20 Noyabr – Ağdam şəhəri günü » Shirvanqazeti.az - Şirvan Qəzeti

20 Noyabr – Ağdam şəhəri günü


Ağdamın tarixi, etimologiyası və arxeoloji əhəmiyyəti
“Ağdam” toponimi qədim türk dilində “kiçik qala” mənasını ifadə edir. Tarixi mənbələrə görə, ərazidə yaşayan türkdilli tayfalar müdafiə məqsədilə kiçik istehkamlar inşa etmiş, bu ad da həmin ənənədən qaynaqlanmışdır. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən burada ağ daşdan böyük imarət tikilməsi nəticəsində “Ağdam” adı “günəş işığında parlayan ağ ev” mənasında da işlədilmişdir.
Ağdam rayonu 1930-cu ildə yaradılmış, sahəsi 1094 kvadrat kilometr olmaqla Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşmişdir. XX əsrin 50-ci illərindən aparılan arxeoloji tədqiqatlar Ağdamın altı-səkkiz min il əvvəl Eneolit dövründə məskunlaşmış qədim insan məntəqələrinə malik olduğunu sübut etmişdir. Üzərriktəpə kompleksində aparılmış qazıntılar Ağdam ərazisinin Qafqazda ilk şəhər tipli yaşayış yerlərindən biri olduğunu təsdiqləmişdir.

İşğal dövrü, Beynəlxalq qətnamələr və müharibə cinayətləri
1993-cü ildə 42 gün davam edən döyüşlərdən sonra Ağdam rayonunun 73 faizi – 882 kvadrat kilometrlik ərazi və 90 yaşayış məntəqəsi işğal edilmişdir. İşğal nəticəsində 128 min nəfər məcburi köçkünə çevrilmiş, 6 mindən çox insan şəhid olmuşdur. Rayonun 38 kolxozu, 12 sənaye müəssisəsi, 74 məktəbi, 271 mədəniyyət evi, Çörək Muzeyi və çoxsaylı sosial-infrastruktur obyektləri tamamilə dağıdılmışdır.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsi Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Ermənistan qanunsuz olaraq coğrafi adların dəyişdirilməsi, mülkiyyətin talan edilməsi, yaşayış məntəqələrinin yandırılması, mədəni və dini abidələrin dağıdılması kimi hərbi cinayətlər törədərək Cenevrə Konvensiyalarını kobud şəkildə pozmuşdur. İşğal dövründə Ağdamın tamamilə viran edilməsi şəhərin “Qafqazın Xirosiması” kimi tanınmasına səbəb olmuşdur.
Bütün bu dağıntılar və erməni işğalının Ağdamda yaratdığı dərin fəsadlar Azərbaycan dövlətinin iradəsi ilə aradan qaldırılır və rayonun gələcəyi üçün yeni inkişaf mərhələsi başlanır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir:
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Tarixi qələbə və Ağdamın yenidən quruluşu
44 günlük Vətən müharibəsi nəticəsində imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı əsasında 20 noyabr 2020-ci ildə Ağdam rayonu döyüşsüz olaraq Azərbaycana təhvil verilmişdir. Beləliklə, ərazilərimizə qayıdış, böyük bərpa və yenidənqurma mərhələsi başlamışdır.
Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş, 5.790 hərbi qulluqçu bu medalla təltif edilmişdir. Daha sonra Dövlət Başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü kimi təsdiq olunmuşdur. Bu tarix Ağdamın tarixini, yaşadığı dağıntıları, qayıdış sevincini və bərpa prosesini rəsmi şəkildə təcəssüm etdirir.
Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın icrası və rayonun yenidən dirçəldilməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində Ağdam şəhərinin inkişafına xüsusi əhəmiyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiq edilmiş və bununla da Ağdam işğaldan azad olunmuş rayonlar sırasında Baş Planı ilk təsdiqlənən şəhər olmuşdur. Baş Plana əsasən Ağdam azad edilmiş ərazilərin ən böyük, ölkənin isə dördüncü böyük şəhərinə çevriləcək, burada 100 min nəfərin yaşayışı nəzərdə tutulur.

