12 noyabr — Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. » Shirvanqazeti.az - Şirvan Qəzeti

12 noyabr — Azərbaycan Respublikasının Konstitusiyası Günüdür.


“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”  Ulu Öndər Heydər Əliyev
  Bu tarix xalqımızın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda qazandığı ən böyük nailiyyətlərdən birini simvolizə edir. Konstitusiya hər bir dövlətin ali hüquqi sənədi, onun siyasi və mənəvi sütunudur.
Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş və noyabrın 27-dən qüvvəyə minmişdir. Bu sənəd müstəqil Azərbaycanın hüquqi dövlət kimi formalaşmasının əsasını qoymuşdur.

Konstitusiyanın fəlsəfəsi və ideoloji mahiyyəti
Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də milli dövlətçilik fəlsəfəmizin bünövrəsini təşkil edən ideoloji sənəddir.
O, ümumbəşəri dəyərlərlə milli ənənələrin sintezi üzərində qurulmuş, xalqın iradəsini ifadə edən, müstəqil dövlətin dəyərlər sistemini formalaşdıran sənəddir.
Konstitusiya “Azərbaycançılıq” ideyasının, milli birliyin və vətəndaş məsuliyyətinin hüquqi ifadəsidir.
Azərbaycan dövlətçiliyi tarixində Konstitusiya quruluşunun kökləri XX əsrin əvvəllərinə dayanır.
1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə imkan tapmamışdı.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur.
Sonrakı illərdə 1925, 1927, 1937 və 1978-ci illərdə yeni Konstitusiyalar qəbul edilmişdir.
Xüsusilə 1978-ci il Konstitusiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mühüm bir dəyişikliklə – Azərbaycan dilinin dövlət dili kimi təsbiti ilə fərqlənmişdir. Bu Konstitusiya 1995-ci ilə qədər qüvvədə olmuşdur.
1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilsə də, həmin dövrdə siyasi qeyri-sabitlik səbəbindən yeni Konstitusiya hazırlana bilməmişdi.
Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu və hüquqi dövlət quruculuğu prosesinə başlanıldı.
Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyası tərəfindən hazırlanan layihə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı.
Səsvermədə seçicilərin 86 faizi iştirak etmiş, onların 91,9 faizi Konstitusiyanın qəbuluna səs vermişdir.

Konstitusiyanın Heydər Əliyev irsində rolu
Ulu Öndər Heydər Əliyev Konstitusiyanı Azərbaycanın gələcək inkişafını təmin edən “tarixi sənəd” adlandırmışdır.
O demişdir:
“Biz elə bir layihə hazırlamalı və elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun olsun.”
Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qəbul edilən Konstitusiya hakimiyyət bölgüsü, xalq suverenliyi, insan hüquqlarının təminatı kimi əsas demokratik prinsiplərə söykənir.
Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, iqtisadi və hüquqi islahatların dərinləşməsi dövründə Konstitusiyada bir neçə dəfə dəyişikliklər edilmişdir: 2002-ci il 24 avqust tarixində 24 maddədə 29 dəyişiklik, 2009-cu il 18 mart tarixində 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik, 2016-cı il 26 sentyabr tarixində isə 29 maddədə 41 dəyişiklik edilmiş və Birinci vitse-prezidentlik institutu təsis olunmuşdur.
Bu dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsinə, insan hüquqlarının müdafiəsinə və sosial dövlət prinsiplərinin gücləndirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüququn prinsipləri ilə tam uzlaşır.
Əsas Qanunumuzun üçüncü fəslində təsbit edilən insan hüquqları bölməsi BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlərlə uzlaşır.
Bu, Azərbaycanın beynəlxalq hüquqa, insan ləyaqətinə və azadlıqlarına hörmətini nümayiş etdirir.
Konstitusiya ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymuşdur.
O, qanunların aliliyini təmin edir, vətəndaş cəmiyyətinin inkişafına, ictimai iştirakçılığa, fikir və söz azadlığına şərait yaradır.
Əsas Qanun hər bir vətəndaşın cəmiyyət qarşısında məsuliyyətini və dövlətin vətəndaşa qarşı borcunu hüquqi şəkildə təsbit edir.
1997-ci il oktyabrın 21-də qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında Qanun” və 1998-ci il iyulun 18-də Ulu Öndərin imzaladığı fərmanla bu orqan fəaliyyətə başlamışdır.
Konstitusiya Məhkəməsi ölkədə konstitusiya nəzarətinin təminatçısı kimi çıxış edir, qanunların Əsas Qanuna uyğunluğunu qoruyur və hüquqi sabitliyə təminat yaradır.

