Görkəmli yazıçımız Əzizə Cəfərzadənin həyatda qazandığı ən yüksək titul: "Azərbaycan Anası"


Təqvimdə 2023-cü ilin sentyabr ayıdır. Bir az da dəqiq desəm, sentyabırn 4-ü. Maşınımız sürət həddini aşmasa da, mənə elə gəlir ki, mənzilbaşına tez çatmaq istəyir. Amma hər kəsin çöhrəsindən sanki bir qəm yükü asılıb. Heç kim dinib-danışmır. Əslində xəyalən həmsöhbət olduğumuz bir işıqlı sima elə bil bizə təskinlik verir, o yükdən bizi azad etmək istəyir. Bu sükutun içində elə bil o nurlu, işıqlı simanın səsini eşidirik. O səsin şirinliyini kimimiz televiziya ekranlarından, kimimiz radio dalğalarından görüb-eşitmişik. Yəqin ki, aramızda o çöhrəni nə vaxtsa həmsöhbət olduğu xoş, unudlmaz dəqiqələrdən yaddaşında saxlayan da vardı. 

Gözlərim önündəki o şirin danışıqlı, geniş dünyagörüşlü, ziyası ilə ədəbiyyatımızı daha da zənginləşdirmiş bir yaradıcı insanın, həm də Şirvanın kolorıtini bütün incəliyi ilə çöhrəsində, baxışında, davranışında tamamlayan bir insanın doğmalığı hər zaman qürurum olub. Başındakı kələğayısı ilə daha da əziz idi mənə. Yadıma gəlir ki, o, neçə on illər bundan əvvəl Dövlət Televiziyasında "Klassik irsimizdən", "Aşıq Pəri" kimi milli-mənəvi dəyərlərimizə söykənən, onun təbliğini, tamaşaçıların maarifləndirilməsini məqsəd sayan və buna nail olan çoxsaylı proqramların müəllifi və aparıcısı kimi hər evin arzulanan qonağı olardı. Kələğayısı ismət, adət-ənənəmizin, məişətimizin minillərdən gələn nəcib, gərəkli nümunəsi kimi hər kəsin gözünü, könlünü oxşayardı. Uzun illər çalışdığı Azərbaycan Radiosunun Cənubu Azərbaycan redaksiyasında, "Ana" radio jurnalında dilimizin, birliyimizin, müqəddəs duyğularımızın qoruyucusu kimi cəmiyyətdə böyük nüfuz sahibi idi. 

Şamaxı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Qadın Komitəsinin üzvləri ilə   "Yaşam" mərkəzinin  bir qrup qadın əməkdaşının bu yolçuluğunda zaman ötdükcə bir-birimizlə düşüncələrimiz bölüşmək ehtiyacının yarandığını hiss edirəm:

-Əzizə xanımın bu gün anım günüdür. Allah rəhmət eləsin. Çox gərəkli bir iş görürük. Məzarını ziyarətə gedirik. Ruhu şad olsun- deyirəm.   
 İctimai Şuranın qadın komitəsinin sədri Fatmaxanım Quliyeva  söhbətə qoşulur:
-Borcumuzdur. 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində bizdən ayrıldı. Amma Əzizə Cəfərzadənin xatirəsi bu gün də qəlbimizdədir. Onun zəngin ədəbi irsi, bütövlükdə Azərbaycan ədəbiyyatının zənginliyidir. 

-Ona görə Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib- deyir İctimai Şuranın sədr müavini  Nəzakət Abdulrazaqova. Sonra fikrini bir qədər də tamamlayır:-  "Görkəmli yazıçımız "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı- "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. "Xalq yazıçısı" adına layiq görülmüşdü. "Azərtelefilm" Birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkib".

-Əzizə xanımın, bəlkə də ən böyük mükafatı, ən böyük adı "Azərbaycan anası" adıdır. Bu, xalqımızın öz dəyərli övladına verdiyi ən yüksək titul idi- deyə, mən yenidən söhbətə qoşulub yolu "qısaltmağa" çalışıram. 
Elə bu yerdə İctimai Şuranın qadın komitəsinin üzvü Yaqut Səlimova maraqlı bir xatırlatma ilə söhbətimizə daha da maraq qatır:
-Yəqin ki, bilirsiniz- Əzizə Cəfərzadə 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. Respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə gedib. Millətin tarixi, taleyi ilə bağlı problemlərin həllinə çalışıb. Həyatı boyu xeyriyyəçiliklə məşğul olub. İndi getdiyimiz  Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına 1979-cu ildə orta məktəb və klub binası tikdirib. 

