Şamaxıda 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şamaxı “ASAN Həyat” kompleksində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib.
Tədbir ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramının, IDEA İctimai Birliyinin və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə baş tutub.
Aksiyanın əsas məqsədi kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın təmin olunmasına töhfə verməkdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aksiya çərçivəsində 200 tondan çox kağız tullantısından hazırlanmış “Yaşıl dağ” təqdim olunub. Həmçinin ASAN könüllüləri və məktəblilər tərəfindən tullantı materiallarından hazırlanmış əl işləri, mədəniyyət guşəsi nümayiş etdirilib, müxtəlif musiqi nömrələri təqdim olunub.
7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan idarə və təşkilatlar, vətəndaşlar, eləcə də məktəblilər qoşulublar.
Qeyd edilib ki, “Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində son 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib. Nəticədə 40 800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, ekoloji istiqamətdə 600-dən çox layihə, həmçinin 200-dən çox təmizlik və ağacəkmə aksiyası həyata keçirilib.
Tədbir iştirakçıları ekoloji maarifləndirmənin gücləndirilməsinin, tullantıların çeşidlənməsi və təkrar emalının təşviqinin, xüsusilə gənclərin və məktəblilərin bu prosesə fəal cəlb olunmasının ətraf mühitin qorunmasında mühüm rol oynadığını vurğulayıblar.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az