Ağdamın yenidən qurulması və Böyük Qayıdış proqramı
Şanlı Zəfərdən sonra digər ərazilərimizdə olduğu kimi, Ağdam rayonunda da əhalinin təhlükəsiz qayıdışı və yaşayışı üçün genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Şəhərdə yeni, müasir yaşayış məhəllələrinin salınması, sosial infrastrukturun qurulması, yolların çəkilməsi, yaşıllıqların bərpası, istehsal sahələrinin təşkili, həmçinin mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri ardıcıl şəkildə icra olunur.
Baş Plan əsasında salınan 5 məhəllədən ikincisində artıq 66 binanın tikintisinə başlanılıb. Növbəti mərhələlərdə digər məhəllələrin də inşası paralel şəkildə həyata keçiriləcək. Ağdamın kəndlərində də bərpa prosesi davam edir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı olmuş, digər kəndlər üzrə layihələndirmə işləri aparılmışdır. 2025-ci ilin oktyabr ayına qədər Ağdam rayonunun yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə (3318 nəfər) doğma yurdlarına qayıtmışdır.

Ağdam Sənaye Parkı – regionun iqtisadi dirçəliş mərkəzi
Ağdam rayonunda iqtisadi fəallığın artırılması, istehsal sahələrinin inkişafı məqsədilə Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı 190 hektarlıq ərazini əhatə edir. Park işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması, sahibkarlığın təşviqi, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə Sumqayıt Sənaye Parkından sonra ikinci ən böyük sənaye mərkəzidir. Burada ümumi investisiya həcmi 260 milyon manatdan artıq olan 28 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilmişdir. Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin inşası davam etdirilir. Sahibkarlar tərəfindən artıq 115 milyon manatdan çox investisiya yatırılmış, 938 nəfər daimi işlə təmin olunmuşdur.
Bərdə–Ağdam dəmir yolu xəttinin 2-ci mərhələsi çərçivəsində inşa olunan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 2025-ci il mayın 10-da istifadəyə verilmişdir. Təxminən 8 hektar ərazini əhatə edən kompleksdə sərnişinlərin rahatlığı üçün gözləmə zalları, kassalar, kitabxana, ticarət və istirahət zonaları, restoranlar, həmçinin Azərbaycanda ilk dəfə tətbiq edilən 350 metrlik qapalı dəmir yolu platforması yaradılıb.
Kompleks gündəlik 800–1000 nəfər dəmir yolu sərnişininə və 1300–1500 nəfər avtobus sərnişininə xidmət etmək imkanına malikdir. Burada müxtəlif tutumlu nəqliyyat vasitələri üçün dayanacaqlar, marşrut avtobusları üçün perronlar, velosiped dayanacaqları və elektromobillər üçün şarj məntəqələri yaradılaraq vahid nəqliyyat qovşağı formalaşdırılmışdır.

