4 Oktyabr Cəbrayıl şəhəri günüdür » Shirvanqazeti.az - Şirvan Qəzeti

4 Oktyabr Cəbrayıl şəhəri günüdür


16 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması mərasimində çıxış edərək demişdir: "Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Bu sözlər işğaldan azad olunmuş Cəbrayılın bərpası və inkişafının başlanğıcını simvolizə edən tarixi an kimi Azərbaycan tarixində əlamətdar hadisə olaraq qalır.

 İşğal və dağıntılar
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 52 min nəfərlik əhali və 1050 kvadrat kilometrlik ərazi düşmən işğalına məruz qaldı. Bu dövrdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi-mədəni abidə və 150 mədəniyyət ocağı dağıdıldı. İqtisadiyyat və sosial həyat da ciddi zərər gördü; rayon zəngin təbii sərvətlərə – sement, mərmər, mişar daşı, dəmir filizi və hətta neft yataqlarına malik idi. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur, kənd təsərrüfatı və sənaye müəssisələri bölgənin sosial-iqtisadi həyatında mühüm rol oynayırdı. I Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonundan 362 nəfər şəhid oldu, 191 nəfər əlillik qazandı, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Cocuq Mərcanlı kəndi 1994-cü ildə Horadiz əməliyyatı zamanı azad edildi və strateji yüksəkliklərin azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. 2016-cı ilin aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyi azad edilərək bölgədə həyatın bərpası üçün mühüm addım atıldı.

Cəbrayıl rayonunun işğaldan azad olunması
Cəbrayılın işğaldan azad olunması 2020-ci ilin sentyabr-oktyabr aylarında baş tutdu. İlk olaraq 27 sentyabr tarixində Böyük Mərcanlı və Nüzgar kəndləri, ardınca oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində isə Cəbrayıl şəhəri və 9 kənd – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal azad edildi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayılın azad olunması Azərbaycan Ordusuna digər rayonlarda uğurlu əks-hücuma başlamaq üçün geniş imkan yaratdı. Beləliklə, Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissələri işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə qaytarıldı. Bu əməliyyatlar regionun hərbi və strateji balansını dəyişdirdi və Qarabağın azad edilməsi prosesində önəmli dönüş nöqtəsi oldu.

Qəhrəmanlıq və şəhər gününün təsisi
Cəbrayılın azad olunması əməliyyatında iştirak edən 22 797 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu əməliyyat zamanı Azərbaycan Ordusu yüksək qəhrəmanlıq və şücaət göstərərək düşmənin istehkamlarını məhv etdi, strateji yüksəklikləri ələ keçirdi və Cəbrayıl şəhərini düşməndən azad etdi. İşğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni irsin qorunması, həmçinin insanların öz doğma yurdlarına qayıtması təmin edildi. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması həm tarixi, həm də siyasi əhəmiyyətə malikdir və ölkəmizin suverenliyinin simvolu kimi qiymətləndirilir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təsis edilmişdir. Bu tarix işğaldan azad olunmanın əbədiləşdirilməsi, qəhrəmanların xatirəsinin yaşadılması və regionun yenidən qurulması prosesinin simvolu kimi qeyd olunur.

