“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti (1 oktyabr 2003-cü il).
2003-cü ilin 1 oktyabrında Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti zamanı söylədiyi bu fikirlər bir anda bütün xalqı vahid amal ətrafında səfərbər etdi.
Heydər Əliyev hər zaman olduğu kimi, yenə də Azərbaycan xalqına düzgün olan yolu göstərərək insanları seçkilərdə onun siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırdı.
20 il öncə - 2003-cü il 15 oktyabr seçkilərində xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev öz hakimiyyətinin başlanğıcı ilə həm də Heydər Əliyevlə inkişaf edən Azərbaycanın intibah dövrünün yeni mərhələsinin bünövrəsini qoydu. Məhz həmin seçkilərin nəticəsi olaraq, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevdən sonra hakimiyyətdə özünün inandığı, arxalandığı bir lideri - İlham Əliyevi görürdü.
Müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, möhtərəm cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən, 20 il ötür. 2003-cü ilin 15 oktyabr tarixində demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i (3,046,401 vətəndaş) iştirak etmişdir. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev olmuşdur. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev bundan öncə Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn cənab İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərmişdir. Həmçinin 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına cənab İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. Bütün bu uğurlu fəaliyyətlər isə cənab İlham Əliyevin seçkilərdə qalib gəlməsini şərtləndirən ən əsas amillər olmuşdur.
Ümummilli Lider Heydər Əliyev bilirdi ki, liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Məhz ona özü qədər inandığını və Azərbaycanın gələcəyinə böyük ümidlər bəslədiyinin nəticəsləri bu gün bütün dünya görür.Və bu gün ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.
Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə Prezidenti deyirdi: "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq". Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu.Ən əsas məsələ isə bütün dünyanı bürüyən COVID-19 pandemiyasıdır ki, bu gün Azərbaycan pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Belə ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafının əsas prioritetlərindən birinə çevrildi. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi.
"Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyən Azərbaycan Prezidenti İlham Əliyevin qalib lider olaraq bütün öhdəliklərini reallaşdırmaqdadır. Məhz Ümummilli lider Heydər Əliyev dühası və onun varisi İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. Cənab İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir.Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmədə aparılan islahatlarda əvvəlcə məmur-vətəndaş təmaslarından elektrona, indi isə elektrondan rəqəmsala keçid baş verir. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Çünki cənab İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur. Cənab İlham Əliyev fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Bütün bunlar cənab İlham Əliyevə Azərbaycanı arzuladığı və bəyan etdiyi kimi müasir dövlətə, əhalisinin sosial rifah halında cəmiyyətə çevrilməsinə imkan verəcəkdir.Son 20 il – qalibin məğlub üzərində qələbəsinin qalib lideri İlham Əliyev, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı necə mahir doplomat və sərkərdə qabliyyətini ortaya qoydu. 30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma "Dağlıq Qarabağ" probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində "Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA"-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir.Bu sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən tarixi qələbəsidir! Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməklə yanaşı Ali Baş Komandanımız 44-cü günün son həftə sevincini də xalqına çatdıran Azərbaycan Prezidenti İlham Əliyev cənablarının "Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq!" xəbəri Azərbaycan xalqına verdiyi ən böyük müjdəsidir!
Prezident İlham Əliyevin diqqəti sayəsində məqsədyönlü və ardıcıl regional siyasətin həyata keçirilməsi bölgələrin sosial-iqtisadi inkişaf səviyyəsini yüksəltməyə, yaxşı investisiya mühitini təmin etməyə gətirib çıxarıb. Bölgələrə səfəri zamanı dövlətimizin başçısının xeyir-duası ilə çoxsaylı yeni müəssisələrin fəaliyyətə başlaması bunun sübutudur. Regionların sosial-iqtisadi inkişafı, infrastrukturun müasirləşdirilməsi rayon və şəhərlərdə sahibkarlıq fəaliyyətinin yaxşılaşmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, administrasiya ilə yerli və xarici biznes dairələri arasında sıx əməkdaşlığın qurulmasına yaxşı zəmin yaradır. Bu yanaşma icra və qanunvericilik orqanlarının fəaliyyətinin davamlılığını təmin etməyə, inkişaf təcrübəsinə əsaslanaraq regional inkişafın prioritetlərini rasional formalaşdırmağa imkan yaradır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Partiya tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji əsası olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə və mənimsənilməsinə, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsinə mühüm töhfələr verir.
Yenilikçi və fəal qüvvə olan, daim irəliyə baxan və perspektivi düşünən təbəqənin- sağlam düşüncəli gənclərin vahid seçiminin Yeni Azərbaycan Partiyası olması da təsadüfi deyil. Çünki vətəndaşların ali mənafeyini qoruyan, gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın dünəni, bugünü olduğu kimi, aydın sabahı və parlaq perspektivi olduğunu da öz əməli fəaliyyəti ilə sübuta yetirib.
Azərbaycanın davamlı, dayanıqlı və dinamik inkişafına ardıcıl töhfələr verməyi başlıca strateji vəzifə və fəaliyyət istiqaməti kimi müəyyənləşdirən YAP, həmçinin ölkənin inzibati-coğrafi sərhədlərindən kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.
İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Burada qarşıya qoyulan hədəflərə nail olmağın mexanizmləri öz əksini tapıb. Əsas çağırışlardan biri bu ərazilərinyaşıl enerji zonasına çevrilməsidir. Bu torpaqlar zəngin bərpa olunan enerji resurslarına malikdir. Onlara investisiyaların yatırılması hazırkı dövrün mühüm çağırışlarındandır.
Müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə- 2021-ci il iyunun 15-də daha bir qürur dolu tarix yaşandı,- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Şuşa Bəyannaməsi"ni imzaladılar. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir.
Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilir. Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdi. Düşmən ordusu təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüş, 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".Bu 44 gün həm də Ulu Öndər Heydər Əliyevin Prezident İlham Əliyev haqqında dediyi "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin hər keçən gün bir daha öz təsdiqini tapır.Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi «Qarabağ Azərbaycandır və nida işarəsi»-söyləyən Prezidentimiz son 20 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur. Ən əsası isə, noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılan tarixidir.