruhda yetişməsinə verdikləri töhfəni yüksək qiymətləndirib və hesabatı qənaətbəxş hesab edib.
Digər çıxış edənlər də ağsaqqalların cəmiyyətdəki mövqeyindən, milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində gördükləri işlərin əhəmiyyətindən bəhs ediblər.
Konfransın sonunda təşkilati məsələlərə baxılıb. Açıq səsvermə nəticəsində Mayıl Alıcanov yenidən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Daha sonra onun təqdimatı əsasında Şuranın İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Eldar İbrahimov və tədbir iştirakçıları yenidən sədr seçilən Mayıl Alıcanovu və heyət üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Şamaxı Rayon İcra Hakimiyyəti olaraq yeni seçilən sədrə və heyət üzvlərinə fəaliyyətlərində uğurlar arzulayır, rayonun ictimai həyatında, milli-mənəvi dəyərlərimizin qorunmasında və gənc nəslin tərbiyəsində göstərəcəkləri fəaliyyətin davamlı olmasını diləyirik.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az