Yeni dövrdə Cəbrayılın bərpa və quruculuq işləri sürətlə icra olunur, şəhər və kəndlərdə müasir həyat şəraiti yaradılır.
İqtisadi inkişaf və infrastruktur
Cəbrayılın yenidən qurulması və bərpası çərçivəsində regionun iqtisadi potensialı sürətlə artır. 2021-ci il 4 oktyabr tarixində Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, TIR parkı, gömrük, yanacaqdoldurma məntəqələri, avtomobil və digər texnika təmiri obyektləri fəaliyyət göstərəcək. Hazırda investisiya portfeli 140 milyon manat olan 18 rezident və 4 qeyri-rezident sahibkarlıq subyekti qeydiyyatdan keçib.
Regionun elektrik təchizatı da gücləndirilir. 2021-ci ildə istifadəyə verilmiş Cəbrayıl yarımstansiyası kəndlərə stabil enerji təminatı yaradıb. “Azərişıq” ASC tərəfindən Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinə yeni elektrik xətləri çəkilir, bununla da enerji təchizatı həm yaşayış, həm də sənaye obyektləri üçün tam təmin edilir.
Yol infrastrukturu isə Cəbrayılın inkişafında strateji rol oynayır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını birləşdirərək bölgədə nəqliyyat əlçatanlığını təmin edir. Bu yol digər mühüm layihələrin – Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yollarının başlanğıcını təşkil edir. Nəticədə həm sərnişin, həm də yük daşımaları üçün şərait yaradılır, Zəngəzur dəhlizindən keçən beynəlxalq tranzit imkanları genişlənir.
Bu infrastruktur layihələri Cəbrayılın iqtisadi inkişafını sürətləndirir, yeni iş yerləri və sahibkarlıq imkanları yaradır. İqtisadi zonanın fəaliyyətə başlaması ilə region həm daxili bazarın, həm də xarici investisiyanın cəlb olunması üçün əlverişli mühit qazanır və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinə zəmin hazırlanır.

Şəhər və kəndlərin bərpası
Cəbrayılın bərpası “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” əsasında mərhələli şəkildə həyata keçirilir. Şəhərin bərpası 4 mərhələdə planlaşdırılıb: 2026-cı ilin sonuna qədər şəhərdə təqribən 3 800, 2040-cı ilin sonuna qədər isə 15 000 sakinin yaşaması proqnozlaşdırılır. Yaşayış sahələri əsasən az və orta mərtəbəli binalar və fərdi evlər şəklində tikiləcək. Əhalinin 82%-i çoxmərtəbəli, 18%-i isə fərdi evlərdə yaşayacaq.
Kəndlər üzrə bərpa və tikinti işləri:
Böyük Mərcanlı kəndində 2040-cı ilədək 6230 nəfər üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları inşa olunacaq. Kənddə iki məktəb və beş uşaq bağçası fəaliyyət göstərəcək. 2026-cı ilədək birinci mərhələdə 542 nəfər üçün 149 fərdi ev tikiləcək.
Karxulu kəndində 2040-cı ilədək 4428 sakin üçün 940 fərdi və blok tipli evlər layihələndirilir. Kənddə inzibati binalar, klub-icma, ticarət və xidmət obyektləri, məktəb və uşaq bağçaları tikiləcək. 2026-cı ilədək birinci mərhələdə 145 fərdi ev inşa olunacaq.
Sarıcallı kəndində 4740 nəfər üçün 1185 fərdi və blok tipli bina nəzərdə tutulur. Burada inzibati və sosial obyektlər, kənd bazarı, aqrotexniki park və 4 uşaq bağçası tikiləcək. 2026-cı ilədək birinci mərhələdə 242 fərdi ev istifadəyə veriləcək.
Maşanlı kəndində 2360 sakin üçün 590 fərdi ev layihələndirilib. Kənddə məktəb və iki uşaq bağçası tikilərək məşğulluq imkanları yaradılacaq. Birinci mərhələdə 236 ev istifadəyə veriləcək.
Bu planların həyata keçirilməsi ilə Böyük Qayıdış proqramının əsas məqsədi – məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, rahat yaşayış və sosial infrastrukturun təmin olunması – reallaşdırılır. Hər bir kənddə və şəhərdə məktəb, bağça, sağlamlıq və mədəniyyət obyektlərinin tikilməsi əhalinin sosial rifahının artırılmasına xidmət edir.

