“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir » Shirvanqazeti.az - Şirvan Qəzeti

“Milli-siyasi intibahın başlandığı gün” – Şamaxıda əlamətdar tədbir


14 iyul 1969-cu il tarixi Azərbaycan dövlətçiliyinin yaddaşına milli-siyasi intibahın başlanğıcı kimi yazılıb. Məhz bu tarixdə Ümummilli Lider Heydər Əliyev ilk dəfə siyasi hakimiyyətə gəlmiş, Azərbaycan xalqının taleyində yeni bir mərhələnin təməlini qoymuşdur. Bu böyük tarixi hadisənin 56-cı ildönümü “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda silsilə tədbirlərlə qeyd olunub.

Tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Rəsmi mərasim Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında davam etdirilib. Burada keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, partiya veteranı Nəzakət Abdulrazaqova, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev və YAP rayon 9 saylı ərazi partiya təşkilatının sədri Şasəddin Mikayılov çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, xalqın milli şüurunun formalaşmasında və müstəqil dövlət quruculuğunda oynadığı müstəsna roldan bəhs olunub. Qeyd olunub ki, 1969-cu ildə Ulu Öndərin rəhbərliyə gəlişi ilə ölkədə yeni bir inkişaf mərhələsi başlayıb, siyasi, iqtisadi və mədəni yüksəlişin təməli qoyulub.

Tədbir iştirakçıları bildiriblər ki, Heydər Əliyev məktəbi bu gün də yaşayır və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasi xəttin ideoloji dayağı isə Yeni Azərbaycan Partiyasıdır. Natiqlər Ümummilli Liderin təhsilə, elmə, gənclərə və vətənpərvərlik tərbiyəsinə verdiyi önəmi xüsusi vurğulayıblar.

Tədbir ümummilli məna daşıyan bu əlamətdar günün Azərbaycan tarixində və ictimai-siyasi yaddaşında tutduğu yerin bir daha dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az