Şamaxıda 12-ci Regional Tibbi Konfrans təşkil olunub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda 12-ci Regional Tibbi Konfrans təşkil olunub


11–12 aprel 2026-cı il tarixlərində Şamaxı şəhərində TƏBİB, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə 12-ci Regional Konfrans keçirilib.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzabəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova və müxtəlif regionlardan gəlmiş həkim-mütəxəssislər iştirak ediblər.
Tədbir çərçivəsində canlı cərrahiyyə nümayiş etdirilib. Əməliyyat professor Qurbanxan Müslümov və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi işlər üzrə müavini Vüsal Sədrayev tərəfindən həyata keçirilib. Canlı cərrahiyyə zamanı iki pasiyent üzərində daşlı xolesistit diaqnozu ilə laparoskopik xolesistektomiya əməliyyatı uğurla icra olunub.
Konfransın elmi proqramı çərçivəsində cərrahiyyədə qanaxmaların idarə olunması, endoskopik və minimal invaziv yanaşmalar, postoperasion ağırlaşmaların idarə edilməsi, invaziv radiologiyanın rolu və digər aktual mövzular üzrə plenar iclaslar və panel müzakirələr keçirilib.
Tədbirin ikinci günündə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında praktiki təlimlər təşkil olunub. Bu təlimlər zamanı lazer proktologiya, cərrahi tikiş, histeroskopiya, anestezioloq-reanimatoloqlar üçün CPR, traxeostomiya və endoskopiya üzrə praktiki məşğələlər keçirilib. Həmçinin tibb bacıları üçün praktiki bacarıqların inkişafına yönəlmiş sessiyalar təşkil olunub.
İki gün davam edən konfrans regionlarda minimal invaziv cərrahiyyənin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi və həkimlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az