İlk köç karvanı və yaşayış kompleksləri
Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta qədər Cəbrayıla 659 ailə, yəni 2856 nəfər köçürülüb. Bu proses məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının başlanğıcı olub və onların müvəqqəti məskunlaşdığı yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalardan hərəkət edərək yeni həyat qurmasına şərait yaradıb.
Cəbrayıl yaşayış kompleksi 7,9 hektar ərazini əhatə edir və 33 yaşayış binasından ibarətdir. Bunlardan 7-si beşmərtəbəli, 26-sı isə dördmərtəbəlidir. Kompleksdə ümumilikdə 712 mənzil yerləşir ki, bunların 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı və 168-i dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir.
Bütün mənzillər tam təmirli şəkildə vətəndaşlara təhvil verilir. Hər mənzil mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunub. Yaşayış kompleksində yaşayan ailələr həm komfortlu, həm də müasir standartlara uyğun şəraitdə həyatlarını davam etdirə bilirlər. Bu kompleks həmçinin Böyük Qayıdışın simvolu olaraq Cəbrayılın sürətli bərpası və yeni həyatın başlanğıcını əks etdirir.

2021–2024-cü illərdə Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonuna bir sıra səfərlər edərək bərpa, infrastruktur və iqtisadi layihələrlə tanış olub. Bu səfərlər rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, infrastrukturu bərpa etmək və sakinlərin doğma torpaqlarına qayıtması üçün atılan mühüm addımları əks etdirir.
16 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması mərasimlərində iştirak etmiş, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış şəhərin mərkəzinə baxış keçirmişdir. Bu, Cəbrayılın azad edilməsindən sonra ilk səfərlərdən biri olub və bölgədə bərpa işlərinin başlanğıcını simvolizə edib.
2021-ci ilin fevralında Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkin sahələri üzrə görülən işlərlə tanışlıq olub. Aprelin 26-da isə Cəbrayılın girişində bərpadan sonra “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsinə baxış keçirilib, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılıb və hərbi qulluqçularla görüş təşkil edilib. Oktyabrın 4–5-də Prezident İlham Əliyev müxtəlif infrastruktur layihələrinin, o cümlədən “KamAZ” ASC və “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, “Cəbrayıl” yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, Mehdi Mehdizadə adına tam orta məktəb və ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib. Həmin gün Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş, Memorial Kompleks və şəhərin bərpası ilə bağlı işlərə baxış keçirilib.
20 oktyabr 2022-ci ildə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən Qumlaq stansiyasının təməlqoyma mərasimində iştirak edib. Eyni zamanda ağac əkmə mərasimi, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimləri keçirilib və birgə mətbuat konfransı təşkil olunub.
2023-cü ilin mayında Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulub. Yeni yol Hadrutdan başlayaraq Cəbrayıl rayonundan keçəcək və Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi yoluna birləşəcək. Uzunluğu 43 kilometr olan yol dörd hərəkət zolağı və müasir avtomobil körpüləri ilə inşa ediləcək. Sentyabrda isə İnzibati binanın təməlqoyma mərasimi keçirilib, ilk yaşayış məhəlləsi – Cəbrayıl yaşayış kompleksi işə salınıb, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Rəqəmsal İdarəetmə Mərkəzi açılıb.
2024-cü ilin mayında Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində yeni infrastruktur layihələrinin təməlqoyma mərasimləri təşkil edilib. Mayın 19-da “Xudafərin” hidroqovşağı istifadəyə verilib və “Qız Qalası” hidroqovşağı açılıb. Oktyabrın 3–4-də Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanışlıq olub, Mehdi Mehdizadə adına tam orta məktəb istifadəyə verilib. Həmçinin alkoqolsuz içki istehsalı kompleksi, damazlıq yumurta fabriki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimi və şəhərdə yeni yaşayış kompleksinin açılışı həyata keçirilib.
Bütün bu səfərlər və tədbirlər göstərir ki, Cəbrayılın bərpası Azərbaycan dövlətinin prioritet məsələlərindəndir. Sosial və iqtisadi infrastrukturun gücləndirilməsi, sakinlərin doğma torpaqlarına qayıtması və bölgədə sabitliyin təmin olunması üçün atılan addımlar davam edir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az