17 Oktyabr – Füzuli şəhəri günü » Shirvanqazeti.az - Şirvan Qəzeti

17 Oktyabr – Füzuli şəhəri günü


Azərbaycan tarixində 17 oktyabr artıq sadəcə bir təqvim günü deyil – bu tarix həm qəhrəmanlıq, həm qürur, həm də dirçəliş rəmzidir. 2020-ci ilin həmin payız günündə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir çox kəndlərini işğaldan azad edərək, illərlə həsrətində olduğumuz torpaqlara həyat, ümid və sabah işığı gətirdi. Bu gün 17 oktyabr həm də Azərbaycanın yenidən doğuluş günlərindən biri kimi tarixə həkk olunub.

FÜZULİ – TARİXİ VƏ MƏDƏNİ İRSİN BEŞİYİ
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə daxildir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ümumi ərazisi 1386 kvadrat kilometrdir.
Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə Qaryagin rayonu təşkil edilmiş, 1959-cu ilin aprelində isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu tarixən dini-mədəni abidələrlə zəngin ərazi olmuşdur. İşğaldan öncə rayonda bir sıra qədim türbələr və məbədlər mövcud idi. Bunlara Babı kəndində yerləşən XIII əsrə aid səkkizguşəli Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsr qəbiristanlığı ərazisindəki sənduqə formalı qəbirdaşı üzərindəki türbə və XIX əsrə aid Cəlil türbəsi daxildir. Bu abidələr Füzulinin zəngin tarixi və mədəni irsindən xəbər verir.

QƏHRƏMANLIQ SALNAMƏSİ – İŞĞALDAN AZADLIĞA UZANAN YOL
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistanın təcavüzü nəticəsində yüzlərlə insan həlak olmuş, çoxlu sayda mülki və hərbi şəxs itkin düşmüş, rayonun infrastrukturu tamamilə dağıdılmışdır. 5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad olunmuşdur. Lakin şəhərin özü uzun illər işğal altında qalmışdır.
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Füzuli uğrunda döyüşlər ən ağır, eyni zamanda ən qəhrəmanlıq dolu səhifələrdən birinə çevrildi. 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun şücaəti nəticəsində Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğaldan azad edildi. Ümumilikdə 62 yaşayış məntəqəsi düşməndən təmizləndi. Bu qələbə həm hərbi, həm də mənəvi baxımdan müasir Azərbaycan tarixinin dönüş nöqtələrindən biri oldu.
Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq qarşısında düşmən son mərhələdə silahını yerə qoyaraq qaçdı. Hərbi ekspertlər etiraf etdilər ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti, müasir texniki təminat və peşəkar komandanlıqla qısa zamanda bu qələbəni təmin etdi. Məhz bu igidliklərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. 25 mindən çox hərbi qulluqçu bu medalla təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş və həmin sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilmişdir. Bu tarix hər il böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Füzuli azad edilmiş rayonlar arasında minalarla ən çox çirkləndirilmiş ərazilərdən biridir. İlkin hesablamalara görə burada yüz mindən çox mina basdırılmışdır. Bu fakt Ermənistanın müharibə cinayətlərini və vandalizm aktlarını bir daha sübut edir. Hazırda ərazidə minalardan təmizlənmə və bərpa işləri dövlət səviyyəsində geniş şəkildə aparılır.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Füzuli rayonunun yenidən qurulması istiqamətində irimiqyaslı işlər həyata keçirilir. 2023-cü ilin martında “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənmişdir. Rayon ərazisində “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi, eləcə də Köndələnçay su anbarı kompleksi istifadəyə verilmişdir. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara açılmış, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Bu layihələr Füzulinin regionun mühüm nəqliyyat mərkəzinə çevriləcəyindən xəbər verir.

YENİDƏNQURMA VƏ BÖYÜK QAYIDIŞ – DIRÇƏLƏN FÜZULİ
Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanmışdır. İlk mərhələdə 144 ailə doğma yurduna dönmüş, bu proses mərhələli şəkildə davam edir. Bu günə qədər 824 ailə – 3141 nəfər artıq Füzulidə məskunlaşıb. Proqramın birinci mərhələsinin sonunda, 2026-cı ilədək burada 22 min insanın yaşaması nəzərdə tutulur.
Füzulinin bərpası və inkişafında dost və qardaş ölkələrin dəstəyi də xüsusi əhəmiyyət kəsb edir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunmuşdur. Qardaş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə 2024-cü il martın 12-də Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılmışdır. Bu layihələr türk dünyasının həmrəyliyini və qardaşlıq bağlarını bir daha nümayiş etdirir.
Bu gün Füzuli yenidən doğulmuş şəhər kimi dirçəlir. Bir vaxtlar xarabalığa çevrilmiş torpaqlarda indi həyat qaynayır, yeni evlər, məktəblər, yollar, parklar və sənaye obyektləri tikilir. Füzuli artıq təkcə bir coğrafi məkan deyil – bu ad Azərbaycanın qəhrəmanlıq salnaməsində, xalqın yaddaşında əbədi qürur rəmzi kimi yaşayır.
17 oktyabr tarixinin hər il Füzuli şəhəri günü kimi qeyd olunması həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də xalqımızın birliyinin, mübariz ruhunun və sarsılmaz iradəsinin təntənəsidir. Bu gün Füzuli dirçələn Qarabağın, yenidən qurulan Azərbaycanın simvoludur.
Füzuli azadlığı ilə yalnız özünü deyil, bütün bir xalqın ruhunu azad etdi. Vətən müharibəsində qazanılan bu möhtəşəm qələbə Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində mümkün oldu. İndi isə qarşıda duran əsas məqsəd bu torpaqları abadlaşdırmaq, Füzulini müasir, inkişaf etmiş və firavan şəhərə çevirməkdir.