Konstitusiyanın gənc nəsil üçün əhəmiyyəti
Konstitusiya yalnız hüquqşünasların və dövlət xadimlərinin stolüstü sənədi deyil, hər bir vətəndaşın, xüsusilə də gənc nəslin həyat bələdçisi olmalıdır.
Bu ali hüquqi sənəd cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən, vətəndaşların hüquq və vəzifələrini tənzimləyən, dövlət-vətəndaş münasibətlərinin əsasını təşkil edən mühüm dəyər sistemidir.
Gənclər ölkənin gələcəyi, dövlətin sabahı olduqları üçün onların hüquqi biliklərinin formalaşdırılması, Konstitusiyanın mahiyyətini dərindən mənimsəməsi dövlətin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Gənc nəsil yalnız öz hüquqlarını deyil, eyni zamanda vəzifələrini, vətəndaş məsuliyyətini də dərindən dərk etməli, Konstitusiyanın prinsiplərini gündəlik həyatında rəhbər tutmalıdır.
Ulu Öndər Heydər Əliyev də gənclərin dövlət quruculuğundakı roluna xüsusi önəm verərək qeyd edirdi:
“Azərbaycanın gələcəyi gənclərdir. Biz elə gənclər yetişdirməliyik ki, onlar müstəqil dövlətimizi qoruyub saxlasınlar, inkişaf etdirsinlər.”
Bu baxımdan Konstitusiyanın gənc nəslə aşılanması təkcə hüquqi maarifləndirmə deyil, həm də milli vətənpərvərlik tərbiyəsinin ayrılmaz hissəsidir.
Müasir dövrdə gənclərin Konstitusiya dəyərlərinə bağlılığı onların dövlətçilik ənənələrinə sadiqliyini, hüquqa hörmətini və cəmiyyət qarşısında məsuliyyət hissini formalaşdırır.
Hüquqi düşüncə tərzinin güclənməsi, vətəndaş fəallığının artması, dövlətin maraqlarının qorunması və milli həmrəyliyin möhkəmlənməsi məhz bu mənəvi və hüquqi tərbiyə ilə mümkündür.
Gənclər üçün Konstitusiyanın öyrənilməsi sadəcə hüquqi bilik qazanmaq deyil, həm də dövlətin əsas sütunlarını anlamaq, onun prinsiplərinə əməl etməklə sağlam və ədalətli cəmiyyətin qurulmasında iştirak etmək deməkdir.
Bu baxımdan təhsil müəssisələrində, ictimai təşkilatlarda və gənclər mərkəzlərində Konstitusiya dəyərlərinin təbliği və hüquqi maarifləndirmə işinin sistemli şəkildə aparılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Azərbaycan gəncliyi bu gün müstəqil dövlətin vətəndaşları kimi öz hüquq və azadlıqlarının təminatçısı olan Konstitusiyanı qorumaq, onu gələcək nəsillərə əmanət etmək məsuliyyətini daşıyır.
Bu məsuliyyət yalnız sözlə deyil, əməllə – qanuna, dövlət rəmzlərinə, milli dəyərlərə və Vətənə sədaqətlə özünü göstərməlidir.
Beləliklə, Konstitusiyanın gənc nəsil üçün əhəmiyyəti onun hüquqi savadını, milli özünüdərki və vətəndaş məsuliyyətini formalaşdırmaqla, gələcəkdə hüquqi və ədalətli cəmiyyətin möhkəmlənməsi üçün əsas yaradır.

 2025-ci il – “Konstitusiya və Suverenlik İli”
2020-ci ildə baş vermiş Vətən müharibəsində Qələbə və 2023-cü il antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.
Beləliklə, Konstitusiyamızın hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar olmuşdur.
Bu böyük nailiyyət və Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmiş, 11 fevral 2025-ci il tarixli Tədbirlər Planı təsdiqlənmişdir.

 “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı
Prezident İlham Əliyevin 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir.
Bu medalla Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə, hüquq sisteminin inkişafına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə töhfə verən şəxslər təltif olunurlar.
Azərbaycan Respublikasının Konstitusiyası — xalqın iradəsinin ifadəsi, dövlət müstəqilliyimizin hüquqi təminatıdır.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə qəbul edilən bu sənəd, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirilmişdir.
Konstitusiyamız ölkəmizin demokratik, hüquqi və sosial inkişafının təminatçısıdır.
Bu gün müstəqil Azərbaycan dövləti Konstitusiyanın prinsiplərinə sadiq qalaraq, öz suveren hüquqları əsasında inamla gələcəyə doğru irəliləyir.
Yaşasın Azərbaycan Respublikasının Konstitusiyası!
Yaşasın güclü, müstəqil və suveren Azərbaycan dövləti!


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az