Azərbaycan–Mərkəzi Asiya: qarşılıqlı etimaddan birgə tərəqqiyə » Shirvanqazeti.az - Şirvan Qəzeti

Azərbaycan–Mərkəzi Asiya: qarşılıqlı etimaddan birgə tərəqqiyə


Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər son illərdə yeni məzmun və dinamika qazanıb. Siyasi dialoqun möhkəmlənməsi iqtisadi, nəqliyyat, enerji və investisiya əlaqələrinin genişlənməsi ilə müşayiət olunur. Tarixi və mədəni yaxınlıq isə bu münasibətlərin daha möhkəm və uzunmüddətli əsaslar üzərində inkişafına imkan yaradır.
Bu baxımdan oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət görüşü xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin görüşdə çıxışı Azərbaycanın region dövlətləri ilə əməkdaşlığa verdiyi önəmi, mövcud imkanları və gələcək prioritetləri bir daha nümayiş etdirdi.
Görüşdə səsləndirilən fikirlərdən də aydın olur ki, Azərbaycan üçün Mərkəzi Asiya ilə münasibətlər yalnız ayrı-ayrı sahələr üzrə əlaqələrin genişləndirilməsi demək deyil. Burada məqsəd siyasi etimadı iqtisadi əməkdaşlıqla, iqtisadi imkanları birgə layihələrlə, tarixi-mədəni yaxınlığı isə uzunmüddətli tərəfdaşlıqla tamamlayan vahid əməkdaşlıq məkanı formalaşdırmaqdır.

Azərbaycan–Mərkəzi Asiya: strateji tərəfdaşlığın yeni mərhələsi


Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatına tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin region dövlətləri ilə münasibətlərində mühüm mərhələ oldu. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu formata qəbul edilməsinə göstərilən dəstəyə görə həmkarlarına təşəkkürünü bildirdi.
Son dövrdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi də dövlətlər arasında siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmləndiyini göstərir. Azərbaycan-Türkmənistan münasibətlərində müşahidə olunan dinamika bunun nümunələrindəndir. Prezident İlham Əliyev iki ölkə arasında son dövrdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi qeyd etdi.
Münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını göstərən mühüm nümunələrdən biri Füzuli şəhərində Türkmənistan tərəfindən məscidin inşa edilməsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu addım xalqlarımız arasındakı “dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.”

İqtisadi əməkdaşlıq və Orta Dəhliz: imkanlardan real layihələrə

Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması qarşılıqlı iqtisadi əlaqələrin genişləndiyini göstərir. Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də bu münasibətlərin real iqtisadi əsaslara söykəndiyini nümayiş etdirir.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması əməkdaşlığın gələcək istiqamətləri üçün əlavə imkanlar açır. Prezident İlham Əliyev bu yanaşmanı belə ifadə edib:
“Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.”
Bu yanaşma əməkdaşlığın yalnız ticarət dövriyyəsi ilə məhdudlaşmamasını, birgə investisiya və istehsal layihələrinin həyata keçirilməsini, yaradılan məhsulların isə daha geniş bazarlara çıxarılmasını nəzərdə tutur.
Bu əməkdaşlığın strateji istiqamətlərindən biri də nəqliyyatdır. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya arasında mühüm bağlantı rolunu oynayır. Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları və hava nəqliyyatı infrastrukturuna yönəltdiyi investisiyalar ölkənin Şərqlə Qərb arasında nəqliyyat əlaqələrindəki rolunu daha da gücləndirib.
Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Azərbaycan üzərindən dünya bazarları ilə birləşdirən bu marşrutun inkişafı həm ölkələrin tranzit imkanlarını genişləndirir, həm də yeni iqtisadi əlaqələrin yaranmasına şərait yaradır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir.”
Əməkdaşlığın yeni istiqamətlərindən biri rəqəmsal bağlantıların inkişafıdır. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin yaradılması region ölkələri arasında rəqəmsal əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Energetika sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına çıxarılması, Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji sahəsində həyata keçirilən işlər Azərbaycanın regional enerji əməkdaşlığındakı rolunu gücləndirir. Yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər isə gələcək üçün yeni perspektivlər açır.

Qardaşlıq və həmrəylik: tərəfdaşlığın mənəvi dayaqları

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin mühüm xüsusiyyətlərindən biri də siyasi və iqtisadi əlaqələri tamamlayan tarixi, mədəni və mənəvi bağlardır.
Bunun ən aydın nümunələrindən biri Mərkəzi Asiya dövlətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasına göstərdiyi qardaşlıq dəstəyidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi bu həmrəyliyin konkret ifadəsidir.
Prezident İlham Əliyev həmin layihələri “qardaş dəstəyi” kimi qiymətləndirib. Bu layihələrin hər biri yalnız bir tikilinin ərsəyə gətirilməsi deyil, xalqlarımız arasında mövcud olan yaxınlığın və həmrəyliyin real ifadəsidir.
Məhz bu səbəbdən Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə ölçmək doğru olmaz. Bu münasibətlərin arxasında ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər dayanır.
Dövlətimizin başçısının görüşdə sülh, təhlükəsizlik və sabitlik məsələlərinə xüsusi diqqət yetirməsi də bu baxımdan mühüm məna daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli”dir.
Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətləri qarşılıqlı imkanlarını birləşdirərək yeni əməkdaşlıq məkanı formalaşdırırlar. Azərbaycanın əlverişli coğrafi mövqeyi və nəqliyyat imkanları Mərkəzi Asiyanın iqtisadi və enerji potensialı ilə birləşdikcə, həm region, həm də daha geniş coğrafiya üçün yeni imkanlar yaranır.

Bu əməkdaşlığın mühüm nəticələrindən biri də Türkmənbaşı görüşündə imzalanan sənədlər oldu. Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan dövlət başçıları “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzaladılar.
Bu sənədlər son illərdə formalaşmış siyasi etimadın və qarşılıqlı əməkdaşlığın daha sistemli və institusional əsasda davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, Türkmənbaşı görüşündə əldə olunan razılaşmalar indiyədək görülən işlərin məntiqi davamı olmaqla, Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığının gələcək inkişafı üçün yeni zəmin yaradır.
Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Qarşılıqlı etimad, qardaşlıq, ortaq tarix və gələcəyə baxış bu əlaqələrə daha dərin məna verir. Türkmənbaşı görüşündə imzalanan sənədlər də bu münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Qarşıda yeni layihələr, yeni təşəbbüslər və daha geniş əməkdaşlıq imkanları var. Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığının bundan sonra da xalqlarımızın rifahına, regionda sülh və sabitliyin möhkəmlənməsinə, qarşılıqlı inkişaf və tərəqqiyə xidmət edəcəyi şübhəsizdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az