M.Ə.Sabir adına ev muzeyinin direktoru Rəqsanə Xəlilzadə  görkəmli yazıçımızın 1981-ci ildə Şah İsmayıl Xətayinin həyat və mübarizə yollarından bəhs edən “Bakı-1501” əsərini yada salır və bu əsərin oxucular tərəfindən rəğbətlə qarşılandığını xatırladır. Deyir ki,  Əzizə Cəfərzadə Şah İsmayıl Xətainin şəxsiyyətində Azərbaycanın itirilmiş dövlətçiliyinin bərpası,parçalanmış məmləkətin birləşdirilməsi, bütövləşdirilməsi amalı dayanır.”Qızılbaşlar” romanında Çaldıran döyüşündən- Sultan Səlimlə Şah İsmayıl Xətayinin arasında gedən müharibə Türk dünyasının yaşadığı faciələrin ağrılığından xəbər verir.

Əzizə Cəfərzadənin Füzuli mövzusuna böyük marağı və bununla bağlı ciddi araşdırmaları olub, elmi tədqiqat əsərləri ərsəyə gətirib. “Eşq Sultanı” romanında yazıçı Füzulinin Şirvandan köçüb getməsini, əslən Şamaxının qədim Bayat kəndindən olmasını təsvir edib. Şamaxı rayonunun Bayat kəndində Füzulinin heykəlinin qoyulması təşəbbüsü Əzizə xanımın adı ilə bağlıdır.

Maraqlı söhbət yolun "damarını qırır". Nəhayət ki, maşınımız mənzilə yaxınlaşdığımızı duyurmuş kimi "nəfəsini dərməyə" çalışır. Sürət azalır. 
Hacıqabul rayonunun Tağılı kəndinə çatanda, sanki içimizdə də bir hərəkətlilik yaranır. Görkəmli yazıçımız Əzizə Cəfərzadənin dəfn olunduğu məzarlığa üz tuturuq. Öz vəsiyyəti ilə son mənzil üçün buranı "seçib"- valideynləri, həyat yoldaşı və qardaşlarının uyuduğu bu məkanı. 

Görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə CəfərzadəninAnım günündə Şamaxıdan- doğma elində dəstə bağladığımız gülləri məzarı üstünə düzürük. Allahdan ona rəhmət diləyirik.  
 
Anım tədbirimizi  İctimai Şuranın sədr müavini Nəzakət Abdulrazaqova davam etdirir. Deyir ki, Əzizə Cəfərzadə, həm bir yazıçı, həm də bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanımın əsərləri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsidir.

Onun yaradıcılığında Şirvanla bağlı mövzular aparıcı xətt təşkil edir. “Aləmdə səsim var mənim” romanında yazıçı yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmaqla bərabər XIX yüzilin Şamaxı mühitini ictimai-siyasi və ədəbi hadisələrin canlı mənzərəsini canlandırıb. 

Mən isə yazıçının 1980-ci ildə qələmə aldığı XX yüzilin əvvəllərində cərəyan edən hadisələrdən söhbət açılan “Yad et məni” romanını yada salıram,- Romanda üç dostun:-Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Ağali Nasehin yaşadıqları həyat həqiqətləri fonunda qələmə alınıb. Yazıçının təbirincə desək, Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Mirzə Ələkbər Sabirin timsalında fədakarlıq və cəsurluq, Ağəli Nasehin şəxsində təvazukarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı bədii detallarla qələmə alınıb. 
Anım mərasiminin iştirakçıları böyük yazıçımız Əzizə Cəfərzadənin yaradıcılığından, onun xalqımızın bədii təfəkkürünün zənginləşməzindəki rolundan, tarixi romanları ilə keçmişimizə saldığı işıqdan ürəkdolusu, sevə-sevə söz açırlar. 
Xalq yazıçısı Əzizə Cəfərzadənin məzar daşına "Bakı-1501" romanından götürülmüş, Şah İsmayılın dilindən deyilmiş:-“Sizə vəsiyyətim-dilimizi, qeyrətimizi, vətənimizi qoruyun”-sözləri həkk olunub. Bu, Əzizə xanımın həm də bizlərə qoyduğu əmanətdir. Əmanəti göz bəbyimiz kimi qoruyağın 
Əzizə Cəfərzadə milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir.

Könül Məmmədova
“Şirvan” qəzetinin baş redaktoru



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az