Prezident İlham Əliyev: "74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək"


Prezident İlham Əliyev cari ilin 2 oktyabr tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edib
50 ildən sonra Azərbaycan yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Bu dəfə Sovet Hakimiyyətinin tərkibindəki ölkədən fərqli müstəqil, güclü dövlət, Dünya Kosmik klubunun üzvü statusunda.

İlk dəfə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə və onun təşəbbüsü ilə Azərbaycan Beynəlxalq  Astronavtika Konqresinə ev sahibliyi edib. Sayca 24-cüsü reallaşan Konqresə dünyanın 17 ölkəsindən 1500-dən çox nümayəndə, eləcə də kosmonavtlar qoşulub.
Bu mötəbər tədbirə yenidən ev sahibliyi etmək hüququnu Bakı Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilən seçkilər zamanı qazanıb.
Yeri gəlmişkən Azərbaycan 2003-cü ildən Beynəlxalq Astronavtika Federasiyasıının üzvüdür. Hazırda qrum 110 ölkədən, 460-dan çox üzvü  öz ətrafında birləşdirir.
Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.

Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Həmin seçkilərdə Azərbaycan paytaxtı bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.

Prezident İlham Əliyevin 2022-ci il 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Enyi zamanda, Konqreslə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Prezident İlham Əliyev tərəfindən başqa bir Sərəncam da imzalanıb. Həmin Sərəncama əsasən, bu mötəbər tədbirlər əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamında kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Eyni zamanda, Sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.

Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Azərbaycan Reüspublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısı Konqresin açılış mərasimində çıxış edərək çox mühüm məsələrə toxunaraq, Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.

Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib ki, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.

Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bir sözlə, bütün bunlar əslində göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.
Ümid edirəm ki, qonaqlarımızın söylədiklərimi öz gözləri ilə görmək, insanlarla tanış olmaq və Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Bəli, bizim qədim tariximiz var və o, videoçarxda göstərildi. Bizim qədim mədəniyyətimiz var. Lakin müstəqil ölkə kimi biz hələ çox gəncik, cəmi 32 yaşımız var”.
"Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib.

Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.
Prezident İlham Əliyev açılış mərasimində çıxışında vurğulayıb ki, bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib: “Azərbaycan, həmçinin dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Bir çoxları bəlkə də bunu bilmir, ancaq XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib.

Bu gün müstəqil ölkə olaraq, bizim təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi.
Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya və eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir”.
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik: "Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk".

Prezident İlham Əliyev çıxışında söyləyib ki, üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik:” Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü.

Lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Biz uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Biz özünümüdafiə hüququmuzdan istifadə etdik. Biz BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik”.
Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan o beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik», - deyə dövlətimizin başçısı bildirib.
"Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz bu sərvətlərdən güclü iqtisadiyyat qurmaq üçün istifadə edib”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir: «Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla - 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu, həqiqətən də Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür».
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək.

Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.
“Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”, deyə  cənab   Prezident çıxışında vurğulayıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az