Şamaxıda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyeva-nın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İşıqlı düşüncə, sağlam gələcək” adlı regional elmi-praktik konfrans təşkil edilib.
Tədbir TƏBİB-in dəstəyi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransın əsas məqsədi səhiyyə sahəsində müasir yanaşmaların müzakirəsi, tibbi bilik və təcrübə mübadiləsinin aparılması, eləcə də peşəkar əməkdaşlığın gücləndirilməsi olub.
Tədbir çərçivəsində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Daha sonra rəsmi çıxışlar edilib. Çıxış edənlər – Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, TƏBİB rəsmisi Nəzrin Mustafayeva, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Şöhrət Qədimov və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışlarda regionlarda səhiyyə infrastrukturunun inkişafının vacibliyi vurğulanaraq, bu kimi elmi-praktik tədbirlərin həkimlərin peşəkarlığının artırılmasına mühüm töhfə verdiyi qeyd olunub.
Konfransın elmi hissəsində isə müxtəlif multidissiplinar mövzular üzrə məruzələr təqdim edilib. Uzman Dr. Azər Əhmədov oftalmologiyada müasir yanaşmalar və praktik təcrübələr barədə çıxış edib. Digər mütəxəssislər – Uzman Dr. Mədinə Fərziyeva, Dr. Vüsalə Yaşar və Uzman Dr. Zakir Quliyev pediatrik göz xəstəlikləri, diabetik retinopatiya, infeksion xəstəliklərin göz təzahürləri və revmatoloji xəstəliklərdə göz əlamətlərinin erkən diaqnostikası kimi aktual mövzuları təqdim ediblər.
Sonda belə elmi-praktik konfransların davamlı keçirilməsinin səhiyyə sistemində bilik mübadiləsi və peşəkar inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.












