Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov növbəti səyyar qəbulunu Əngəxaran kəndində keçirib. Qəbula təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri ilə yanaşı kənd sakinləri də qatılıblar.
Başçı Tahir Məmmədov çıxışında son illərdə ölkəmizdə və rayonda aparılan abadlıq-quruculuq işlərindən, kənd və qəsəbələrdə icra olunan infrastruktur layihələrindən geniş məlumat verib.
Qəbul zamanı sakinlər əsasən fərdi müraciətlərini çatdırıblar. Sual və təkliflər ətrafında geniş müzakirələr aparılıb, qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bəkirov Hilal Məzahir oğlu isə ölkəmizdə, o cümlədən Şamaxı rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Həmçinin bir müddət əvvəl RİH başçısına etdiyi müraciətin həll olunduğu üçün təşəkkürünü ifadə edib.




