Şamaxıda kulturologiya və insan kapitalının inkişafı müzakirə edilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda kulturologiya və insan kapitalının inkişafı müzakirə edilib


Aprelin 10-da Şamaxı şəhərində “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda Kulturoloji Elmi Oxumalar keçirilib. Şamaxı Yaradıcılıq Mərkəzində təşkil edilən tədbir elmi fikir mübadiləsi, yaradıcı yanaşmalar və mədəniyyət sahəsində aktual məsələlərin müzakirəsi baxımından mühüm platforma kimi diqqət çəkib.

Tədbir Şamaxı rayonunun müxtəlif sahələrdə fəaliyyət göstərən ziyalılarını, elm və mədəniyyət nümayəndələrini bir araya gətirib. Görüş “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturologiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant dəstəyi ilə həyata keçirilib.

Elmi oxumalarda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq alim və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, Azərbaycan Turizm və Menecment Universitetinin dekanı, professor Minaxanım Əsədli, həmin universitetin dosenti Vüsalə Məmmədzadə, “Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kulturoloq-yaponşünas Əbülfəz Babazadə və professor Səlahəddin Əyyubov çıxış ediblər.

Çıxışlarda kulturologiyanın cəmiyyətin inkişafında rolu, insan kapitalının formalaşmasında mədəniyyətin əhəmiyyəti və yüksək mədəniyyətli insan modelinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə həmçinin Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əhəmiyyəti xüsusi vurğulanıb. 14 yanvar 2026-cı il tarixli sərəncamla təsdiqlənən bu konsepsiya ölkənin mədəniyyət siyasətinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edir. Sənəddə milli-mənəvi irsin qorunması, mədəniyyət sahəsində müasir yaradıcılıq mühitinin genişləndirilməsi və insan amilinin önə çəkilməsi əsas prioritetlər kimi göstərilir.

Tədbirin sonunda iştirakçılara professor Fuad Məmmədovun müəllifi olduğu “Yüksək Mədəniyyətli İnsan” kitabı təqdim olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az