FÜZULİ RAYONUNUN YENİ İNKİŞAF DÖVRÜ
Füzuli rayonu azad edildikdən sonra Azərbaycan dövlətinin diqqət mərkəzinə çevrildi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bölgədə geniş bərpa, yenidənqurma və infrastruktur layihələri həyata keçirildi. 2020-ci ilin noyabrından başlayaraq şəhərdə Azərbaycan bayrağı ucaldıldı, Füzuli–Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlləri qoyuldu və rayonun həyat damarları yenidən canlandı.

2021-ci ilin əvvəlindən Füzuli rayonunda geniş bərpa və infrastruktur işləri həyata keçirildi. 14 yanvar 2021-ci il tarixində Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 27-ci kilometrində həm yeni yolun, həm də Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. Fevralın 14-də Prezident İlham Əliyev Füzuli şəhərinin Baş planını təsdiqlədi, Horadiz–Ağbənd və Ağdam–Füzuli yollarının inşası ilə tanış oldu və 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi keçirildi. Martın 15-də Füzuli–Hadrut avtomobil yolunun təməli qoyuldu.
İyunun 14-də Füzuli rayonunda Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanışlıq həyata keçirildi, Əhmədbəyli–Füzuli–Şuşa və Zəfər yollarında görülən işlər yoxlanıldı, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı edildi və həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonuna səfər etdi. Avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq baş tutdu və Əhmədbəyli–Füzuli–Şuşa Zəfər yolunda son tamamlama işləri yoxlandı.
Oktyabrın 17-də Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, Füzuli–Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak etdi. Noyabrın 26-da isə cəmi səkkiz ay ərzində tamamlanan Füzuli Beynəlxalq Hava Limanı açıldı və Qarabağın “hava qapısı” kimi istifadəyə verildi.

2022-ci ildə Füzuli rayonunda bərpa və inkişaf işləri davam etdirildi. Mayın 10-da Peşə Liseyinin təməlqoyma mərasimi keçirildi, mayın 26-da Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldu. Sentyabrın 27-də Anım Günü ilə əlaqədar dövlət başçısı Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhidlərimizin xatirəsinə ucaldılmış xatirə lövhəsini ziyarət etdi. Noyabrın 7-də isə Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq baş tutdu. Bu il rayonun infrastrukturunun gücləndirilməsi və ictimai obyektlərin yaradılması baxımından əhəmiyyətli mərhələlərdən biri oldu.

2023-cü ildə Füzuli rayonunda infrastruktur və sosial obyektlərin inkişafı sürətlə davam etdi. Mayın 5-də Füzuli rayonunun Pirəhmədli və Dədəli kəndlərində yeni tikinti layihələrinin təməlləri qoyuldu, Füzuli–Hadrut avtomobil yolu istifadəyə verildi. Eyni zamanda, Füzuli yaşayış kompleksində tikinti işləri ilə tanışlıq aparıldı, şəhərin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin təməlləri qoyuldu. Həmçinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi açıldı, 960 şagird yerlik məktəb binasında tikinti işləri izlənildi.
Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuli Beynəlxalq Hava Limanında qarşılandı, həmçinin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı oldu və Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə tanışlıq aparıldı. Şəhərin Baş planı ilə tanışlıq da həmin səfər çərçivəsində həyata keçirildi.
Oktyabrın 16-da Cuvarlı və Qoçəhmədli kəndlərində təməlqoyma mərasimləri keçirildi, Füzuli şəhərində idman kompleksi, ikinci və üçüncü yaşayış kompleksləri, 240 yerlik uşaq bağçası və inzibati binanın təməlqoyma mərasimləri baş tutdu. Oktyabrın 17-də isə “Füzuli Şəhəri Günü” münasibətilə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi. Noyabrın 8-də isə Qarğabazar kəndində təməlqoyma mərasimi həyata keçirildi. Bu il Füzuli rayonunda sosial, təhsil və infrastruktur sahələrində əhəmiyyətli irəliləyişlər müşahidə olundu.

2024-cü ildə Füzuli rayonunda infrastruktur və sosial layihələrin inkişafı davam etdi. Martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna birgə səfər etdilər. Səfər çərçivəsində Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı keçirildi və Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq aparıldı.
Aprelin 25-də Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli rayonuna səfər etdilər, şəhərin dağıdılmış yerlərinə baxış keçirildi və Baş plan ilə tanışlıq aparıldı. Mayın 11-də Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışı oldu, həmçinin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda aparılan işlər və birinci tunelin açılışı izlənildi. Mayın 17-də Prezident İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna səfər etdilər, şəhərin dağıdılmış ərazilərinə baxış keçirdilər və Baş plan üzrə işlərlə tanış oldular.

2025-ci ildə də rayonun inkişafı sürətlə davam etdi. İyulun 3-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu istifadəyə verildi. İyulun 17-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna səfər etdi və şəhərin dağıdılmış yerlərinə baxış keçirdi. Sentyabrın 14-də isə Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndində təməlqoyma mərasimi keçirildi. Bu dövr Füzuli rayonunun sosial, təhsil və infrastruktur sahələrində davamlı inkişafının və bərpa işlərinin uğurla həyata keçirildiyi bir mərhələ kimi tarixə düşdü.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az