Ağdam Muğam Mərkəzi – Qarabağ mədəniyyətinin dirçəlişi
2025-ci il mayın 10-da açılışı keçirilən Ağdam Muğam Mərkəzi bölgənin zəngin mədəni irsinin bərpasında mühüm rol oynayır. Mərkəzdə 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər zəruri infrastruktur mövcuddur. Ərazidə 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilmişdir. Muğam Mərkəzi Qarabağın qədim musiqi ənənələrinin təbliği, gənc nəslin musiqi təhsili və milli irsə bağlılığının gücləndirilməsi üçün geniş imkanlar yaradır.
Ağdamın tarixi-strateji əhəmiyyəti, mədəni irsi və minilliklərə söykənən yaşayış məskənləri bölgənin Azərbaycan sivilizasiyasının formalaşmasında mühüm rol oynadığını təsdiq edir. İşğal dövründə şəhərin tamamilə dağıdılması, mədəni və dini abidələrin məhv edilməsi, yaşayış məntəqələrinin viran edilməsinə baxmayaraq, Vətən müharibəsində qazanılan Zəfər Ağdamın dirçəlişi üçün yeni mərhələnin başlanğıcını təmin etmişdir.
2020-ci il 20 noyabr tarixində Ağdam rayonunun döyüşsüz azad edilməsi Azərbaycan dövlətinin gücünü, diplomatik iradəsini və hərbi-siyasi üstünlüyünü bir daha nümayiş etdirmişdir. Dövlət başçısının sərəncamları ilə həm məşhur “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş, həm də 20 noyabr Ağdam şəhəri günü kimi qeyd olunmağa başlanmışdır ki, bu da rayonun tarixinin, faciələrinin və qayıdış sevincinin tarixi yaddaşda rəsmiləşdirilməsinə xidmət edir.
Bu gün Ağdamda həyata keçirilən sistemli yenidənqurma siyasəti – 2040-cı ilədək Baş Planın icrası, yeni yaşayış məhəllələrinin salınması, kəndlərin mərhələli bərpası, müasir sənaye parkının yaradılması, nəqliyyat-logistika qovşaqlarının istifadəyə verilməsi və mədəniyyət ocaqlarının fəaliyyətə başlaması – şəhərin gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. Bütün bu layihələr Ağdamın Qarabağın iqtisadi, sosial və mədəni mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Aparılan quruculuq işləri, Böyük Qayıdış proqramının ardıcıl icrası və dövlət qarşısında qoyulan strateji hədəflər Ağdamın əvvəlki şöhrətinin bərpa olunacağına, daha da inkişaf edərək güclü, müasir və yaşayış üçün əlverişli şəhərə çevriləcəyinə təminat verir. Ağdamın dirçəlişi həm tarixi ədalətin bərpası, həm də müstəqil Azərbaycanın qüdrətinin real təzahürü kimi dəyərləndirilir.

2020-ci ilin noyabr ayında Azərbaycan ordusunun tarixi Zəfəri nəticəsində uzun illər erməni işğalında qalmış Ağdam şəhəri azad edildi. Ağdamın bərpası, şəhərin yenidən dirçəldilməsi və rayonun sosial-iqtisadi infrastrukturunun inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Müzəffər Ali Baş Komandanın azad edilmiş Ağdama səfərləri zamanı reallaşdırılan layihələr və açılış mərasimləri bu məqsədin uğurlu icrasını göstərir.

2020-ci il
2020-ci ilin noyabr ayında Azərbaycan ordusunun tarixi Zəfəri nəticəsində uzun illər erməni işğalında qalmış Ağdam şəhəri azad edildi. Ağdamın bərpası, şəhərin yenidən dirçəldilməsi və rayonun sosial-iqtisadi infrastrukturunun inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. 23 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edərək Dövlət Bayrağını ucaltdı və dağıdılmış Ağdam Cümə Məscidini ziyarət etdi.

2021-ci il
2021-ci ilin 28 mayında Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edərək Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasiminə qatıldı. O, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasiminə qatıldı, şəhərdə ilk yaşayış binasının təməlqoyma mərasimi keçirildi və Ağdam Sənaye Parkının təməlini qoydu. Eyni gündə Qarabağ xanı Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq edildi, Zəfər muzeyi və İşğal muzeyinin təməlqoyma mərasimi keçirildi, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməli qoyuldu, şəhərin bərpasının təməl daşının qoyulması mərasimi baş tutdu, həmçinin Qiyaslı Məscidi və Şahbulaq qalası ilə tanışlıq edildi.

2022-ci il
2022-ci ilin 13 fevralında Prezident İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma mərasiminə qatıldı, “Park Forest Hotel Ağdam” mehmanxanasının təməlini qoydu, yeni yaşayış kompleksinin təməli atıldı, Ağdam Cümə Məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldu və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirildi. Eyni gündə Qarabağ xanlarının türbələri və yaşayış evi olan imarət kompleksi ilə tanışlıq edildi. 4 oktyabr 2022-ci ildə Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu, Eyvazxanbəyli, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində təməlqoyma mərasimlərinə qatıldı, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoydu, “City Hotel Agdam” mehmanxanasının tikintisini başladı, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanış oldu, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etdi, həmçinin Dəmir yolu və Avtovağzal Kompleksinin təməlini qoydu.

