Şamaxıda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib


Şamaxı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatları Tamam Cəfərova və Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.


Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Rayon Mədəniyyət Mərkəzinin foyesində kənd təsərrüfatı, sənaye məhsulları və yaradıcılıq işlərindən ibarət sərgi ilə tanış olublar.


Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hesabat məruzəsi ilə çıxış edən icra başçısı Tahir Məmmədov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə rayonda əldə olunan sosial-iqtisadi nailiyyətlər, aparılan tikinti-quruculuq işləri, infrastruktur layihələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, ötən il Şamaxıda ümumi daxili məhsulun həcmi 431,568 milyon manat təşkil edib, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 151,556 milyon manata çatıb. İnvestisiyaların böyük hissəsi turizm sektorunun payına düşüb.


Qeyd olunub ki, rayonda sosial sahədə də mühüm irəliləyişlər əldə edilib, 10-dan çox beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilib, Şamaxıya 110 mindən artıq xarici turist səfər edib.

Müzakirələr zamanı çıxış edənlər hüquq-mühafizə, sosial-iqtisadi inkişaf, təhsil və səhiyyə sahələrində görülən işlərdən, mövcud problemlərdən və onların həlli yollarından danışıblar.


Milli Məclisin deputatları Tamam Cəfərova və Şahin Seyidzadə çıxışlarında dövlətin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan, Şamaxının inkişaf prioritetlərindən söz açıblar.

Prezident Administrasiyasının nümayəndəsi Ağa-Əli Əhmədov 2025-ci ildə respublika və rayon səviyyəsində əldə olunan nailiyyətləri qeyd edərək, Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.


Tədbirdə rayonun ictimai həyatında və abadlıq işlərində fərqlənən bir qrup şəxs Şamaxı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Yığıncağın sonunda müvafiq qərar layihəsi qəbul edilib və iştirakçılar adından Prezident cənab İlham Əliyevə müraciət ünvanlanıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az