“Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış növbəti bir məkandır.
Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.
Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən “Nəsimi Bağları” kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.
Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsi (instalyasiyası) də var. Hündürlüyü 21 metr olan abidə (instalyasiya) nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.
Kompleksdə, eyni zamanda, məscid də fəaliyyət göstərir.
Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, həmçinin dünyada ən sürətlə böyüyən ağac növlərindən hesab edilən pavlovniya da daxil olmaqla 150 mindən çox ağac və bitki əkilib.