2023-cü il
2023-cü ilin 15 oktyabrında Prezident İlham Əliyev Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış oldu. 24 dekabr 2023-cü ildə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı oldu, dördüncü və beşinci yaşayış komplekslərinin və Qiyaslı kəndinin təməlqoyma mərasimləri keçirildi. Ağdam Mərkəzi parkının təməli qoyuldu, Xaçınçay su anbarı istifadəyə verildi, Bərdə-Ağdam avtomobil yolu açıldı və Salahlı Kəngərli və Baş Qərvənd  kəndlərində təməlqoyma mərasimləri baş tutdu.

2024-cü il
Ağdam şəhəri və rayonun kəndlərində bu il genişmiqyaslı bərpa və inkişaf işləri həyata keçirilmişdir. Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərinə səfər etmiş, Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olmuşlar. Həmin gün Ağdam Cümə məscidinin bərpadan sonra açılışı keçirilmiş, Ağdam Konfrans Mərkəzi ziyarət olunmuş və Şahbulaq qalasına baxış olmuşdur. Xıdırlı kəndində tam orta məktəbin təməlqoyma mərasimi keçirilmiş, prezidentlər birgə naharda iştirak etmişlər. Mayın 28-də Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərində yeni sosial və infrastruktur obyektlərinin təməli qoyulmuşdur. Bu tədbirlər yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.
Sentyabrın 19-da Eyvazxanbəyli kəndində təməlqoyma mərasimi keçirilmiş, Kəngərli və Xıdırlı kəndlərində aparılan bərpa işləri ilə tanışlıq olmuşdur. Eyni gündə Ağdam Sənaye Parkında yeni zavodlar açılmış, şəhərdə İmarət Kompleksi bərpadan sonra ziyarətçilərin istifadəsinə verilmiş, “İmarət” stadionunun təməli qoyulmuşdur. “Aghdam City Hotel” istifadəyə verilmiş və Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq həyata keçirilmişdir.

2025-ci il
2025-ci ilin 18 fevralında Prezident İlham Əliyev “Hilton Garden Inn” hotelində tikinti işləri ilə tanış oldu, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi açıldı, Ağdam Muğam Mərkəzində tikinti işləri başa çatdı, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq edildi, şəhərdə ikinci yaşayış kompleksinin, 1 nömrəli körpələr evi-uşaq bağçasının və 1 nömrəli tam orta məktəbin tikinti işləri tamamlandı. 27 mart 2025-ci ildə Sarıcalı kəndinin birinci mərhələsi istifadəyə verildi. 10 may 2025-ci ildə Dəmir yolu və Avtovağzal Kompleksi açıldı, Kəngərli kəndində çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıq edildi, həmçinin Kəngərli kənd tam orta məktəbi və körpələr evi-uşaq bağçasının açılışı baş tutdu, Ağdam Muğam Mərkəzi istifadəyə verildi. 3 iyul 2025-ci ildə Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izlədilər və dövlət başçıları Şahbulaq qalasında oldular. 18 iyul 2025-ci ildə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsi açıldı, şəhər 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi, Qiyaslı kəndində tarixi məscid bərpadan sonra açıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa və infrastruktur işləri Ağdamın tarixi, mədəni və sosial həyatını yenidən canlandırır. Şəhərin azad edilməsi və bərpası həm Azərbaycanın dövlət müstəqilliyinin, həm də Qarabağın yenidən inkişafının simvoludur. Ağdamın bərpası uğurla davam edir və burada həyata keçirilən layihələr gələcək nəsillərə Zəfər və inkişaf örnəyi olaraq qalacaq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az